FOTO - "Bir qədər bəxtimiz də gətirsə, hər şey yaxşı olacaq"

3 İyun 2019 14:00 Qılıncoynatma 668
FOTO - "Bir qədər bəxtimiz də gətirsə, hər şey yaxşı olacaq"

"Təbii ki, çox şadam və bu, ilk ciddi uğurumdu.

Bu cür qarşılanma mərasimi də çox xoşdur".

Sportinfo.az xəbər verir ki, bunu Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək qılıncoynadanlar arasındakı Avropa çempionatında qızıl medal qazanan Azərbaycan sablyaçısı Anna Başta Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı deyib.

Tarixi nailiyyətə imza atan Başta final döyüşünün çətin alındığını bildirib: "Döyüşün gedişində qələbəyə daha yaxın olduğumu hiss edirdim.

Görüşün sonlarında üstünlüyü bir qədər əldən verdim. Hətta italiyalı rəqibimin hesabı bərabərləşdirmək şansı da var idi. Lakin sonda hər şey mənim üçün yaxşı qurtardı”.

Baş məşqçisi Çingiz Mustafayev isə arxayınlaşmayacaqlarını vurğulayıb: “Çempionatdan öncə də uğurlu nəticəyə ümid edirdik.

Arxayınlaşmaq olmaz. Artıq olimpiya təsnifat mərhələsinə verilib. Qarşıdakı aylarda bizi böyüklər arasında dünya və Avropa çempionatı gözləyir.

Hazırlığımız plan üzrə gedir. Bir qədər bəxtimiz də gətirsə, hər şey yaxşı olacaq".

Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Vasif Məmmədov isə bu uğurun kollektiv əməyin sayəsində mümkün olduğunu bildirib:

“Böyük və məsulliyətli yolun başlanğıcındayıq. Gələcəkdə qələbələrimiz daha çox olacaq. Düşünürəm ki, yaxşı komandamız formalaşıb.

Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə bizə dəstək olduqları üçün təşəkkür edirəm.

Təbii ki, bu uğurun qazanılmasında federasiyamızın hər bir üzvünün əməyi var. Çempionluq kollektiv əməyin nəticəsidir. Hamıya təşəkkür edirəm”.

Xatırladaq ki, Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək qılıncoynadanların Avropa çempionatında Azərbaycan 2 idmançı ilə təmsil olunub.

Qadın sablyaçıların yarışında Anna Başta finalda İtaliya təmsilçisi Lusia Lukarini üzərində 15:12 hesablı qələbə qazanıb.

Qrup mərhələsini 3 qələbə ilə başa vurmaqla pley-offa yüksələn dünya birinciliyinin bürünc mükafatçısı Ruslan Həsənov isə 1/32 finalda ispaniyalı Yevgeni Qavaldaya 14:15 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti