Emin Quliyev: "O qədər səhvlərim olub ki… Kaş flan şeyləri eləməzdim"

12 Aprel 2020 22:00 Azərbaycan Futbolu 1 611
Emin Quliyev: "O qədər səhvlərim olub ki… Kaş flan şeyləri eləməzdim"

Bir vaxtlar "Neftçi"də, "Xəzər Lənkaran"da çıxış edən və milli komandamızın əsas simalarından sayılan Emin Quliyevin bu gün 43 yaxşı tamam olur. Veteran futbolçumuz doğum günündə Sportinfo.az- müsahibə verib.

- Emin, doğum günün mübarək olsun. Oynadığın illərə nisbətən indi təbrik edənlərin sayında seyrəlmə yoxdur?

- Çox sağ olun. Yox, şükür Allaha yenə yada salanlar var. Təbrik edənlər kifayət qədərdir.

- 9 ildir karyeranı başa vurmusan. Tam olaraq futbolsuzluğa öyrəşmisən yoxsa hələ də darıxırsan?

- Arada insan barışmaq istəmir. Köhnə illərdəki oyunlara baxıram. Amma artıq neçə illər keçib, barışmağa məcbursan.

- Futbolçu karyeranı bitirəndən sonra baş məşqçiliyə başladın. Niyə məşqçilikdə futbolçu kimi uğurlu olmağı bacarmadın?

- Getdiyim yerdə düşdüm moşenniklərin arasına. Elə insanlarla işləmək mümkün deyildi. "Rəvan"a getməyimə hələ də peşmanam. Gərək heç getməzdim. 20 günün içində komanda yığıldı. Başladılar narazılıq etməyə ki, işlər düz getmir. İnəyə baxanları komandaya gətirəndə iş getməz də. Komandaya futboldan başı çıxan adamlar lazım idi.

- Uzun müddət keçməsinə baxmayaraq, futbol oynadığın zamanlar etdiyin və hələ də xatırladığın səhvlərin varmı?

- Əlbəttə. O qədər səhvlərim olub ki. İndi hələ də deyirəm, kaş flan şeyləri eləməzdim. Gərək başımı aşağı salıb futbolumu oynayardım. Heç kimə fikir verməzdim. Yan-yörəmdə olan insanlar hər zaman məni qabağa verdilər. Sözü deyən də, pis olan da mən olurdum. Onlar qalırdı mənim arxamda.

- Sayılıb seçilən klublarımızda çıxış etmisən. Hansı klubdakı karyeranı xüsusi qeyd edərdin?

- Hərəsinin öz yeri var. "Neftçi"də, "Xəzər Lənkaran"da elə milli komanda da yadda qalan günlərim çox olub.

- Ölkə çempionatını davamlı izləyə bilirsənmi?

- İzləyirəm. Oyunlara gedib stadiondan da baxıram. Gedə bilməyəndə televizordan izləyirəm.

- Əksəriyyət hazırkı çempionatda rəqabətin yoxluğundan şikayətlənir. Səncə, rəqabət olmağı üçün nələr lazımdır?

- Bunun üçün yaxşı sponsorlar lazımdır. Ən azı 5-6 komanda çempionluğa oynamalıdır ki, rəqabət olsun. Futbolu regionlara - Gəncəyə, Lənkarana, Zaqatalaya, Yevlaxa aparmaq lazımdır.

- Yerli futbolçuların ölkə xaricinə getməməsi zaman-zaman tənqid olunur. Gedənlərin də əksəriyyəti uğursuzluq yaşayıb geri qayıdır. Elə sən özün də bir vaxtlar getdiyin əcnəbi klublarda uğurlu ola bilmədin. Səbəb nədir?

- Mən özümdə olanları gəncliyimlə əlaqələndirərdim. İndi olsa, bura qəti qayıtmazdım. Ordan başqa ölkə klublarına gedərdim. Daha yaxşı klublara getmək şansları da vardı. O vaxt belə şeyləri fikirləşmirdim. Düşünürdüm ki, qayıdım vətənə. Elə orda da hər şey yaxşı olacaq. İndiki gənclərə də sözüm odur ki, nə qədər imkan var gedib daha yaxşı klublarda çıxış etsinlər. Bunun gələcəkdə bizim millimizə də faydası dəyəcək

- Öz dövrünün yaxşı futbolçularından olmusan. İndi kənarda qalmağın sənə pis təsir etmir?

- Əlbəttə təsir edir. Amma nə etmək olar. Ümid edirəm ki, bundan sonra yaxşı olar.

- Özünlə bərabərə o dövrün bir çox futbolçuları hələ də yaxşı mənada xatırlanır. Bəs indiki gənclərdən kimləri fərqləndirərdin?

- O vaxtlar yaxşı oyunçular çox idi. Gedənlərin yerini yenilər doldura bilmədi. İndikilərdə liderlik bacarığı aşağıdır. Vidadi Rzayev, Mahmud Qurbanov, Yunis Hüseynov kimi futbolçular indi yoxdur.

- Sosial şəbəkələrdəki ad günü təbriklərindən görmək olar ki, səni sevənlər hələ də var. Onlarla bərabər səni sevən bütün azarkeşlərə deyəcək sözün varmı?

- Hər birinə təşəkkür edirəm. Futbolu azarkeşlərə görə oynayırlar. O gün olsun yaxşı çempionatımız olsun, millimizin uğurlu nəticələri olsun. Azarkeşlərimiz də baxıb sevinsinlər.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti