
Noyabrın 22-də AFFA İcraiyyə Komitəsinin (İK) fövqəladə iclası baş tutacaq.
Bu barədə assosiasiyanın vitse-prezidenti, həm də İK-nın üzvü olan Vaqif Sadıqov “Futbol+”ə açıqlamasında deyib.
Millimizin sabiq çalışdırıcı iclasda yığmanın baş məşqçisi ilə bağlı yekun qərarın veriləcəyini bildirib, Canni de Byazinin mətbuat nümayəndələrinə hörmətsizliyini pisləyib.
Madam ki, iclasa hazırlaşırlar, biz də öz növbəmizdə İK-nın üzvləri üçün təkliflər paketimizi təqdim edək.
1. Azərbaycan millisi hər bir halda azərbaycanlı mütəxəssisə tapşırılmalıdır. Yeni çalışdırıcının kimliyinin ciddi önəmi yoxdur. Yetər ki, vətənpərvərlik ruhu yüksək olsun, azərbaycanlı futbolçuların bacarığına yaxından bələd olsun, yığma komanda güclü rəqiblərinə uduzsa belə, meydanda can qoyan futbolçulardan qurulsun. Əcnəbi mütəxəssislərin yararsız olduğunu son 15 il göstərib. Bundan sonra xariciyə gərək yoxdur. Millinin başında azərbaycanlı dayanmalıdır!
2. Yeni baş məşqçinin qarşısına futbolçuların dövlət himnimizi əzbərləmək tələbi qoyulmalıdır! Yaşından, başından asılı olmayaraq milli marşımız zamanı futbolçular bir-birinə sarılmalı, himnimizi döyüşə hazırlıq ruhunda oxumalıdır. Dövlət himnini əzbərləmək istəməyən və ya oxumaqdan boyun qaçıran futbolçu(lar) yığmaya dəvət olunmamalıdır. Bu öhdəliyə cavabdehliyi birbaşa baş məşqçi daşımalıdır.
3. Höccət Haqverdi, Aleksey İsayev, Eddi İsrafilov, Filip Ozobiç, Anton Krivotsyuk kimi milliləşdirilmişlərə bundan sonra gərək duyulmamalıdır. Azərbaycan futbolunun inkişafını istəyiriksə, ölkə futbolunun “şinelindən” çıxan oyunçulara şans verilməlidir. Onsuz da gəlmələr də milliyə lazım olan faydanı verə bilmir. Şanlı formanı azərbaycanlılar geyinməli, təcrübə toplamalıdır. Bu, onların haqqıdır, Höccətin, Eddinin, yaxud Filipin yox!
İclasda iştirak edəcək əsas söz sahiblərinin bu və digər təkliflərə isti yanaşacağına ümid edək. De Byazini göndərib yerinə azərbaycanlı təyin etmək dərdə məlhəm olmayacaq. Millidə milli ruh yaratmaq, formanın haqqını verməyi özünə borc bilənləri dəvət etmək mütləqdir.
HƏBİB