"Bizi Qarabağa heç kəs məcburi aparmamışdı, öz istəyimizlə getmişdik"

19 Oktyabr 2021 16:30 Bizimkilər 573
"Bizi Qarabağa heç kəs məcburi aparmamışdı, öz istəyimizlə getmişdik"

“Müharibə zamanı fədakarlıq göstərmiş həkimlərin də fəaliyyətini biz gərək qeyd edək.

Doğrudan da həkimlər gecə-gündüz yorulmadan, o ağır şəraitdə, çətin şəraitdə öz həyatlarını risk altına ataraq yaralılara qulluq edirdilər”.

Bu sözləri ölkə Prezidenti İlham Əliyev ötən həftə Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib. Prezident qeyd edib ki, şəhidlərimizin sayının çox olmamasının səbəblərindən biri də ön cəbhədə fəaliyyət göstərən həkimlər olub.

Ötən il sentyabrın 27-dən başlanan 44 günlük Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Bu qələbədə əsgərlər qədər onlarla çiyin-çiyinə öz vəzifə borcunu ləyaqətlə və fədakarlıqla yerinə yetirən tibb işçilərinin də böyük xidməti var.

Bir sözlə, 44 gün boyunca cəbhədə qəhrəmanlıq və şücaət göstərən təkcə hərbi qulluqçular olmadılar, bu sırada həkimlər, kiçik tibb işçiləri də var idi. Çox təəssüf ki, onların arasında əsgərlərimizi xilas edərkən özləri də şəhid olanları var.

Məlumata görə, ümumilikdə 42 tibb işçisi xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Onlardan 9-u həkim, 7-si feldşer, 26-sı sanitardır.

Vətən müharibəsində şəhid olan tibb işçiləri - 9 həkim, 7 feldşer, 26  sanitar - 7Times.Az – Son Xəbərlər, Dünya Xəbərləri və Multimedia

Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışova da tibbi işçisi olub. Azərbaycan Ordusunun çavuşu, hərbi feldşer Arəstə Baxışova Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib.

2020-ci il oktyabrın 23-də Qubadlı uğrunda döyüşlərdə növbəti dəfə yaralı əsgəri döyüş meydanından çıxaranda aldığı güllə yarasından şəhid olub. Prezident İlham Əliyevin sərəncamına əsasən, Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Azərbaycan Tibb Universitetinin məzunları olmuş tibb xidməti polkovnik-leytenantı Rasim Abdullayev, tibb xidməti leytenantı Azər Şəmilov, tibb xidməti leytenantı Turqut Xəlilbəyli, tibb xidməti leytenantı Adil Əfəndiyev, tibb xidməti leytenantı Mirlətif Ağayev, tibb xidməti kapitanı Anar Məmmədov, tibb xidməti giziri Eldar Abdullayev, tibb xidməti baş leytenantı Nurlan Fərəməzov, tibb xidməti baş leytenantı Şöhrət Qasımov, tibb xidməti leytenantı Tariyel Salmanov şəhid tibb işçiləridir.

Müharibə bitdikdən sonra ön cəbhədə xidmət göstərmiş həkim və tibb işçiləri dövlət tərəfindən mükafat və fəxri fərmanlarla təltif olunublar. Lakin müharibə bitsə də həkimlərin işi bitməyib. Hələ neçə-neçə qazilərimiz öz müalicələrini davam etdirir, həkimlərin sayəsində yenidən sağlamlıqlarına qovuşmağa çalışırlar.

Bayram Qorçiyev:

Müharibə zamanı ön cəbhədə fədakarlıq göstərmiş həkimlərdən biri “City Hospital”ın baş həkimi, travmatoloq Bayram Qorçiyevdir.

Həkim Qorçiyev 44 günlük Vətən müharibəsinin ilk günündən yaralı əsgərlərimizə xidmət göstərib:

“Sentyabrın 27-dən etibarən hərbi hospitalda xidmətə başladım. Müharibənin elə ilk günlərindən çox sayda yaralılar gətirilirdi. Onlardan kimisinin əli, kimisinin ayağı, kimisinin isə bir çox ətrafı kəsilmişdi, ya gözləri kor olmuşdu, ya da kəllə və ya daxili orqanlarının travmaları, sümüklərin, oynaqların, damarların zədələnməsi var idi. Dərhal işə keçib birbaşa ixtisaslı həkim yardımı göstərirdik. İlk günlərdə hospitalda o qədər də böyük qüvvə yox idi. Lakin buna baxmayaraq, personalımızın öz gücünə avadanlıqlar, aparatlar aldıq. Bir günə 20-25 əməliyyat edirdik.

Lakin bir qədər sonra hospital yaralılarla doldu, bu zaman biz artıq yaralıları Yeni klinikaya köçürməyə başladıq. Yeni klinikada isə avadanlıqlar var idi, lakin kollektiv yox idi. Buna görə biz kollektiv olaraq ora köçdük və bir gündə təxminən 140-150 əsgərə yardım etməyə başladıq.

Bir müddət keçdikdən sonra isə gördük ki, əsas yaralılar ön cəbhədən gəlir və burada müəyyən çatışmazlıqlar yaranır. Çatışmazlıq ondan ibarət idi ki, yaralılar hospitala gələnə qədər yolda bir çox problemlər yaşayırdılar. Məsələn, şqutun uzun müddət qalması nəticəsində yarada qanqrena yaranırdı və əsgər qan itirmədən ölürdü. Və yaxud yaralar çox çirkli olduğundan orqanizmdə zəhərlənmə yaradırdı və yaralılarda ağır fəsadlar baş verirdi. Ona görə də kollektiv olaraq sözü bir yerə qoyaraq, birbaşa ön cəbhəyə yollandıq".

Həkim bundan sonra ön cəbhədə yerləşən Füzuli Diaqnostika Mərkəzində yaşadıqlarını bu cür qeyd edib:

“Təxminən oktyabrın 23-24-dən artıq həmin xəstəxanada xidmət göstərməyə başladıq. Bizi ora heç kəs məcburən aparmamışdı, tam öz istəyimizlə getmişdik.

İntensiv döyüşlər gedən Şuşa ətrafından, Zəngilandan xeyli yaralılar gətirilirdi. Biz bacardığımız nə var idisə, onu etməyə çalışırdıq. Nəticədə əsgərlər arasında qan itirmədən və digər səbəblərdən ölüm kəskin azalmağa başladı. Həqiqətən də müharibə dövründə ön cəbhədə olan tibbi personalın əməyi danılmazdır".

Həkim Bayram Qorçiyev qeyd edir ki, əsgərlər ağır yaralı olsalar da hər zaman əhval-ruhiyyələri yüksək olub:

“Təsəvvür edin, əsgərlərimizin kimisinin əli, kimisinin ayağı kəsilsə də, ağır travmalar yaşasalar da çox yüksək əhval-ruhiyyədə idilər. Heç bir vaxt onların arasında ağlayan, qorxan əsgər görmədim.

Əsgərlərimiz deyəndə ki, “Şuşadan, Şuşa ətrafından gəlirəm”, bu bizə də böyük ruh yüksəkliyi gətirirdi... “

Xatırladaq ki, Bayram Qorçiyev Birinci Qarabağ müharibəsi dövründə də hərbi həkim kimi xidmət göstərib. Həkim hər iki müharibə dövrünü müqayisə edərək bildirdi:

“Mən 1992-ci ildə I Qarabağ savaşında da həkim kimi iştirak etmişəm. O vaxt yaralılar az idi və bu cür deyildilər, bunlar tam başqa zədələr idi. Döyüşdə istifadə olunan silahlar dəyişirsə, əsgərlərin yaraları da dəyişir. 90-cı illərdə daha çox güllə yaraları idi. Bu dəfə hərçilərimiz çox ağır xəsarətlər, güclü travmalar almışdılar. Ən çox bizi sarsıdan, tələfata, ölümə səbəb olan isə mina yaraları idi. Düşmən hər tərəfi minalamışdı.

Beləliklə, 1992-ci ildən 28 il sonra yenə də hərbi həkim kimi xidmət göstərdim. Amma bu dəfə başqa əhval-ruhiyyə, baxış ilə".

Bayram Qorçiyev ön cəbhədə xidmət göstərməkdən böyük qürur hissi keçirdiyini dedi:

“Mən birinci olaraq bunu özüm üçün etmişəm. 100-1000 il yaşamırıq ki. Ömrümüzə bir dəfə şans düşür ki, əsgərlərimizə öz xidməti töhfəmizi verək.

Həmin vaxt həkimlərimizə də deyirdim ki, “siz deməyin ki, müharibə 5-10 il çəkəcək və bu müddət ərzində 4-5 dəfə gəlib müharibə üçün öz borcunuzu verəcəksiz. Müharibə 1 ay, 1 il də çəkə bilər. Bu müddət ərzində çalışın ki, vətənə öz vicdani borcunuzu verəsiniz”. Həqiqətən də bütün həkimlər bunu etdi.

Ön cəbhədə həkim kimi göstərdiyim xidmətlərə görə Milli Məclis, həmçinin Müdafiə Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunmuşam".

Ön cəbhədə xidmət göstərən həkim Rəşad Sultan da öz təəssüratlarını bölüşüb:

“Deyim ki, nə həkimlərin, nə də yaralıların əhval-ruhiyyəsində heç bir problem yox idi. Müharibənin ilk günündən bizdə elə bir əhval-ruhiyyə var idi ki, sanki biz yalnız qələbə qazanmağa gəlmişik. Heç kəsdə nə ruh düşkünlüyü, nə də qorxu yox idi. Bir çox yaralı əsgərlərimiz var idi ki, arxadakı hospitallara getmək istəmirdi. Onlar sanki döyüş yoldaşlarını qoyub, arxaya getməyi özlərinə ayıb sayırdılar. Yüngül yaralılar deyirdilər ki, ”yaramızı sarıyın, getməyək tibb məntəqəsinə və yaxud hospitala".

Xatırladaq ki, ölkə Prezidentinin fərmanı ilə ötən ilin dekabrında Rəşad Sultan “Ağdamın işğaldan azad olunmasına görə medal” ilə təltif olunub:

“Mən ehtiyatda olan tibb xidməti baş leytenantı idim. Müharibə dövründə xidmət göstərdiyimə görə tibb xidməti kapitanı rütbəsi aldım. Göstərdiyim xidmətlərə görə ”Ağdamın işğaldan azad olunmasına görə medal" ilə təltif olunmuşam".

Xalidə GƏRAY

Digər Xəbərlər
Xəbər Lenti