Federasiya ilin yekunu ilə bağlı ümumi yığıncaq keçirdi

29 Dekabr 2018 10:00 Qılıncoynatma 747
Federasiya ilin yekunu ilə bağlı ümumi yığıncaq keçirdi

Azərbaycan Qılıncoynatma Federasiyasının ilin yekunu ilə bağlı ümumi yığıncağı keçirilib.

Sportinfo.az xəbər verir ki, yığıncaqda AQF-nin vitse-prezidentləri Fikrət Zeynalov və Fərhad Kasimov, baş katib Vasif Məmmədov, İcraiyyə Komitəsinin üzvləri Balaş Qasımov və Yusif Hüseynov iştirak edib.

Kollektivi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edən baş katib Vasif Məmmədov cari ildə qılıncoynadanlarımızın müxtəlif beynəlxalq turnirlərdə, dünya və Avropa çempionatlarında, Dünya Kuboku kimi məsul yarışlarda iştirak etdiyini, həmçinin mütəmadi olaraq ölkə xaricində təlim-məşq toplanışlarına yollandığını bildirib.

Vasif Məmmədov çıxışında növbəti ildə yerli məşqçilərlə yanaşı, beynəlxalq təcrübəyə malik mütəxəssislərin də federasiya ilə əməkdaşlığa cəlb olunacağını deyib.

Bundan əlavə, artıq qılıncoynatma üçün nəzərdə tutulan yeni geyim ləvazimatlarının alındığını qeyd edən Vasif Məmmədov gələcəkdə təkmilləşmə məqsədilə nizamnamədə dəyişikliklərin edilməsi məsələsinə baxıla biləcəyini, nizam-intizam məsələlərinə daha ciddi yanaşılacağını söyləyib.

Baş katib qılıncoynatmanın ölkə daxilində coğrafiyasının genişləndirilməsinin, növbəti ildə yeni bölmələrin açılmasının AQF-nin əsas inkişaf istiqamətlərindən biri olduğunu qeyd edib.

Bir il ərzində federasiyada böyük işlər görüldüyünü diqqətə çatdıran vitse-prezident Fikrət Zeynalov isə Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Mikayıl Cabbarovun adından tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

Vitse-prezident Fərhad Kasimov isə Azərbaycanda qılıncoynatmanın qədim ənənələrə malik olduğunu və hazırda görülən işlərin AQF-nin düzgün istiqamətdə işlədiyinin göstəricisi kimi vurğulayıb.

İnteraktiv şəkildə keçirilən iclasda məşqçilərlə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Gələcək üçün hədəflər müəyyənləşdirilib.

Digər Xəbərlər
Xəbər Lenti