Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Sabah”la “Qarabağ” arasındakı matçdan sonra (1:0) yaşananlar ötən həftəyə damğa vurdu.
Rəvan Həmzəzadə ilk hissədə Mateuş Koxalskini meydanda qovmaqla emosiyaları qızışdırmışdısa, son dəqiqələrdə “Sabah”ın qapısına penalti təyin etməməklə vəziyyəti pik hədddə çatdırdı.
Ara qarışdı, məzhəb itdi, meydanda çoxdan görmədiyimiz gərginlik yaşandı.
Sonradan mətbuata ötürülən videogörüntülərdən məlum oldu ki, “Qarabağ”ın futbolçusu Marko Yankoviçlə referi Rəvan Həmzəzadə az-qala əlbəyaxa dava edəcəkmiş. Ətrafdakıların müdaxiləsi sayəsində baş verəcək biləcək ağır insidentin qarşısı alınıb.
Sakit təbiətli futbolçu kimi tanıdığımız Markonun özündən çıxması boşuna ola bilməz. Mütləq ki, orada hansısa xoşagəlməz hal yaşanıb. Əks halda özünə bu dərəcədə əl qatmazdı.
Hadisənin hansı səbəbdən baş verdiyini, niyə bu həddə çatdığını, Yankoviçin özünü necə hiss etdiyini öyrənmək üçün oan yaxın olan şəxs, həm də “Qarabağ”a keçidində vasitəçilik etmiş Tural Əsgərovla danışdıq:
“Məsələ ilə bağlı şəxsi fikirlərimi dilə gətirməklə maraqlı tərəf görünə bilərəm. Çünki Yankoviçin haqlı olduğu bildirsəm, futbolçunun tanışı olduğuma görə belə danışdığımı düşünəcəklər. Ki, Marko ilə yaxınlıq edib, 5-10 manat pul qazanıb deyə, azərbaycanlı hakimi futbolçunun ayağına verir.
Bunu başa düşərək maksimum dərəcədə ədalətli olmaq istəyirəm.
Əslində olayın niyə və hansı səbəbdən baş verdiyini hamı görüb. Təyin olunmayan penaltidən sonra əsəblər gərildi, “Qarabağ” futbolçuları hakimə narazılıq etdi.
Yayılan bir neçə saniyəlik video olayın bir hissəsidir. Ona görə də orada ümumilikdə nələrin baş verdiyini bilmirik.
Görüntünün başlanğıcında hakim öz otağından xeyli uzaqdadır. Hərəkətlərindən belə başa düşülür ki, əl hərəkətləri ilə Yankoviçə “bura gəl, görüm, nə demək istəyirsən” jestini edir.
Nə Markonun, nə də Rəvanın tərəfindən çıxış etmək fikrim var. Dediyim kimi, orada olmamışam, danışılanları eşitməmişəm.
Deyirlər, futbolçu hakimi ölümlə təhdid edib və sair. Belə bir səs yazısı varsa, dinləmək yaxşı olardı. Və ya sübut kimi ortaya qoyulsun, hamı eşitsin.
AFFA və Hakimlər Komitəsi bu cür hallara hazır olmalıdır. Təklif edirəm ki, hakimlər yaxasında diktofon gəzdirsin.
Məsəkən, yol polislərində var. Nə vaxtsa bu cür hallar baş verəndə, səs yazıları əsasında cərimə vermək mümkün olsun.
Hakim futbolçuya qırmızı vərəqə göstərir və iddia edir ki, futbolçu məni təhqir etdi. Futbolçu da təhqirə yol vermədiyini bildirir.
Hakim ədalət təmsilçisi olsa da, bu, bütün dediklərinin və qərarlarının ədalətli olması anlamına gəlməməlidir. Hakim də insandır, səhv edə, qərəzli davrana bilər.
Bunu niyə deyirəm? Bir neçə futbolçu ilə danışmışam, deyirlər, hakim meydana oyunu idarə etməyə yox, sanki bizə güc göstərməyə çıxır.
Hətta bəzən hakimlərin nalayiq ifadələr işlətdiyini bildirənlər olub. Bunu bir futbolçu yalan deyər, ikisi yalan danışar. Bir neçəsi eyni cür danışırsa, deməli, nəsə var.
İntizam Komitəsi qərar verəndə hakimin protokolda yazdıqlarını əsas götürəcək. Halbuki futbolçuların hakimin onları söydüyünü iddia edir.
Niyə məhz hakimin iddiası əsas götürülür? Məgər o, olayı özünə sərf edən tərəfə yoza bilməz? Məgər hakim nə deməsindən, nə etməsindən asılı olmayaraq haqlıdır?
Oyunun əvvəlində hakim “Sabah”ın futbolçularına birinci sarı vərəqniə göstərəndə etiraz etməkdə davam edirdilər. