
Bu mövsüm yaradılan ikinci liqanın startı gözləniləndən də böyük ajotaj yaratdı.
Yarımhəvəskar liqa olsa da, elə birinci turdanca təşkilatçılıq maksimum peşəkar səviyyədə diqqət çəkdi.
Təbii ki, yarışların keçirilməsinə cavabdeh qurum olan Peşəkar Futbol Liqasının (PFL) peşəkar kollektivi sayəsində.
Qarşılaşmalar PFL-in yutub hesabından canlı yayımlandı.
Matçlardan icmallar hazırlandı.
PFL kiçik tərkibli komandasına rəğmən 26 ildən sonra böyük futbolun qayıtdığı Ağdaşdan videosujet hazırlamağa da yer ayırmışdı.
Futbolçuların geyim dəstində həvəskar ruhu diqqət çəkmədi.
Elə vurulan qollarda, ötürmələrdə də ötənilki həvəskar liqanın çox üstündə peşəkar cizgilər qabarıq üzə çıxdı.
Düzdü, çəkisinə görə ölkədə 4-cü dərəcəli liqadır, amma ciddiyət, yanaşma heç də üst səviyyəli liqalardan geri qalmır.
Bunda ötən mövsümdən əsası qoyulan, icrası baş tutan reqlamentin də rolu böyükdür.
İndi yarımhəvəskar komandalar asüdə vaxtını keçirənə yox, gələcək planlar haqqında düşünənə daha çox bənzəyir.
Ümid var ki, növbəti il daha üst liqada olmaq, daha peşəkar olmaq fürsətləri var.
Bir sözlə, yeni yaradılan liqa ilə bağlı ilk qığılcımlar gözləntilərin çox üstündə oldu.
Bilirik ki, ikinci liqada böyük pullar yoxdur. Bəzi komandalarda heç pul yoxdur.
Əksəriyyət futbol sevgisindən, doğma rayonunun böyük futbolda təmsil olunması həvəsindən bu yola çıxıb.
Bu baxımdan indiki ruhda davam etmək böyük iradə tələb edir.
Ona görə də ilk növbədə bu liqada əməyi keçən hər kəsə dəmir iradə arzu edirəm.
Ümid edək ki, startdakı qığılcım işıqlı gələcəyin carçısı olacaq.
XANOĞLAN İMANOV