Şənbədən bu yana özümə gələ bilmirəm.
Həmin gün Rauf Cabbarovun “Zirə” – “Sabah” oyununun son saniyələrində topun qapı xəttini Amin Seydiyevdən çıxdığını görməyib qapıdan zərbə təyin etməsi və epizodun davamında qonaqların penalti qazanaraq qələbə topunu vurması Rəşad Sadıqovu elə görkəmə salmışdı ki...
“Zirə”nin baş məşqçisinin mətbuat konfransında etdiyi üsyanı tanıyıb-bilməyən adam eşidib-görsəydi, Allah bilir nələr düşünərdi. Elə mən də üç gecədir üsyanın təsiri altındayam. Sadıqovun səsi qulaqlarımı cingildədir.
Rauf Cabbarovla Rəşad Sadıqovun vəziyyətini düşünə-düşünə gözlərimi təzəcə yuxuya vermişdim ki, bu ikilinin “Zirə”nin paltardəyişmə otağının qarşısında mübahisə etdiyini gördüm.
Birinin dediyi o birinin boğazından keçmirdi. Raufa da halaldır, çiyinləri Azərbaycan futbolunun yükünü daşımaqdan yorulan Rəşad bəyin bütün iradlarına artıqlaması ilə cavab verirdi.
- Rauf, nədir bu? Bu, nədir? De də, de görüm.
- Nə olub axı?
- Yekə kişisən, görmədin ki, top Amindən meydandan çıxdı. Niyə korneri vermədin?
- Rəşad, səbrli ol. Qulaq as. Həyatda hamının səhvi olur. Sənin səhvin yoxdur guya?
- Nə səhv, ay kişi, nə səhv?
- Birinci səhvin odur ki, oyun qurtaran kimi “CBC Sport”un əməkdaşının sualına kobud reaksiya verirsən. Sən baş məşqçisən, elə etməməlisən. Sən elə edəndən sonra rəhbərlik etdiyin futbolçuların betərini edəcək.
- Əcəb edirəm. Görmürsən nə sual verir. Jurnalistdir, normal sual versin. Əsəbiləşmişəm, ağzına gələni danışır.
Rauf başını yelləyib getmək istəyəndə Sadıqov arxadan gödəkçəsindən tutub saxlayır:
- Hara gedirsən e?
- Rəşad, əlini çək. Dedim axı, həyatda hamı səhv edir. Sən də səhv edirsən, vallah.
- Yox. Etsəm, mətbuat konfransında çıxıb deyərəm ki, bu oyunu mən uduzdum. Filan-filan şeyləri düz etmədim. Mənim səhvim-zadım yoxdur.
- Necə yəni yoxdur? 44-cü dəqiqədə Elvin Camalova “qırmızı” göstərmişdim. Təxminən 50 dəqiqə say üstünlüyündən istifadə edib qol vurmaq bir tərəfə, təhlükəli vəziyyət yarada bilmədiz e. İndi məndən nə istəyirsən?
- Ə, mənə nağıl danışma. Vurmamışıq, özümüz bilərik. Sən yaxşı hakim olsaydın vurardıq. Görürsən 10 nəfərlə 11 nəfəri uda bilmirik, bitir də oyunu. Hara uzadırsan?
Cabbarov Sadıqova söz çatdırmayacağını başa düşüb bu dəfə iri addımlarla uzaqlaşmaq istəyir. “Zirə”nin baş məşqçisi qaçıb hakimin qarşısını kəsir. Bu dəfə daha sərt formada:
- Rauf, gözlərimin içinə bax. Sənə sual verirəm, niyə uduzdurdun bizi? İndi mən rəhbərliyə nə deyim? O qədər büdcə ayrılıb, hər il nə qədər futbolçu gətirib-göndəririk, ortada heç nə yoxdur. Məndən nəticə tələb edirlər, başa düşürsən?
- Səni yaxşı başa düşürəm. Vallah, həmin səhvlər Ayxan Abbasovun, Şahin Diniyevin, Murad Musayevin komandalarına qarşı da olur. Amma onlar sənin kimi davranmır axı.
- Onlar özləri bilər. Mənə ləzzət eləmir. Xeyir ola sizə görə mən nəticə verməməliyəm?
- Rəşad, atam Gülağa kişinin canına and olsun, “Zirə”nin 20 oyunda 13 qol vurmasının, 7 oyundur qələbə qazana bilməməsinin səbəbi hakimlər deyil. Qardaş, bu mövsüm hakimlər “Zirə”nin iştirakı ilə keçirilən oyunlarda rəqib futbolçulara 4 dəfə qırmızı vərəqə göstəriblər və bunların ikisində sənin komandan qələbə qazanıb. Arada özündə də səhv axtar.
- Yox e, mənim haqqımı yeyirsiz. İstəmirsiz mən uğur qazanıb qabağa gedim, adım dillərdə gəzsin. Hamınız mənim kölgəmdən qorxursuz. Biri elə sən, cavab ver də, korneri niyə vermədin?
- Sən yaxşı futbolçu olmusan, ad-san qazanmısan. Amma bu, o demək deyil ki, məşqçilikdə də xarüqələr yaratmalısan. Bəlkə də nə vaxtsa alınacaq səndə, amma vallah, bu gün üçün hələ o dərəcədə inkişaf etməmisən. Səbrli olmağı bacar, özündə səhv tapmağı öyrən, məğlubiyyəti jurnalistin, hakimin, azarkeşin üstünə atma. Futbolçu Rəşad Sadıqovun eqosunu kənara qoy, uğur özü səni tapacaq. Jurnalisti kobudladın, hakimlərdən etiraz etdin. Yaxşı, azarkeşin nə günahı vardı?
- Hansı azarkeşin?
- Mən VAR-a baxmağa gedəndə tribunada bir nəfərə barmaq silkələmisən, kiməsə “getmə, orada gözlə” demisən.
- Əcəb eləmişəm. Gic-gic danışırdı, cavabını verdim. Elə bilməsin ki, ağzına gələni danışmaq olar.
Rauf deməyə söz tapmır. O, susur, Sadıqov təzyiq edir. Narazılıq, etiraz, səs-küy....
Açığı, söhbətin davamı yadımda deyil. Gözlərimi açan kimi evin ağ tavanını görüb başa düşdüm ki, bayaqdan qulaq şahidi olduğum söhbət yuxu, irreal mənzərə imiş.
Təki həqiqətə çevrilməsin.
HƏBİB

