AFFA-nın milliləşdirdiyi futbolçular: Hərəsi bir “dərədədir” - SİYAHI

30 Oktyabr 2021 20:00 Araşdırma 1 910
AFFA-nın milliləşdirdiyi futbolçular: Hərəsi bir “dərədədir” - SİYAHI

Ölkə futbolunun yaralı yerlərindən biri əcnəbi futbolçulara saxta Azərbaycan pasportu verib, onlara milli formanı geyindirməkdir.

Son 1-2 ildə təməli çoxdan qoyulan ənənə kəsilməyə doğru getsə də, zamanında Almaniya və Türkiyədə yaşayan türk futbolçuların yığmalara axınını müşahidə etmişik.

Biri 1 oyunda meydana çıxdı, digəri 5, bir başqası 10. Və beləcə yox olub getdilər. Heç bir fayda vermədən.

İndi quru adları qalıb. Keçmişi vərəqləyəndə, yadımıza salırıq.

Vaxtilə AFFA rəsmilərinin hansısa maraqlar qarşılığında Azərbaycana axın etmələrinə şərait yaratdığı həmin gənclərin izini düşüb, kimin harda, nə işlə məşğul olması yönündə kiçik araşdırma apardıq.

Ali Gökdemir
U-21-də 3, ölkəmizin bir nömrəli komandasında 10 oyunda meydana çıxan müdafiəçi gənclər millisinin heyətində İslandiyanın qapısına vurduğu qolla yadda qalmışdı.

Vaxtilə “Hannover 96”da əsas komandanın məşqlərində iştirak etməsinə baxmayaraq, elitada meydana çıxmamışdı. Lakin sonradan “Elazığspor”la Super Liqa həyəcanını hiss etməyi bacarmışdı. 2014-15 mövsümünü “Simurq”da keçirib, 1 qolla fərqləndiyini də yaxşı xatırlayırıq.

Burdan gedən gündən, 2015-ci ildən bu yana Almaniyada aşağı liqada çıxış edən “Şvabiş Hall”ın uğurları üçün tər tökür.

Cinah Özkara
U-21-də 4, əsas millidə 16 oyun keçirməklə hər komandada 1 dəfə fərqlənən 30 yaşlı hücumçu da vaxtilə “Simurq”un uğurları üçün tər tökmüşdü.

Azərbaycanda legioner həyatı yaşayana qədər isə, Türkiyə Super Liqasında “Sivasspor”un heyətində 20 oyunda meydana çıxmışdı.

“Simurq”dan ayrılandan sonra doğulduğu Almaniyaya qayıdan Özkara, 3 il 3-cü liqada top dalınca qaçdı, daha sonra 2 il Regional Liqada mübarizə apardı.

2020-nin yayından yenidən Türkiyəyə qayıdaraq 2-ci liqada oynamağa razılıq verdi. Hazırda “Afyonspor”un uğurları üçün tər tökür.

Ufuk Budak
Azərbaycana gələnə qədər Almaniyada Regional Liqada oynayırdı. Məhz milli formanı əyninə keçirəndən sonra Super Liqada çıxış edən “Eskişehirspor”un diqqətini çəkmişdi.

2011-16-cı illər arasında Azərbaycan millisinin heyətində 16 oyun keçirməyə imkan tapan sol cinah müdafiəçisi CV-sini zənginləşdirib “Kayserispor”la Super Liqa həyəcanını duymağa imkan tapmışdı.

Üzləşdiyi ardıcıl zədələrdən sonra milli qapılarının üzünə bağlanması elita təmsilçilərinin ona maraq göstərməsinin qarşısını aldı.

2016-cı ildən bu yana Türkiyənin 1-ci liqasında müxtəlif komandaların heyətində görünüb: “Manisaspor”, “Samsunspor”, “Boluspor”, “Altınordu”, “Bursaspor”, indi də “Erzurumspor”dadır.

Toğrul Erat
O da Azərbaycan futbolunun xoş gələcək vədən edən futbolçularından hesab olunurdu. 6-sı U-21-də, 4-ü əsas millidə olmaqla 10 oyunda meydana çıxan ucaboy forvardın futbolumuza verdiyi xeyir gənclər millisinin heyətində vurduğu 3 qol oldu.

Sonuncu dəfə 2015-ci ildə Boqlarıstan – Azərbaycan qarşılaşmasında 23 dəqiqə meydanda olan Erat, burdan gedəndən sonra oynamadığı liqa qalmayıb:

Almaniyanın 2-ci və 3-cü liqaları, Regional Liqa, Türkiyədə də həmçinin, 2-ci və 3-cü liqalar..İndi də Almaniyanın Regional Liqasındadır, “Rot-Veyss Oberhausen”in uğurlar qazanması üçün çalışır.

Taşkın İlter
U-21-də ən çox oyun keçirmiş “azərbaycanlıdır”. 2012-16-cı illər aralığında gənclər millisində 19 oyunda forma geyinməyə imkan tapmış yarımmüdafiəçi Berti Foqtsun dönəmində əsas yığmada Qırğızıstana qarşı oynamışdı.

Azərbaycanla əlaqəsi tam kəsiləndən sonra, yəni, 2016-cı ildən Türkiyənın 1-ci və 2-ci liqalarında mübarizə aparmaqla yadda qalıb. Hazırda 1-ci liqada yarışan “Eyüpspor”un uğurları üçün tər tökür.

Timur Temeltaş
Onu Azərbaycana U-21-dəki cəmi 1 rəsmi oyun bağlasa da, bir neçə toplanışda iştirak edib, hətta bir müddət adı klublarımızla yanaşı hallanıb.
Kölndə doğulan yarımmüdafiəçi Regional Liqada “Kayzerslautern”in ikinci komandasında çıxış etməklə AFFA-dakı əsas söz sahiblərinin diqqətini çəkmişdi.

Azərbaycanla əlaqələri tam kəsiləndən sonra o da Türkiyəyə köç etdi. 2013-cü ildən bu yana qardaş ölkənin 1-ci və 2-ci liqalarında müxtəlif komandaların şərəfini qoruyub. Hazırda “Eyüpspor”da Taşkınla komanda yoldaşıdır.

(davamı olacaq)
HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti