Məktəbdə oxuyarkən, ən sevdiyim komandalardan biri “Dinamo” idi.
Onu da Paşa Əliyevə görə.
Hər dəfə onun oyunlarını izləmək üçün ovaxtkı Montin qəsəbəsindəki stadiona gedərdim.
Futbolumuzun zəif, amma xarakterli futbolçularımızın güclü dövrləri idi. Döyüşürdülər, fədakarlıq edirdilər. Nə qədər indi “yağ-bal içində” üzsək də, “qaymaqlar” onda idi.
Paşa Əliyevlə çoxdan görüşmək istəyirdim, axır ki, belə bir imkan əldə etdim. O danışdı, mən uşaqlıq illərimə qayıtdım…
– Buzovnada kənd həyatı… Uşaqlıqda futbola marağınız necə yarandı?
– O vaxt Buzovnada “Gənclik” komandası var idi. Bibim oğlu İman da bu komandada oynayırdı. Ümumiyyətlə, bu kənddə futbolu çox sevirdilər. Elə 5 yaşımdan məni futbola yazdırdılar. Məşqçimiz Boris Tibilov idi. Məhz onun rəhbərliyi altında futbolun sirlərinə yiyələnməyə başladım. Sona qədər də Borislə getdim.
– “Xəzri”yə necə düşdünüz?
– “Gənclik” komandasında oynayarkən hərbi xidmətə çağırıldım. Əsgərliyi Sevastopolda çəkmişəm. 1990-ci ildən 1993-cü ilə qədər Krımda olmuşam. O müddətdə I Liqa komandası “Çayka” komandasında çıxış etmişəm. Bu komanda da Sevastopolu təmsil edirdi. Onlarla 5 illik müqaviləm var idi. Amma hərbi xidməti qurtaran ərəfədə yəni, 1993-cü ildə “Xəzri” komandası yaradıldı. Bu komanda I Liqada çıxış edirdi. Mən onlara kömək etmək qərarına gəldim. Bura gəldim və “Xəzri”ni Güclülər Dəstəsinə çıxartdıq. Orda da mən I Liqanın bombardiri oldum.
– Uzun illər “Xəzri”də çıxış etmisiniz. Ümumilikdə bu komandadakı çıxışınızı necə dəyərlənirərdiniz?
– Onu deyim ki, bu komandanın yarandığı ilk vaxtlarda burada oynayanların əksəriyyəti buzovnalılar idi. Ümumiyyətlə, qıraqdan demək olar ki oyunçu yox idi. Amma ikinci ilində artıq dəyişiklik oldu. Həmin heyətdən cəmi 5 nəfər qaldı: mən, Azər İsayev və daha 3 müdafiəçi – İlham Sultanov, İmamxan Sultani və Aleksandr Musatkin. Komanda tam dəyişildi. Özümü komandanın lideri saya bilməzdim. Mənimlə yanaşı Azər də burada nüfuz sahibi idi. Yarımmüdafiə xəttində şəhər uşaqları var idi, onlar da möhtəşəm idi. Müdafiə isə xalis Buzovna uşaqları idi. Qapıçımız da Faiq Əzizov.
– Polşada “Qutnik”ə 0:9 hesablı məğlubiyyət – bu faciəni necə xatırlayırsınız? Nadir Qasımov müsahibələrinin birində deyir ki, güclü yağış belə ağır məğlubiyyətə yol açdı. Hətta hava proqnozundan xəbəri olub və klub prezidentinə deyib ki, “sipovka” butsları geyinək.
– Bütün bunlar bəhanələrdir. Birinci səhv elə Nadir müəllimin özündə idi. Dəfələrlə bunu onun özünə də demişəm. Sonradan özü də bunu etiraf etdi. Çünki “Xəzri” komandası UEFA Kubokuna vəsiqə qazananda burada kimin əziyyəti var idisə, onlar da oynamalı idi. Amma o, heyəti dəyişdi. Mən Nadir müəllimə demişdim ki, öz uşaqlarımız oynasa, bəli, uduzarıq, amma 0:3, maksimum 0:5, heyətin dəyişdirildiyini görəndə mən də məyus oldum. Buna görə də hirsləndim, mən də oynamadım. Özü də mənimlə prinsip apardı, meydana buraxmadı. Bu da Buzovna uşaqlarına, ümumiyyətlə komandaya təsir etdi.
– Heyəti dəyişmək nə ilə əlaqəli idi? Daha güclüləri dəvət etmişdi?
– Yox. Biz Polşaya yollanmamışdan əvvəl biz Buzovnada “Neftçi”yə qarşı yoldaşlıq görüşü keçirdik. Gördüm fərqli heyəti buraxır, mən də ona dedim “öz uşaqlarımızı oynat, etmirsənsə, mən də meydana çıxmayacağam”. Adlarını çəkmək istəmədiyim ayrı uşaqları komandaya dəvət etmişdi. Fərqi yoxdur, hamısı azərbaycanlı idi, sadəcə, demək istəyirdim ki, kiminsə haqqını yeməyək, kim əziyyət çəkib onlar da oynamalıdır. Məsələ ondadır ki, təzə gələnlər bizimkilərdən zəif idilər ki, güclü deyildilər. Mənə dedi ki, işimə qarışma”. Mən də həmin yoldaşlıq oyununda heç soyunmadım da, gəldim tribunada oturdum.
– Amma “Qutnik”lə cavab görüşündə meydana çıxmışdınız…
– Çünki öz səhvini başa düşdü. Polşada 0:9 hesablı məğlubiyyətdən sonra komandada elə uşaqlar var idi ki, bu faciə onların vecinə deyildi, özlərini elə aparırdılar ki, sanki heç-heçə etmişik, amma mən göz yaşlarımı saxlaya bilmirdim. Bütün Buzovna uşaqları belə idi. Orada bilindi ki, kim komandanı sevir. Onda Nadir Qasımov gördü ki, mən necə məyus olmuşam. Səhvini boynuna aldı, söz verdi ki, cavab matçında hər şey yaxşı olacaq. Buzovnada keçirilən oyunda hesab 1:1 olarkən, komandamızı hesab önə çıxartdım. Təəssüflər olsun ki, 90-cı dəqiqədə məni əvəzlədi, bunun ardınca dərhal qol buraxdıq.
– Demək olar ki, “Xəzri” elə həmin məğlubiyyətdən sonra dağıldı?
– Demək olmazdı. Biz yenə yığışa bilərdik. Sadəcə maliyyədə problem yarandı. Allah Malik müəllimə rəhmət eləsin, ona kömək etmədilər. Kömək etsəydilər, “Xəzri” bu günə qədər var olacaqdı. Çünki belə komandalar nadir hallarda ortaya çıxır.
– “Xəzri”dən sonra 1 il “Neftçi”də oynadınız…
– Elə həmin il, yəni 1997-ci ildə rəhmətlik Ruslan Abdullayev məni “Neftçi”yə dəvət etdi. Maraqlıdır ki, həmin ildə “Neftçi” ilə “Xəzri”yə qarşı oynadıq və 8 qol vurduq. Bununla da “Xəzri” dağıldı. Oyun 8:2 hesabı ilə başa çatdı.
– Siz həmin oyunda nə qədər qol vurdunuz?
– Mən vurmadım. Əvvəlcədən də demişdim ki, öz komandama qol vurmayacağam. Hərçənd oyundan əvvəl Ruslan müəllimdən xahiş etmişdim ki, “olar, mən öz kəndimizin komandasına qarşı oynamayım?” Mənə 1 kəlmə söz dedi ki, “sən oynamasan da, “Xəzri” uduzacaq, sadəcə ola bilər böyük hesab qeydə alınmasın, bizim millət elə millətdir ki, oynayanda hörmətin qalxır”. Mən də oyundan qabaq oturub fikirləşdim və anladım ki, sözlərində həqiqət var. Elə də oldu. Bu oyundan sonra hörmətim daha da qalxdı.
– Bəs “Neftçi”də niyə 1 il qaldınız?
– Orada maliyyə söhbətləri baş qaldırdı. Ruslan müəllimi yola vermədilər, o Gəncəyə getdi, mənim də burada Kazbek Tuayevlə söhbətim alınmadı. Ona dedim ki, “Bakı Fəhləsi”nə getmək istəyirəm”, buraxmadı. Mən də komandanı atıb getdim. Qərara gəldim ki, ümumiyyətlə futbol oynamayım. “Neftçi” ilə iki illik müqaviləm var idi. 2 il getdim Moskvada, valideynlərimin yanında yaşadım.
– Sonra sizə doğma olan “Dinamo”ya keçdiniz.
– Bəli, Moskvadan qayıtdım, “Dinamo”da da Ruslan müəllim işləyirdi. Elə ilk gündən də kapitanlıq sarğısını mənə verdi. O məni “Neftçi”dən yaxşı tanıyırdı. O vaxt bizdə hamısı cavanlar idi, lider yalnız Nadir Şükürov idi. Bir də mən təcrübəli oyunçu kimi İlham Qurbanovu dəvət etdim. Cavan uşaqlarla yaxşı futbol sərgilədik.
– İndi keçmiş Montin qəsəbəsindəki ərazidəki stadionunuzun yanından keçəndə hansı hissləri keçirirsiniz?
– Yadıma düşür, hə, çox heyif. Orada qaçqınlar da yaşayırdı. Biz futbol oynayanda toyuq-cücələr meydana girirdi, hakim matçı saxlayırdı və biz də toyuqları tutub sahiblərinə verirdik. Yaxşı günlər idi. İndiki şərait o vaxt olsaydı, güclü komandamız olardı.
– 2000/01 mövsümündə 17 oyuna 13 qol vuraraq çempionatımızın bombardiri olduz…
– Çox çətin dövr idi. Komandamızın maliyyə vəziyyəti də yaxşı deyildi. “Şəmkir” və “Neftçi” kimi komandaların qarşısında biz çox aciz idik. O vaxt millinin oyunçuları “ANS Pivani”də toplaşmışdı. Həmin ildə hər iki oyunda bu komandanı 1:0 hesabı ilə məğlub etdik, hər ikisində də yeganə qolu mən vurdum.
– Futbolsuz günlərimizdə İrana üz tutdunuz və Məşhədin “Əbülmüslim” komandasında çıxış etdiniz. Ora necə gedib düşdünüz?
– Çempionatın bombardiri olandan sonra diqqət mərkəzinə düşdüm və oradan dəvət gəldi. Ora çatanda dedilər ki, baxışa çağırmışıq. Mənimlə birgə Nadir Şükürovla Rafael Əmirbəyov da ora getdi. Onlarla razılıq əldə olunmadı, amma mən anlaşdım. Keçirdiyim ilk 5 yoldaşlıq oyununda 17 qol vurdum. Sonra Məşhəddə bir turnir təşkil olundu. Bizimlə yanaşı “İstiqlal”, “Paxtakor” və İranın bir komandası da iştirak etdi. Bu turnirin bombardiri Rza İnayəti oldu, ikinci yeri mən tutdum. Ondan sonra zədələndim, əməliyyat olunmalı idim, amma imtina etdim, bu da effekt vermədi. İran çempionatında zədə ilə oynadım. Orada öz sözümü deyə bilmədim.
– Məşhəddə yaşayarkən yəqin İmam Rzanın məzarını da tez-tez ziyarət edərdiniz…
– Mən elə İmam Rzaya xatir qalmışam. Bütün namazlarımızı orada qıldıq. Qaldığım yer hərəmə yaxın idi. Ailəm də orada idi.
– Sonradan bura qayıtdınız: “Qarabağ”, “Dinamo”, “Xəzər Lənkəran”, “Şəmkir”, “Bakı”, “Kəpəz” və “Bakılı”. Bu komandalardakı çıxışınızı necə dəyərləndirərdiniz?
– İrandan qayıdan kimi “Qarabağ”ın təklifini qəbul etdim. Onda komandanı Şahin Diniyev çalışdırırdı. Elə o məni bu komandaya çağırdı. Zədəli halda oynadım. Sonra “Dinamo”ya qayıtdım. Daha sonra “Xəzər Lənkəran”ın formasını geyindim, sonra da sadaladığınız kimi…
– Komandaları tez-tez dəyişməyinizin səbəbi nə idi ki?
– Maliyyə. Adam yaşlananda pulu fikirləşməli olur. Hərçənd mən 35 yaşına qədər pulun nə olduğunu bilməmişəm. Mən futbolu oyuna olan sevgimə görə oynamışam.
– Milli komanda karyeranız isə alınmayıb…
– Mən 1993-cü ildə oynayanda biz “Neftçi”yə qarşı Buzovnada oynadıq. Onda “Neftçi”nin baş məşqçisi Ağasəlim Mircavadov həm də yığmanı çalışdırırdı. Samir Ələkbərov 2 qol vurdu və mən də bu oyunda fərqləndim, görüş də 2:2 hesabı ilə başa çatdı. Oyundan sonra məni milliyə dəvət etdilər. Onda milli komanda üçün “normativ” verdik. 50 metri 7 dəfəyə qaçmalı idik. Sınaq zamanı “Xəzri”nin baş məşqçisi Şamil Heydərov orada idi. O həm də Ağasəlim müəllimin köməkçisi idi. Mən də hər dəfə bunu 51 saniyəyə qaçırdım. Nəsə Mircavadov inanmadı, amma sonradan gördü ki, düzdür. Buna baxmayaraq, milli komandada rəqabət güclü idi. İkinci dəfə də 2000/01 mövsümündə millidən dəvət aldım. Məni baş məşqçi İqor Ponomaryov çağırdı. Bolqarıstanda təlim-məşq toplanışına qatıldım. Amma təəssüf ki, AFFA prezidenti Fuad Musayev millidə oynamağıma imkan vermədi. Səbəb isə mənim “Şəfa”nın təklifini rədd etməyim olmuşdu. Doğrusu, belə edəcəyinə inanmazdım, amma etdi.
– Bəs “Şəfa”ya niyə keçməmişdiniz?
– Çünki “Dinamo”ya sadiq idim.
– Futbolçu karyeranızı bitirəndən sonra nə işlə məşğul oldunuz?
– “Bakılı”nın oynayan məşqçisi oldum. Komandanı elitaya çıxartdıq. Hətta həlledici qolu da İmişlinin komandasına özüm vurdum. 85-ci dəqiqədə meydana çıxdım, 90+də də vurdum və nəticədə komanda elitaya vəsiqə qazandı. Daha sonra “Bakı”dan dəvət aldım və onun uşaqlardan ibarət komandalarını çalışdırdım. Biz 17 yaşlılarla çempion olduq. 1997 və 1999 təvəllüdlü uşaqlarla uğur qazanmışıq. Bununla yanaşı 1994 təvəllüdlüləri də çempion etdik.
– O dövrdə sizin əlinizin altından kimlər çıxıb? Yəni indiki məşhurlardan…
– Hazırda “Karvan-Yevlax”da çıxış edən Vadim Abdullayevin adını çəkə bilərəm. Hə, Namiq Ələsgərovu da unutmaq olmaz. Mahir Emreli də əlimizin altında idi. “Bakı” dağılandan sonra karyeramı dayandırdım. Bir də 2 il əvvəl “Difai”də işləmişəm.
– Bəs bu boşluq illərində nə işlə məşğul olmusunuz? Mən bilən, balıq ticarəti ilə də tanınmısınız…
– Futbolçu kimi çıxış edərkən balıq dükanlarımız olub. Karyeramı bitirəndən sonra bütün dükanlarımı satdım ki, heç kimə möhtac olmayım, heç kimdən borc almayım.
– “Difai”nin adını çəkdiniz, orada niyə çox qalmadınız?
– Müəyyən səbəblər oldu. Həmin vaxtları xatırlamaq istəməzdim.
– İndi konkret heç bir işiniz yoxdur?
– Yoxdur. Belə boş olanda “Baku Sportinq”in oyunlarını stadiondan izləyirəm. Buzovnanın adına görə bu komandanı dəstəkləyirəm.
– “Baku Sportinq”ə yeni “Xəzri” demək olar?
– İnşallah. Artıq oyunları ilə sübut edirlər ki, bu komanda Buzovnaya layiqdir. Əvvəlki çıxışları o qədər də xoşuma gəlmirdi, amma indi oyundan-oyuna irəliləyiş var. Uşaqlar sırf Buzovnanın eşqinə oynayırlar. Azarkeşlərimiz də artıq buna alışacaq.
– Komandada kənd uşaqlarından neçə nəfər var?
– Hələ ki, yoxdur, inşallah olacaq, zaman lazımdır.
– Ümumiyyətlə, Azərbaycanda I Liqanın səviyyəsi haqda nə deyərdiniz?
– Hələ ki, o qədər də yaxşı deyil. İstərdim ki, daha yaxşı olsun. Hər şey maliyyədən asılıdır.
– Ümumiyyətlə, indiki dövrdə Bakı kəndlərinin futbol həyatını necə dəyərləndirərdiniz? Mövcud vəziyyət sizi qane edir?
– Əlbəttə, etmir. Əvvəllər kənddə necə futbolu sevirdilər. Biz oynayanda kənardakı uşaqlar baxıb bizdən ilham alırdılar.
– “Zirə”yə Bakı kəndinin komandası demək olar? Çünki hazırda nümunə odur. O doğmalığı hiss edirsiniz?
– Hiss etmək istəyərdim, amma etmirəm. Çünki yerli oyunçu olmalıdır.
– Paşa Əliyev o dövrdəki potensialı ilə indi oynasaydı, haralarda olardı?
– Heyfslənirəm. Kaş, biz indiki dövrdə oynayardıq.
– İrandan başqa hansısa ölkədən legioner təklifi almısınız?
– Olub. Biz sadəcə qıraq yerdə yaşaya bilmirdik. Bizim nəsil belə olub. Bu da mənfi cəhətimiz olub. İndiki ağlımız olsaydı, bəlkə də təklifləri qəbul edərdik. Ukrayna və Rusiya klublarından dəvət almışam. Amma ad çəkmək istəmirəm.
– Keçən keçib də, bunu indi gizlətməyin mənası nədir ki?
– Komandanın adını çəksəm, ürəyim ağrıyacaq. Çünki çox güclü klublardan təklif almışdım. Rəhmətlik atam məni ora getməyə qoymadı, dedi ki, evin tək oğlusan… Ad çəkməyəcəyəm, sirr olaraq qalsın…
– Müasir dövrdə azərbaycanlı hücumçuların əsas problemi nədir? Doğurdanmı, cırlaşma gedir?
– İndiki dövrdə futbolçular məşqdən sonra qalıb öz üzərilərində çox işləmirlər. O vaxt biz bunu edirdik. İndikilər gözləyir ki, məşqin vaxtı tez qurtarsın, çıxaq gedək. Futbola sevgi lazımdır. Bununla yanaşı, gərək öz oyununa baxıb təhlil edəsən. 30 yaşından sonra belə yenə də nəsə öyrənməlisən. Kim öz üzərində çox işləyir, bəhrəsini də görür.
– İndi daha çox qazanırlar. Ola bilər, buna görə bir az da “şişirlər”?
– O da var. Amma hər oyunçu da pulu fikirləşmir. Pulu fikirləşməyəndə pul özü gəlir.
– Həmkəndliniz Vadim Vasilyevlə münasibətləriniz necədir? Onun da səhhətində problemlər var, görüşürsünüz?
– Bəli, görüşürük. Məhəllə uşağımızdır da. O dəfə burada “Baku Sportinq”lə onun çalışdığı “Şəfa” üz-üzə gəldi. Elə stadionda görüşdük. Elə oldu ki, “Şəfa” 2:0 hesabı ilə öndə idi, “Sportinq” fərqi azaldanda mən “qol” deyə qışqırdım, Vadim dedi ki, “Paşa, sən mənim əleyhimə azarkeşlik edirsən?” Mən də cavabında dedim ki, “mən Buzovnanı təmsil edirəm, bəs sən haranı təmsil edirsən?” Onu qınamıram, o komandadan maaş alır, ona görə də onları dəstəkləyir.
– Milli komanda haqqında nə deyə bilərsiniz? Əcnəbi mütəxəssislərdən sonra Ayxan Abbasova şans yaratdılar…
– Dəfələrlə demişəm, axırda mən deyənin üstünə gəldilər. Əcnəbi mütəxəssislərə ehtiyac yoxdur. Çünki biz vəziyyəti daha yaxşı dərk edirik. Uşaqlarla öz dilində dil tapmalısan. Futbolçulara motivasiya verməlisən. Ayxan özündən əvvəlkilərdən üstün oldu ki, əskik olmadı.
– Azərbaycan Premyer Liqasında ürəyiniz hansı komanda ilə döyünür?
– Mən həmişə oynadığım komandalara azarkeşlik etmişəm. Bu mənada ilk olaraq “Neftçi”nin adını çəkərəm. Ümumiyyətlə, “Xəzri” olmasaydı, “Neftçi” azarkeşi olardım. Daha sonra oynadığım “Qarabağ”ın adını çəkərdim. 3-cüsü də ki, “Kəpəz”. Amma belə baxanda, “Zirə”yə də Rəşad Sadıqova görə rəğbətim var. Ayxana görə də “Şamaxı”nın uğur qazanmasını istəyirəm.
– “Neftçi”nin hazırkı vəziyyəti sizi narahat edir?
– Heç qane etmir. “Neftçi” yaralı yerimizdir. Biz “Qarabağ”a oyununa, “Neftçi”yə isə özünə görə azarkeşlik edirik. Hamımız Bakıda yaşadığımıza görə “Neftçi” ilə öyünmüşük. Bu komanda flaqman olub və bu adı özünə qaytarmalıdır.
– Köhnə komanda yoldaşlarınızdan kiminlə hələ də dostluq edirsiniz?
– Demək olar ki, hər həftə sonu Xırdalanda Dövlət Yol Polisinin futbol meydançasında oynayırıq. General Ramiz Zeynalov bizi bir yerə yığır və orada futbol oynayırıq. Allah onun canını sağ eləsin. Oqtay Abdullayev də yaxşı təşkilatçılıq edir. Həftədə 1 dəfə oradayıq.
– Qurban Qurbanov da arada gəlir?
– Yox, onun vaxtı olmur, bir ara Rəşad Sadıqov oynamağa gəlirdi. İndi onun da “Zirə”yə görə vaxtı azdır. Amma köhnə futbolçular hamısı oradadır.
– Və sonda “Qarabağ”. Komandamızın Çempionlar Liqasında son iki oyunu haqda proqnoz verərdiniz…
– Yaxşı başlamışdı, təəssüf ki, son oyunları zəif oynadı. Bəxt bizdən üz döndərdi. İnşallah ki, “Ayntraxt”ı məğlub edib bunları unutduracaq. Mən deyirəm, inanmırlar, amma məncə “Ayntraxt”ı, ardınca “Liverpul”u da udmaq olar (futbolinfo).

