Sillə kimi cavab! “Rusiyada heç vaxt “Qarabağ” olmayacaq, qoy kin püskürsünlər”

09:40 Qarabağ 465
Sillə kimi cavab! “Rusiyada heç vaxt “Qarabağ” olmayacaq, qoy kin püskürsünlər”

Rusiyalı futbol rəsmisi Aleksandr Şikunov “Qarabağ” haqda xoşagəlməz sözlər, hədyan söyləyib.

“Spartak”ın sabiq direktoru bildirib ki, guya Rusiya klubları iştirak etsəydi, Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazana, “Qarabağ” kimi komandalar kənarda qala bilərdi.

Bu barədə o, Euro-Football.Ru onlayn nəşrinə müsahibəsində deyib.

“Bütün bu “Qarabağ” və “Bodo Qlimt” komandaları pley-offa bizim komandalar orda olmadığı üçün vəsiqə qazanıblar. Bunlar hamısı bizim yerlərimizdir. Biz “Kayrat” və “Qarabağ”ın səviyyəsini bilirik.

Artıq Rusiya Premyer Liqasında oynamış oyunçularımız hazırda “Kayrat”da oynayırlar və əla nəticələr göstərirlər”, - Şikunov kinayəli şəkildə bildirib.

"Qarabağ" Çempionlar Liqasının 1/32 final mərhələsində fevralın 17-i və 24-ü tarixlərində “Nyukasl” (İngiltərə) ilə qarşılaşacaq.

Görəsən Şikunov nə çərənləyir? Doğrudanmı “Qarabağ” hansısa Rusiya klubunun yerini tutub, yoxsa “pişiyin ağzı ətə çatmayanda...” məsələsidir?

Tanınmış idman yazarı Natiq Muxtarlı musavat.com-a bildirdi ki, Şikunovun dedikləri sırf rus şovinizminin təsiri ilə bağlıdır:

“Rusiyada futbol həmişə zəif olub, SSRİ vaxtında da belə idi.

Ruslar daim futbolda ukraynalılara məğlub olurdular. SSRİ vaxtı Avropada Kiyev “Dinamo”suna hörmət edilirdi.

Çünki Avropada kubokları bu komanda qazanır, “Qızıl top”ları da ukraynalı futbolçular əldə edirdilər.

Ruslar təkcə Lev Yaşinlə fəxr edə bilərlər, vəssalam. SSRİ yığmasının özəyini də ukraynalılar təşkil edirdi.

Təsadüfi deyil ki, SSRİ yığması haqda “Spartak”ın oyunçuları hesabına zəiflədilmiş Kiyev “Dinamo”su deyimi var idi.

Rusiya klubları SSRİ dağılandan sonra iki dəfə UEFA kubokunu qazanıb. Amma rus futbolçuların yox, legionerlərin sayəsində. Ona görə də Şikunov rus futbolçularla öyünməsin.

Rusiya klubları sırf ruslardan ibarət olsa, heç vaxt ÇL-in qrupunda ola bilməzlər. Və Rusiyada heç vaxt belə kasad büdcə ilə “Qarabağ” kimi komanda formalaşdırmaq mümkün olmaz.

Bu, birmənalıdır. Rusiya şovinizmi özündən böyük tanımır. Baxmayaraq ki, onların heç bir böyüklüyü də yoxdur.

Ona görə də Şikunovun ironiyasını ciddiyə almaq lazım deyil. Tipik rus şovinizmidir, qonşunun uğurunu heç cür qəbul edə bilmir, bu şovinizm”.

İdman mütəxəssisi haqlı suallar da ünvanladı:

“Ruslar beynəlxalq yarışlardan kənarlaşdırılana qədər Çempionlar Liqasında nə ilə yadda qalıblar? Heç nə ilə.

Hərçənd, 200-300 milyonluq büdcələri olub. İstər “Zenit”in, istərsə də, ÇSKA-nın. Amma qapazaltı olublar.

Yalnız ikinci dərəcəli Avropa turnirlərində nəsə ediblər İndi də onları Avropada yaxın buraxmırlar və düz də edirlər.

Ona görə də kin püskürürlər. Özü də qonşularına. Qoy püskürsünlər, nə qədər ki, kin püskürürlər, o qədər eybəcər görünürlər.

Rusiyada heç vaxt “Qarabağ” olmayacaq. Kasad büdcə ilə belə “Qarabağ”ı qurmaq üçün ilk növbədə ruh lazımdır, milli ruh. Rus şovinizmi məhz bu ruhdan xalidir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti