"Heç olmasa, evimizin yerini tapardın" - QARABAĞDAN FOTOREPORTAJ

17 May 00:56 Bizimkilər 325
"Heç olmasa, evimizin yerini tapardın" - QARABAĞDAN FOTOREPORTAJ

“Ev əvəzinə minalar. Azərbaycanlılar Qarabağa qayıdacaqlarmı?” “RİA Novosti” Agentliyinin müxbiri, Azərbaycanın işğaldan azad edilmiş regionlarında olmuş Qaliyyə İbrahimovanın reportajı bu başlıqla dərc edilib.

Sportinfo.az həmin materialı öz oxucularına təqdim edir.

“Yoldan bir addım da kənara çıxmayın! Hər yer minalanıb. Yalnız iz salınmış cığırlarla gedin. Füzuli şəhərinin girəcəyində nəzarət-buraxılış məntəqəsində hərbçilər jurnalistlərlə çox ciddi rəftar edirlər.

Maşınımız aşağı sürətlə şəhərə daxil olur. Yarım il əvvəl burada döyüşlər gedirdi. Füzuli haqqında yalnız xatirələr qalıb. İndi burada yalnız minalanmış sahələr var. Otuz il əvvəl bu yerləri tərk etmiş Sevinc adlı azərbaycanlı xanım deyir: “Bütün gəncliyim köçkün həyatı kimi keçib”. Uşaqlıqda onun ən yaxşı rəfiqəsi Ramela adlı erməni qızı olub.

Ehtiyatlı olun: minalar!

Qara adlı sürücü bizi Füzuliyə aparır. Hey deyinir ki, yollar bərbad gündədir. Qara çox narazıdır. O deyir: “Belə getsə benzin çatmayacaq. Əlavə yanacaq doldurmaq lazım gələcək”. Təxminən 10 kilometr gəlmişik, amma şəhər hələ də görünmür.

Ətrafda meyvə ağacları, qırmızı və sarı rəngli lalələr, yam-yaşıl dağlar görünür. Bəzi yerlərdə dağıdılmış divarların qalıqları diqqəti cəlb edir. Jurnalistləri müşaiyət edən bələdçi və politoloq Nicat Hacıyev deyir: “Füzuli kabus şəhərə çevrilib. Bizim hərbçilər Azərbaycan bayrağını sancmaq üçün bircə salamat bina tapmayıblar. Bayrağı hərbi hissənin salamat qalmış bir tikilisi üzərində sancmalı olublar”.

Yolun kənarlarında üçbucaq şəkilli qırmızı rəngli nişanlarda insan kəllələri şəkli və “Ehtiyatlı olun, minalar!” yazıları var. Təbii mənzərə bu qədər cəlb edici olduğu halda ətrafda qoyulmuş belə nişanlar yersiz görünür. İnanmaq çətindir ki, bu gözəlliyin arxasında təhlükəli tələlər var. Qarabağ müharibələri dövründə ermənilər bu ərazini xaotik şəkildə minalayıblar.

Növbəti nəzarət-buraxılış məntəqəsinə yaxınlaşdıq. Buradakı hərbçi bizə xəbərdarlıq etdi: “İkinci Qarabağ müharibəsindən sonra iyirmiyə yaxın mülki şəxs minaya düşüb partlayıb. Rusiyalı sülhməramlılar arasında da həlak olanlar var. Erməni tərəfi minalanmış sahələrin xəritələrini bizə vermirlər. Zarafat deyil! Bircə addım sağa və ya sola atsanız...”.

Çala-çuxurlu döngədə sürücü kəskin hərəkətlə əyləci basdı. Mavi rəngli uniformalı iki nəfər yolu kəsmişdi. Onların sifəti görünmürdü. Əllərində mina axtaran qurğu var idi. “İstehkamçılardır!” – deyə sürücü qışqırır, amma yoluna davam edir.

Kənardan baxanda düşünmək olar ki, burada Çernobıl qəzası haqqında film çəkilir, əyinlərində qoruyucu kostyumlar olan adamlar isə qəza nəticələrini aradan qaldıranlardır. Yolun kənarında tankların paslanmış qalıqları, qırılmış elektrik xətləri, tank əleyhinə “kirpilər” – bütün bunlar çox cansıxıcı təsir bağışlayır. Bələdçimiz deyir: “Bunlar ermənilərin hərbi texnikasıdır. Döyüş meydanında qalıb”.

Təhlükəsizlik buferi

Füzulinin mərkəzinə çatmağa iki kilometr qalıb. Bələdçimiz Sovet dövründə bu şəhərin nələrlə məşğul olmasından danışır: kənd təsərrüfatı, heyvandarlıq. Rayonun əsas sərvəti isə Füzuli üzümü olub.

Sürücü söhbətə qarışır. O, Sovet dövrünü yaxşı xatırlayır: “Ağdam portveyni bütün İttifaqda məşhur idi, amma çoxları bilmir ki, bu şərab Füzuli üzümündən çəkilirdi. Qonşu Ağdamın məşhurlaşması, Füzulinin isə yaddan çıxarılması yeni sakinlərə toxunurdu. Azərbaycanın cənubundan ən dadlı meyvələr Moskvaya göndərilirdi”.

Birinci Qarabağ müharibəsindən sonra, 1993-cü ildə erməni tərəfi Füzulini və Azərbaycan Sovet Sosialist Respublikasının daha altı rayonunu Dağlıq Qarabağın qondarma təhlükəsizlik zolağına daxil etmişdi. Bakı bu əraziləri işğal olunmuş hesab edirdi. Keçən il payızda Azərbaycan bu əraziləri döyüş yolu ilə özünə qaytardı.

Şuşanı mühasirəyə almalı

“Bura Füzulinin mərkəzidir. Gəlib çatmışıq”, - bələdçi yorğun halda deyir. Beş saat yol gəlmiş jurnalistlər maşından çıxıb ətrafa baxırlar. Şəhərdən əsər-əlamət qalmayıb. Çala-çuxur yollar, minalar barədə xəbərdarlıq edən üçbucaq şəkilli qırmızı lövhələr. Lakin burada böyük tikinti işləri gedir.

Çınqıl və qumla dolu, yükünü özü boşaldan maşınlar bir-bir yaxınlaşır, fəhlələr həmin maşınlarda gətirilən materialları dərhal bölüşdürürlər. Traktorlar yolu hamarlayır.

Traktorçu Anar deyir: “Zəfər yolu” çəkirik. Bu yol Füzuli və Şuşa şəhərlərini birləşdirəcək. Yolun uzunluğu 48 kilometrdir. Bir hissənin eni 29 metr, hərəkət zolaqlarının sayı 6, qalan hissənin eni 21 metr, hərəkət zolaqlarının sayı 4 olacaq”.

Bələdçimiz bu məlumatı dəqiqləşdirir: “Oktyabr ayında Azərbaycan ordusu Qarabağın cənubundan hücuma keçdi. Döyüşçülərimiz dağ kəndlərindən keçərək Şuşaya çıxdılar. Yeni yol Füzulidən və Hadrutdan keçəcək. Qoşunlarımız burada cığırlarla irəliləyiblər”.

Ərazidə ölçü işləri aparan Nurlan adlı inşaatçı-mühəndis söhbətə qoşulur: “Şuşa Dağlıq Qarabağın tərkib hissəsidir. Bu şəhəri Azərbaycanın digər rayonları ilə bağlayan Hadrut-Qırmızı Bazar yolu hazırda Rusiyalı sülhməramlıların nəzarətindədir. Oraya getmək üçün icazə almaq lazımdır. Yeni magistral Azərbaycan üçün alternativ yol açacaq”.

Füzulidə beynəlxalq hava limanı da tikilməsi nəzərdə tutulur.

Dağ iqlim kurortu olan həmişə turistləri cəlb edirdi. İndi bu şəhər Azərbaycanın mədəni paytaxtı elan edilib. Lakin dağlıq relyefə görə Şuşada aeroport tikilməsi mürəkkəb işdir. Şuşaya ən yaxın rayon Füzulidir. Turistlər təyyarə ilə Füzuliyə gələndən sonra təzə yolla qısa müddətdə Şuşaya çatacaqlar.

Jurnalistlərdən biri tikinti meydançasından kənara çıxmağa hazırlaşanda ona yenə xəbərdarlıq edildi: “Qayıdın, oraya getmək olmaz! Ora minalanıb!” Bu xəbərdarlıqdan sonra hamı reallığa qayıtdı. İstehkamçılar ərazini təmizləməyincə orada təsadüfən minaya düşüb partlamaq qorxusu qalır.

Evə gedən uzun yol

“Teatr, kitabxana, park. Evimiz haradasa buralarda olmalıdır. Məktəbin qarşısında Füzulinin heykəli vardı, heykəlin arxasında isə bizim evimiz, həyətimiz və üzümlüyümüz”. Bizimlə eyni maşında gəlmiş qadın gərgin vəziyyətdə ətrafa baxır, sanki nə isə axtarır.

Bələdçimiz deyir: “Bu qadın Sevinc Turabovadır. Birinci Qarabağ müharibəsinə qədər Füzulidə yaşayıb. Oraya jurnalistlərin aparıldığını biləndə onu da götürməyimizi xahiş edib. Qrupdan geri qalmayacağına söz verib. Ehtiyatlı olun, minalar!”

Bu dəfə qadın özü jurnalistlərə müraciət edir: “Heç olmasa evimizin yerini tapaydın. Düşünürdüm ki, uçurulmuş divarları qalıb, amma heç nə yoxdur. Eh, nə deyim... Amma hər halda şadam ki, uzun illərdən sonra ilk dəfə buraya gəldim”.

Füzuli uğrunda döyüşlər gedəndə Azərbaycanda ciddi karantin rejimi qüvvədə idi. Lakin Qələbə xəbəri yayılanda evdə oturmaq mümkün deyildi: Sevincin həmyerliləri bu uğuru qeyd etmək üçün şəhərə çıxdılar. Ertəsi gün o özü kiçik vətənindəki evi üçün ərzaq məhsulları, təsərrüfat malları, bəzi mebel əşyaları almaq məqsədilə mağazaya getdi. Əri onu fikrindən daşındırırdı.

O başa düşürdü ki, köçkünlər dərhal buraya qayıda bilməyəcəklər. Sevinc isə sözündən dönmürdü: “Ətrafdakılar məni ağılsız hesab edirdi. Füzulidə hərbçilər hələ yerində idi, mən isə pəncərə pərdələri və qab-qacaq seçirdim”.

“Siyasətçilərə inanır və gözləyirdik”

Birinci Qarabağ müharibəsi dövründə Füzuli uğrunda döyüşlər Sevincin yadındadır. Hər şey qəflətən baş verdi. Adamlar özləri ilə heç nə götürmədən çıxıb gedirdilər. Sevincin atası həyat yoldaşını və uşaqları köhnə “Moskviç” maşınına yerləşdirib şəhərdən çıxdı. Qonşuların evlərinin necə dağıdıldığını Sevinc öz gözü ilə gördü. Onların ailəsi bir təhər şəhərdən çıxdı və dərhal şəhərə hücum başlandı.

“RİA Novosti”nin müsahibi fikirli halda deyir: “1993-cü il avqustun 24-də mənim 20 yaşım tamam oldu. O vaxt Füzulini artıq bombalamışdılar. Bir sözlə, bütün gənclik illərim müharibə və köçkün həyatı barədə xatirələrdən ibarətdir”.

