
Azərbaycan millisində Canni De Byazi dönəmi başa çatdı.
4 ilə yaxın ölkəmizdə fəaliyyət göstərən italiyalı mütəxəssis müsbət mənada ciddi nə iləsə yadda qalmağı bacarmadı.
Ona "Əlvida" deyilməsi doğru və hətta bir qədər gecikmiş qərar idi.
İndi isə qarşıdan daha ağır dönəm gəlir.
De Byazi keçmişlə bağlı qaranlıq idi, silib atdıq.
Bəs gələcək?
AFFA rəsmiləri bundan sonra mütləq yerli mütəxəssislə yola davam etməlidir.
Əvvəla, arxada qalan illər göstərdi ki, gəlmələrdən bizə haray yoxdur.
Belədə pulları havaya sovurmağa heç bir gərək qalmır.
Heç onu da iddia etmirəm ki, yerli mütəxəssis gəlib milli komanda ilə böyük uğurlar qazanacaq.
Amma bir çox müsbət məqamlara dəqiq əminəm.
- Ən azı 5-6 yerli mütəxəssis adı saymaq olar ki, millidə nə Bert Foqtsdan, nə də Canni De Byazidən pis nəticələr göstərməyəcək. Hətta daha yaxşı olacağına inanıram.
- Maliyyə məsələsində ciddi qənaət etmək olar. Azərbaycanlı məşqçilər pis gündə pulsuz belə millidə çalışarlar. Bu, milli vicdan məsələsidir. Təbii ki, buna gərək yoxdur. Hər kəs əməyinin haqqını almalıdır. Elə əcnəbilərə verilən milyonların 1/5 də onları qane edəcək.
- Futbol ictimaiyyətinə yuxarıdan aşağı baxmayacaqlar. Gəlmələr kimi…
- Gözünü yumub, lap 5 illik anlaşma da imzalamaq olar. Təzminat qorxusu yoxdur. 1 ildən sonra alınmasa özləri gedəcək. Hətta AFFA göndərsə belə təzminat davası edəsi deyillər. Yəqin ki, Qurban Qurbanovun millidə pula görə işləmədiyini deyib, təzminatdan imtina etdiyi çoxlarının yaddaşında qalıb.
- Təbii ki, ən başlıcası yerli çalışdırıcı futbolçuların hər birinin xarakterinə, qabiliyyətinə yaxından bələddir. Gəldiyin gündən kimlərlə işləyəcəyinə qərar verməsi üçün uzun çək-çevirə ehtiyac qalmayacaq.
Əslində puntların sayını artırmaq da olar, amma yuxarıda sadalanlar yetərlidir ki, A milli komanda azərbaycanlı məşqçi ilə yola davam etsin.
Ən əsası De Byazi və Bert Foqtsa verilən zamanı özümüzünkülərə verilmək şərti ilə.
XANOĞLAN İMANOV