"İkinci Qurban Qurbanov olacaq" dediyimiz adam səmimi etiraf etdi ki...

12 Sentyabr 2023 17:00 Azərbaycan Futbolu 1 496
"İkinci Qurban Qurbanov olacaq" dediyimiz adam səmimi etiraf etdi ki...

"Zirə"nin "Qarabağ" olması üçün Qurban Qurbanov lazımdır".

Bu fikirlər "Zirə"nin baş məşqçisi Rəşad Sadıqova məxsusdur.

Əminliklə demək olar ki, futbol sferasında Qurbanovu Rəşad qədər tanıyan ikinci bir insan yoxdur.

Futbolçu kimi çiyin-çiyinə çıxış ediblər, uzun illər onun qərarlarını meydanda icra edib.

Həm də çox yaxın dost olduqlarını bilirik. Hətta qardaş da deyə bilərik.

Amma Sadıqovun son fikirləri əsla və əsla dostun dosta olan mübaliğəsi deyil.

Gənc mütəxəssis Azərbaycan tarixinin ən güclü məşqçisinin bütün uğurlarına canlı şahid olmuş şəxsdir.

Zəfərlər üçün nələrdən keçib, necə qazanıb hamısının reseptini əzbər bilir.

Amma hər resepti icra edənin məhsulu eyni dad verə bilərmi?

Adicə bir dönəri eyni məhsuldan 5 adam hazırlayır. Amma müxtəlif dadla.

O ki qalmışdı peşəkar futbol klubunu.

Rəşad Sadıqov da dəqiq bilir ki, Qurbanovdan öyrəndiyi reseptdən çox, onu hazırlayan önəmlidir.

Əksəriyyətimiz ümid edirdi ki, Azərbaycan futbolunda ikinci Qurbanov Rəşad olacaq.

Əgər o da bu yükü boynundan atırsa, mümkünsüzlüyünü səmimi etiraf edirsə, məncə, çətin başqa kimsə futbolumuzun Qurban kimi qurbanı ola bilsin.

Rəşad Sadıqov bir cümlədə çox böyük həqiqətləri cəmləyə bildi.

Qurbanovun nə qədər dəyərli olmasını aşkar etdisə, ondan sonrakı boşluğa indidən eyham vurdu.

Ümid edək ki, Qurban hələ uzun müddət futbolumuzun ağır yükünün qurbanı olmağa davam edəcək.

Ki, Sadıqovun işarə etdiyi həmin boşluğa bir az gec düşək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti