
Azərbaycan Premyer Liqasında 2 həftəlik fasilə bu gün başa çatır.
Klublar fasilədən sonra 14-cü turun matçlarına çıxacaqlar.
Açılış oyunu bu gün Masazırda keçiriləcək.
Son çempion “Qarabağ” “Sabah”ın qonağı olacaq.
Son illər bu klublar arasında qarşılaşmalar gərginliyi ilə yadda qalır.
Əbəs deyil ki, son illər ən çox azarkeş məhz bu iki klub arasında keçirilən matçlara cəm olur.
Xüsusilə də Masazırda baş tutan oyunlarda.
Məsələn, tərəflərin “Bank Respublika Arena”da keçirilmiş son iki görüşünə bir dəfə 10 min, digərində isə 7 min tərəfdar arenada olub.
Maraqlıdır, axşamkı qarşılaşmaya saatlar qalmış azarkeş marağı bu dəfə hansı həddədir?
Əldə etdiyimiz məlumata görə, oyuna azarkeş marağı arzuolunan səviyyədə deyil.
Belə ki, oyun günü səhər saatlarına kimi 1500-ə yaxın bilet satılıb.
Amma bu say fırtına öncəsi səssizlik də ola bilər.
Belə ki, əvvəlki qarşılaşmalarda da müşaiyət etmişik ki, azarkeşlər “Sabah”ın ev oyununa gəlmək üçün biletlərini adətən onlayn yox, məhz start fitinə az qalmış stadionun kassalarından almağı üstün tuturlar.
Ehtimal olunur ki, oyun saatı bilet satışında say 4-5 min civarında olsun.
“Sabah” – “Qarabağ” matçı 20:00-da start götürəcək.
XANOĞLAN / SPORTİNFO.AZ