"Qalatasaray" və Türkiyə millisinin keçmiş kapitanı: "Kaş ki, Azərbaycanda da oynayardım"

19 Yanvar 12:30 Azərbaycan Futbolu 816
"Qalatasaray" və Türkiyə millisinin keçmiş kapitanı: "Kaş ki, Azərbaycanda da oynayardım"

Ötən gün "Qarabağ"ın "Akademiya Klinçeni" ilə yoxlama oyununu (2:2) izləyənlər sırasında Türkiyə millisi, "Qalatasaray" və "Fənərbağça"da oynamış, Azərbaycan türkü Servet Çetin də olub. Oyunun fasiləsi zamanı o, qol.az-ın suallarını cavablandırıb.

- Bu gün sizi "Qarabağ"ın oyunun da gördük. "Qarabağ" barədə düşüncələriniz necədir? Komanda haqqında hansı məlumatlarınız var?

- "Qarabağ" təlim-məşq toplanışına gəlib. Onlar hazırda hazırlıq keçir. Gördüyüm qədəri ilə çox yaxşı bir komandadır. Azərbaycan klubları haqqında çox məlumatım yoxdur. Amma ölkənin ən yaxşı komandalarından biri olduğunu bilirəm. Mövsümü də yaxşı keçirəcəklərini düşünürəm.

- "Qarabağ" 6 ildir ki, avrokuboklarda qrup mərhələlərində mübarizə aparıb. Bu barədə nə kimi məlumatınız var?

- Avrokuboklarda çıxış etmək çox vacib məsələlərdəndir. Siz də bilirsiniz, Türkiyə klubları Avropa turnirlərində bir az çətinlik çəkirlər. Bunun üçün mövsümü çox yaxşı keçirməlidirlər. Ümumilikdə gündəmlə nəzərdə tutsaq, çox yaxşı haldır. Azərbaycanı bütün dünyaya tanıdırlar. İnşallah, uğur da qazanarlar. Çünki Avropaya yalnız ən güclü, lider komandalar qatılır. Onlar da hər il gedər deyə düşünürəm.

- Azərbaycanda sevilən futbolçu olmusunuz. Çünki azərbaycanlısınız. Bu haqda nə deyərdiniz?

- Açığı, kaş ki, karyeramı yekunlaşdırmağa az qalmış Azərbaycanda da oynaya bilsəydim. Amma təəssüf, qismət olmadı. Həmişə yüksək səviyyəli komandalarda oynamışam. Sonda zədələndiyim üçün karyeramı bitirdim. Hətta, bir çox dostum - Levent Kartop, Ali Cansu da Azərbaycanda oynadı. O zamanlar mənə də təklif etmişdilər. Ancaq mən karyeramı Superliqa komandalarında davam etdirirdim. Ona görə qismət olmadı. Amma dediyim kimi, Azərbaycanı cani-könüldən sevirəm.

- İndiyədək Azərbaycanın hər hansısa klubunun və ya milli komandanın oyunlarını izləmək fürsətiniz olub?

- Milli komandalar qarşılaşanda oynamışam.Az əvvəl Rəşadla qarşılaşdıq, görüşdük. O, "Əskişəhərspor"da oynayırdı. Mənim fikrimcə, çox uğurlu idi. Ondan başqa heç kimi izləməmişəm.

- Türkiyə yığması Bakıdakı matçlarda uğur qazana biləcək? Bildiyiniz kimi, "Avro-2020"də 2 oyununu Bakıda keçirəcək.

- Bizim üçün yaxşı bir yerdir. Çünki öz evimizdə oynayacağımızı da deyə bilərəm. Dəyərləndirə bilsək, bu da bizim üçün bir üstünlükdür. Meydançaya çıxıb, yaxşı çıxış etməyəndə harada oynadığınının bir əhəmiyyəti qalmır. Amma öz evimizdə oynayacağımıza görə üstünlüyümüz var. Futbolçular o hissi yaşayacaqlar. Ümid edirəm ki, yaxşı keçər.

- Hazırda hansısa komandada işləyirsiniz?

- Mən indi "Sivasspor"da baş məşqçinin köməkçisiyəm. Mövsümün əvvəlində bu komanda ilə razılığa gəldik. Bizdə vəziyyət yaxşıdır. Çempionatın lideriyik. İnşallah, mövsümün sonuna qədər də bu nəticəni qoruyub-saxlamağı düşünürük. Sabah (bu gün - red.) "Beşiktaş"la qarşılaşacağıq.

- Son olaraq Türkiyə Superliqasında Rəşad Sadıqov çıxış edib. Bəs, hazırkı dövr üçün Azərbaycandan həmin liqada oynaya biləcək hər hansısa bir furbolçu tanıyırsınızmı?

- İndi ağlıma gəlmir, amma izləmək lazımdır. Ordan da yaxşı futbolçuları tapıb, gətirib, burada oynada, şans verə bilərik. Amma ümumilikdə Serbiya, Slokaviya, Macarıstan - bu kimi yerlərdən futbolçulara baxırlar. Əslində isə oraya gəlib, canlı izləyib, ən yaxşıları seçmək olar.

- Son vaxtlar Türkiyə mediasənda "Qarabağ"ın hücumçusu Mahir Emrelinin adı "Trabzonspor", "Beşiktaş" və "Fənərbaxça" ilə hallanır. Bu məsələyə münasibətiniz necədir?

- Demək olar ki, hər kəsin adı keçir. Açığı, bir az da gündəm yaradırlar. Amma transferlər asan deyil. Xüsusilə də dövrəarasında futbolçu almaq çox çətindir. Çünki komandalar yaxşı oyunçularını buraxmazlar. Yeni alacağınız futbolçunun komandaya nə qədər faydalı olacağı, necə alışacağı sual altında olur. Qışda transfer etmək həqiqətən də çox çətindir. Biz də komandamızın heyətini gücləndirmək istəyirik. Amma istədiyimiz futbolçunu ala bilmədik.

- Belə başa düşülür ki, sizə menecerlər tərəfindən azərbaycanlı futbolçular təklif edilməyib.

- Xeyr, olsaydı, bizim üçün haradan olduğu önəmli deyil. Futbolçunun səviyyəsinə baxırıq. Azərbaycandan da gəlsəydi, məmnuniyyətlə izləyərdik. Yaxşıdırsa, təbii ki, alarıq. Hətta, mən şəxsən daha diqqətli baxaram.

- Siz də bir Azərbaycan türküsünüz. Bizim azarkeşlərə hansı mesajı göndərərdiniz?

- Sizin vasitənizlə hamısına salam deyirəm. Dediyim kimi, karyeramın sonunda orada çıxış etmək istəyirdim. Qismət olmadı. Amma hər birinə salamlar göndərirəm. İnşallah, azərbaycanlı futbolçular Türkiyə Superliqasında çıxış edib, uğur qazanarlar.

Digər Xəbərlər
Xəbər Lenti
16 Fevral 12:56 "Çelsi"yə Simeone gəlir?
15 Fevral 23:30 Qubada xeyir tapanlar
15 Fevral 19:33 "Bu, bizim zəifliyimizdir"
15 Fevral 18:39 Söyüş "anarxiyası"