Qohumları onların ailəsinə sığınacaq verdilər. İki ildən sonra Bakıya köçdülər. Paytaxtda da işləri asan deyildi. Tikintisi başa çatmamış bir binada işıqsız, susuz, istiliyi olmayan bir mənzildə məskunlaşdılar. Lakin tezliklə Füzuliyə qayıdacaqlarına şübhə etmirdilər.

Sevinc deyir: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun iclaslarını televizorda tez-tez göstərirdilər. Siyasətçilər vəd edir, biz də onlara inanırdıq. Heç kəsin ağlına da gəlməzdi ki, təqribən 30 il gözləməli olacağıq”.

İllər keçirdi. Bu müddətdə Sevincin bir oğlu, sonra bir qızı dünyaya gəlib. Onlar elə həmin şəraitsiz evdə yaşayırdılar. Sonra Bakıda onlara mənzil verdilər. Uşaqlardan haralı olduqlarını soruşanda “Füzulidənik” deyə cavab verirlər.

Sevincin anası artıq kiçik vətənlərini görməyəcək, bir neçə il bundan əvvəl vəfat edib. Sevinc deyir: “Amma atam sağdır, onun “Moskviç” maşını da saz vəziyyətdədir. Elə həmin maşında geri qayıtmağa hazırlaşır”.

“Cücələri xilas etməli”

Neçə illərdir ki, Sevinc Dağlıq Qarabağ uğrunda müharibənin mənasını dərk etməyə çalışır. Özü etiraf edir: “Bunu anlamaq ağlasığmaz dərəcədə çətindir”.

Doğrudan da onilliklər boyu Qafqazda yanaşı yaşamış azərbaycanlıları və erməniləri müharibəyə sövq olan nə olub? – Sevinc bunu başa düşə bilmir. O deyir: “Uşaqlıq illərimi xatırlayanda ermənilərin və azərbaycanlıların şən toy məclisləri yadıma düşür. Ramella Xaçaturyan mənim ən yaxşı rəfiqəm idi. Biz birlikdə dərs oxuyur, həyətdə bir yerdə oynayırdıq. Valideynlərimiz də mehriban idilər. Onun atası bizim evdə həmişə hörmətli qonaq kimi qarşılanırdı. Heç kəs dostları və qonşuları millətlərə bölmürdü”.

Ötən əsrin 80-ci illərində Sevinc valideynləri ilə birlikdə Ermənistanın kurort şəhəri Cermukda istirahət edib. Sevinc o dövrü xatırlayaraq deyir: “Oranın gözəl təbiəti var. Şəlalələr inanılmaz dərəcədə gözəldir. Lakin ən başlıcası səmimi və həssas yerli sakinlər. Əgər o vaxt xalqlar arasında düşmənçilik olsaydı biz ora gedərdikmi?”.

Müsahibimiz etiraf edir ki, iki Qarabağ müharibəsindən sonra ermənilərlə azərbaycanlılar arasında uçurum yaranıb. Lakin sonra əlavə edir ki, xalqlar təmas nöqtələri axtarmalı olacaqlar: “Hamı müharibələrdən yorulub, təngə gəlib. Yetər!”

Sevinc yaxşı başa düşür: Füzuli ərazisi minalardan təmizləməyincə adamlar oraya qayıda bilməyəcəklər. Lakin nikbindir: “Füzulidə təzədən tikilmiş evimizdə hökmən toyuq hini olacaq. Birinci Qarabağ müharibəsi dövründə bu mənim ən böyük arzumdur. Biz qaçanda xatırlamışdım ki, toyuq hininin qapısını açıq qoymağı unutmuşam. Orada balaca sarı cücələr var idi. Atama yalvardım ki qayıdaq, lakin artıq gec idi”.

Sevinc tez-tez yuxuda görür ki, bu cücələrin qapısını açıb sərbəst buraxır. O, sonda fikirli halda deyir: “İstənilən halda həmişəlik Füzuliyə qayıdacağam”.

Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 13:40 Kapitan 1 il də qaldı