“Qarabağ” “Barselona”, PSJ, “Yuventus”, MY kimi nəhəngləri necə qabaqlayır?

5 İyun 2024 20:00 Qarabağ 956
“Qarabağ” “Barselona”, PSJ, “Yuventus”, MY kimi nəhəngləri necə qabaqlayır?

Başa çatan mövsümü “Qarabağ” tarixinin ən uğurlu “futbol ili” adlandıra bilərik.

Ağdamlılar 2023/24 sezonunda Azərbaycan çempionu oldu, ölkə kubokunu qazandı, Çempionlar Liqasında başladığı mübarizəni Avropa Liqasının 1/8 final mərhələsinə qədər daşımağı bacardı.

Daha bir maraqlı məqam “köhlən atlar”ın cari mövsümdə keçirdiyi rəsmi oyunların sayıdır.

Qurban Qurbanovun rəhjbərlik etdiyi kollektiv Premyer Liqada 36, Azərbaycan kubokunda 6, Çempionlar Liqasında 4, Avropa Liqasında 14 oyun keçirib.

Bu, 2023-cü ilin iyulun 11-dən 2024-ci ilin iyunun 2-nə kimi ümumilikdə 60 oyun deməkdir. İndiyə qədər klubun tarixində rəsmi oyunlarda bu cür göstərici olmamışdı.

Qış fasiləsindəki bir aylıq fasiləni nəzərə alsaq, “Qarabağ” mövsümün 10 ayını aktiv fəaliyyətdə olub. Bu isə hər aya orta hesabla 6 oyun deməkdir.

Bu cür sıx qrafikdə mübarizə aparan komandanın “qızıl dubl” edərək Avropa Liqasında 1/8 final mərhələsinə qədər irəliləməsi alqışlanmalıdır.

Maraq üçün bildirək ki, 2023/24 mövsümündə “Barselona” və PSJ 53, “Mançester Yunayted” 52, “İnter” 49, “Yuventus” 43 rəsmi oyun keçirib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti