Finalın kölgəsində gizlənən "Neftçi"yə 16 dəqiqəlik dərs

3 May 2023 16:00 Azərbaycan Futbolu 713
Finalın kölgəsində gizlənən "Neftçi"yə 16 dəqiqəlik dərs

Azərbaycan Premyer Liqasının 32-ci turu Azərbaycan derbisi ilə yadda qaldı.

Futbol üzrə ölkə çempionatlarının hamısında iştirak etmiş iki komanda - "Neftçi" və "Qarabağ" üzə-üzə gəldi.

Bir neçə gün əvvəl "Turan"nı son dəqiqələrdə vurduğu 2 qolla məğlub edərək ölkə kubokunun finalına yüksələn bakılılarda ab-hava ən üst səviyyədə idi.

Regekampfın yetirmələri üçün yayda yığılan Tovuz təmsilçisini yazda məğlub etməyin dadını Avropa Liqasının qrupuna düşübmüş kimi qeyd etməyin heç yeddisi də çıxmadı. Cəmi 6 gün sonra "Qarabağ" buna imkan vermədi.

Qışda bir xeyli zəifləyən, son iki turda qələbə üzünə həsrət qalan, bir sözlə, formasından çox uzaq "Qarabağ".

Qurban Qurbanovun yetirmələri derbinin taleyini cəmi 16 dəqiqədə həll etdi.

Öncə Ramil Şeydayev, ardınca Leandro Andrade baxımlı qollarla hesabı 2:0 etdi. Davamı olacağı şübhəsiz idi. Çünki meydanda dominatlıq edən tərəf "Qarabağ" idi.

Sadəcə, "Neftçi"nin dadına çatan Voyislav Stankoviçin 31-ci dəqiqədə qırmızı vərəqə alması çatdı. Nə qədər qəribə səslənsə də azlıqda qalmaq meydan sahiblərini darmadağın olmaqdan xilas etdi.

Açıq-aşkar hiss olunurdu ki, rəqib azlıqda qalandan sonra qonaqların startdakı ciddiyətindən əsər-əlamət yoxdur. Mateu Saldaniyanın qolunda müdafiənin "kef məclisi" açması da bundan irəli gəlirdi.

Fasilə ərəfəsində fərq azalınca ağdamlılar ikinci yarıya yüksək templə başladı. Cəmi 10 dəqiqə sonra nəticəsi gəldi - 3:1.

Oxşar mənzərə sonrakı dəqiqələrdə də bir dəfə yaşanınca "Qarabağ"ın əzəli rəqiblə oyunda 4:2 hesablı qələbə sayəsində növbəti 3 xalı götürməsi rəsmiləşmiş oldu.

Bununla da "Köhlən atlar" çempionluğu hələm-hələm əldən vermək fikrində olmadıqlarını göstərmiş oldular.

"Neftçi" isə yanlış yolda irəliləməyə davam edir. Ölkə kubokunun finalı rəsmiləri bütün problemlərə kor edib. "Turan"ı keçməyi böyük qəhrəmanlıq kimi təqdim edən klub "Qəbələ"ni udsa nələr edəcək Allah bilir.

Avrokuboklar isə qapıdadır. Elə 16 dəqiqədə bitən "Qarabağ"la oyun da avrokubok oyunu kimi qiymətləndirilə bilər.

Bunu həm də finalın kölgəsində gizlənlənlərə verilən 16 dəqiqəlik dərs də saya bilərik. Qalır oxumaq, öyrənmək və düzəlmək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu