Bakıda möhtəşəm minifutbol bayramı başladı: Millimiz heç-heçə etdi

1 May 2023 22:50 Azərbaycan Futbolu 541
Bakıda möhtəşəm minifutbol bayramı başladı: Millimiz heç-heçə etdi

Bakıda Minifutbol üzrə Beynəlxalq Turnirə start verilib.

Mayın 1-də Azərbaycan Minifutbol Federasiyasnın (AMF) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Minifutbol üzrə Beynəlxalq Turnirin açılış mərasimi keçirilib.

Tədbirdə idman federasiyalarının rəhbərləri, Türkiyə, Ukrayna, Çexiya və s. ölkələrin Azərbaycandakı səfirləri iştirak ediblər.

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli Liderin idmana diqqət və qayğısından bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda idman siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, ölkəmizdə keçirilən beynəlxalq idman tədbirlərinin sayının ildən-ilə artdığını qeyd edib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmanın inkişafına və idmançılarımıza böyük diqqət və qayğısı beynəlxalq yarışlarda yeni qələbələr qazanmağımıza zəmin yaradır.

Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti, “Zirə” Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov ölkəmizdə minifutbolun inkişafı,

Beynəlxalq Minifutbol Turnirinin məqsədi barədə fikirlərini bölüşüb, turnirin dostluq mühitində keçəcəyinə və yaddaşlarda qalacağına əminliyini vurğulayıb, yarışda iştirak edəcək komandalara uğurlar arzu edib.

Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filip Juda Azərbaycanın minifutbol üzrə Avropa çempionluğundan sonra bu idman növünə marağın daha da artdığının, belə mötəbər beynəlxalq turnirlərin bu idman növünün təbliğində əhəmiyyətli olduğunu vurğulayıb.

Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqət dəfələrlə beynəlxalq idman təşkilatları və federasiyaları tərəfindən yüksək qiymətləndirilib.

Çıxışlardan sonra açılış mərasimi bədii proqramla davam edib. Yekunda turnirdə mübarizə aparan 10 ölkənin komandaları səhnəyə dəvət olunub.

Turnirin açılış oyununda Azərbaycan və Çexiya yığmaları qarşılaşıb. Millimiz bu görüşdə rəqibi ilə qolsuz bərabərə qalıb.

Bakı Tennis Akademiyasında baş tutan birinci qarşılaşmada Serbiya ilə Gürcüstan yığmaları üz-üzə gəliblər. A qrupundakı görüşün taleyini 1 qol həll edib. Nikola Tomiçin 9-cu dəqiqədə vurduğu top Serbiya kollektivinə 1:0 hesablı qələbə qazandırıb.

B qrupu çərçivəsində keçirilən Ukrayna – Qazaxıstan oyununda da eyni hesab qeydə alınıb. Burada Şahrur Xaşimovun 40-cı dəqiqədə vurduğu yeganə qol qazaxıstanlılara qalibiyyət gətirib.

B qrupunun ikinci matçında Fransa millisi Cənubi Afrika Respublikasını (CAR) sınağa çəkib.

Bakı Tennis Akademiyasında baş tutan qarşılaşma Avropa təmsilçilərinin darmadağını ilə başa çatıb. Fransızlar rəqibin qapısından 11 cavabsız top keçiriblər.

HƏBİB / SPORTINFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti