ABŞ Bakı və İrəvan üçün yekun sülh sənədi hazırlayır - Burada nələr var?

8 İyun 2023 15:50 Gündəm 493
ABŞ Bakı və İrəvan üçün yekun sülh sənədi hazırlayır - Burada nələr var?

Üç gün sonra - iyunun 12-də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin moderatorluğu ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh sənədi ətrafında danışıqların növbəti çoxgünlük raundu başlayacaq.

Budəfəki müzakirələrin daha məhsuldar olacağı gözlənilir. Ona görə ki, yaxşı nəticə üçün artıq effektli platforma mövcuddur.

İkincisi, hiss olunur ki, Birləşmiş Ştatlar prosesə ciddi töhfə vermək niyyətindədir və prosesi sürətlə irəli aparmağa çalışır.

Üçüncü yandan, iyunun 1-də liderlərin Kişinyovdakı beştərəfli görüşü də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dediyi kimi, Vaşinqton danışıqları üçün əlavə hazırlıq xarakteri daşıyıb.

Siyasi təhlilçilər Vaşinqton və Brüssel platformalarında danışıqları məhz eyni prosesinin tərkib hissələri sayırlar. Nəzərə alsaq ki, gələn ay - iyulun 21-də Brüsseldə Mişelin vasitəçiliyi ilə İlham Əliyev və Nikol Paşinyan arasında daha bir üçtərəfli görüş planlaşdırılır, o zaman həqiqətən daha yaxşı nəticəyə ümid bəsləməyə dəyər.

*****

Bəs proses nə qədər vaxta öz məntiqi sonluğuna çatacaq?

İran və Rusiya əbədi dost ola bilərmi? - Tehrandan baxış

Suala cavab yəqin ki, ilk növbədə Rusiya və bir də İranın mövqeyindən asılı olacaq. Müşahidələr göstərir ki, Azərbaycan və Ermənistan arasında böyük sülhdə maraqlı olmayan əsas iki dövlət var - Rusiya və İran. Moskvanın əndişəsinin səbəbi məlum: şimal qonşumuz Bakı-İrəvan və Ankara-İrəvan sülh anlaşmalarından sonra bölgədə öz hərbi mövcudluğunu əvvəlki kimi sürdürə bilməyəcək. Rusiya bazalarının Ermənistandan çıxarılması artıq zaman məsələsinə çevriləcək. Qarabağdakı sülhməramlı kontingentin taleyi də həmçinin.

Sülhməramlılar Azərbaycandan hətta daha tez - 2025-ci ilədək çıxarıla bilər. Çünki faktiki 10 noyabr (2020) sənədi məhz Rusiyanın günahı ucbatından (reallaşmamış qalan 4 və 9-cu bəndlər, separatçılara dəstək) işləmir. Qanunsuz erməni silahlı dəstələrinin taleyi isə sülh müqaviləsinin imzalanmasından az sonra və ya onun fonunda öz həllini tapa bilər.

İrana gəlincə, əgər Ermənistanın Azərbaycan və Türkiyə sarıdan narahatlığı qalmayacaqsa, əlaqələr qaydaya düşəcəksə, kommunikasiyalar açılacaqsa, o zaman İrəvanın da Tehrana xüsusi ehtiyacı qalmayacaq. Başqa yandan, molla rejimi şübhə yox ki, Azərbaycanın Ermənistanla problemləri yoluna qoyub bölgədə daha da güclənəcəyindən və Güneyə öz təsirini artıracağından əndişəlidir.

Rusiyanın missiyası niyə yekunlaşdı: Kreml sülh prosesinin həlledici  mərhələsində olmayacaq

Sülh prosesinin uğurlu yekunlaşması isə əksinə, Qərbin, özəlliklə ABŞ-ın marağındadır. Sadalanan səbəblərdən və xüsusən də Rusiyanın Ukraynada işlərinin pis getdiyi bir vaxtda Vaşinqton tərəfdən sülh danışıqlarının intensivləşdirilməsi tamamilə gözləniləndir...

*****

Politoloq Məhəmməd Əsədullazadəyə görə, Azərbaycan və Ermənistan arasında sülh üzrə yekun sazişin mətni ABŞ-ın vasitəçiliyi ilə hazırlanacaq. Onun sözlərinə görə, xarici işlər nazirlərinin növbəti Vaşinqton görüşündə həmin mətn razılaşdırılacaq: “İndiyədək sülh müqaviləsinin mətnini Ermənistanın irəli sürdüyü qəbuledilməz təkliflərə görə razılaşdırmaq mümkün olmur. Nikol Paşinyan danışıqlarda "Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi" məsələsini qabartmağa və sazişə salmağa çalışır. Amma yekun mətndə bu məsələ yer almayacaq. Prosesi ləngidən başqa bir məsələ İrəvanın anklavlarla bağlı mövqeyi və qoşunların sərhədlərdən “güzgü prinsipi” ilə bağlıdır. Verdiyi vədləri birinci elə Ermənistanın özü yerinə yetirmir. Bunlar da sülh müqaviləsinin bağlanmasını gecikdirir. ABŞ sazişin tezliklə imzalanmasında maraqlıdır. Bu baxımdan, ABŞ-dan Ermənistana təzyiq edildiyi istisna deyil".

Politoloq hesab edir ki, Ermənistan siyasətində dəyişikliyə gedən ABŞ İrəvanın əsassız iddialarından geri çəkilməsinə nail olmağa çalışır: “Təsadüfi deyil ki, nazirlərin mayda Vaşinqtonda dördgünlük müzakirələrindən sonra Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bəyan etdi. İndi xarici işlər nazirlərinin növbəti görüşündən sonra Ermənistan baş naziri bunu rəsmən, sənəd üzərində də qəbul edə bilər. Sülh müqaviləsinin ilin axırına kimi imzalanacağını düşünürəm”.

Xatırladaq ki, Vaşinqton görüşü ərəfəsi Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan “Qarabağın statusu”nun müzakirə edilmədiyini (bunun Ermənistanın müzakirə edəcəyi məsələ olmadığını) və ilin axırınadək müqavilənin bağlanmasının mümkünlüyünü vurğulayıblar.

“Bu baxımdan Ararat Mirzoyanın açıqlaması daha diqqətçəkəndir. O bildirdi ki, İrəvan Qarabağ ermənilərinin gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün mandat almayıb, buna görə də onların ”status"unu müəyyən etməyə hüququ yoxdur. Qənaətimcə, sülh prosesində ciddi irəliləyiş var", - ekspert bildirib.

Onun fikrincə, Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə dəvət edilməsi də sülh üçün qapının aralandığını göstərə bilər: “Ankarada həmçinin Prezident İlham Əliyevlə Paşinyanın qeyri-rəsmi görüşü müsbət atmosferdə keçib. Türkiyə paytaxtında müəyyən məsələlərin razılaşdırıldığı istisna deyil”.

*****

On Joseph Epstein | The New Criterion

Cozef Epşteyn

“Ermənistan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımağa hazır olduğu halda iki Cənubi Qafqaz ölkəsi arasında 30 ildir davam edən münaqişə, nəhayət, çözülə bilər. Bakı qalib gəldi və indi regionda sabitlik hökm sürəcək”.

Bunu isə Yaxın Şərq Həqiqəti Fondunun (EMET) analitiki və əməkdaşı Cozef Epşteyn deyib (Caliber.az).

“Lakin Qafqazda sülhün olması iki gücün - İran və Rusiyanın maraqlarına uyğun deyil. Hər iki ölkə, xüsusən də İran güclü və sabit Azərbaycanı təhlükə olaraq görür. Tehran Bakı ilə Təl-Əviv arasında hərbi əməkdaşlıqdan, onun regional rəqibi - Ankaranın güclənməsindən, eləcə də Azərbaycanın İranda yaşayan azərbaycanlıların milli azadlıq hərəkatındakı potensial rolundan narahatdır. Moskva da öz növbəsində "sülhməramlı" rolunun əhəmiyyətsizləşməsindən sonra regionda təsirini itirməkdən qorxur. Həm İran, həm də Rusiya Azərbaycanın enerji cəhətdən güclənməsinə qarşıdır", - deyə analitik vurğulayıb.

Qeyd edilənləri rezume şəklində yekunlaşdırsaq, bu qənaətə gəlmək olar ki, Bakı-İrəvan sülh danışıqları artıq həlledici, yaxud kritik mərhələyə girib. Əgər Ermənistan Tehran və Moskvanın diktəsi ilə bu prosesi pozarsa, bədəlini çox ağır ödəyə bilər. Çünki masada indi həm də ABŞ-ın imicidir. Paşinyan “Qərbin adamı” olduğunu sübut eləməlidir. Əməldə...

Digər Xəbərlər
Xəbər Lenti