Azərbaycan millisinin ən yaxşı “11-liy”i - Süni intellekt təqdim etdi

22 May 2023 09:20 Azərbaycan Futbolu 1 034
Azərbaycan millisinin ən yaxşı “11-liy”i - Süni intellekt təqdim etdi

“OpenAI” tərəfindən hazırlanan “Chat GPT” son zamanlar internetdə çox məşhur olan çat botudur.

Sportinfo.az xəbər verir ki, bot insan dilini başa düşə və təfərrüatlı şəkildə mətn hazırlaya bilir.

İnsanlar bir çox suallarına məhz “Chat GPT” vasitəsilə cavab tapırlar.

Bir neçə gün əvvəl internet resurslarında süni intellektin hazırladığı futbol tarixinin ən yaxşı “11-liy”i sosial şəbəkələrdə geniş müzakirə olunmuşdu. Əksəriyyət botun seçimlərinin doğru olduğu ilə bağlı həmfikir idi.

Bəs “Chat GPT” Azərbaycan futbolu barədə nə qədər məlumatlıdır?

Süni intellektə ünvanladığımız “Azərbaycan millisi tarixinin ən yaxşı “11-liy”i hansıdır?” sualına hər dəfə fərqli cavablar aldıq. Təəssüf ki, bunların bir çoxunda futbolçuların mövqelər üzrə düzgün yerləşdirilməməsi diqqət çəkdi.

Ümumiləşdirmə aparsaq, “Chat GPT”yə görə, Azərbaycan futbolu tarixinin ən yaxşı qapıçısı yığmanın sabiq üzvü Dmitri Kramarenkodur.

Müdafiə xəttində Rəşad Sadıqov, Tərlan Əhmədov, Mahir Şükürov və Maksim Medvedevə daha çox üstünlük verən bot Samir Abasovla Rafael Əmirbəyovu da bir neçə dəfə heyətə daxil edib.

“Chat GPT” orta xətdə Mahmud Qurbanov, Qara Qarayev, Aslan Kərimova yer verib. Cavid İmamverdiyev də bir neçə halda heyətə daxil edilib.

İrəli “3-lük”də isə əsasən, Qurban Qurbanov, Branimir Subaşiç və Nazim Süleymanov yer alıblar. Burada Vaqif Cavadov da botun seçimləri arasında olub.

Bot eyni zamanda hazırkı ən güclü heyəti də müəyyənləşdirib. “Chat GPT”yə görə, mövcud vəziyyətdə Azərbaycan millisi üçün ən yaxşı seçim belədir:

Emil Balayev – Azər Salahlı, Toral Bayramov, Bəhlul Mustafazadə, Bədavi Hüseynov - Riçard Almeyda, Qara Qarayev, Dmitri Nazarov – Mahir Emreli, Renat Dadaşov, Ramil Şeydayev.

Maraqlıdır ki, heç bir halda bot Azərbaycan millisi tarixində ən yaxşı ikinci bombardir olan Emin Mahmudovu heyətə daxil etməyib.

Digər Xəbərlər
Xəbər Lenti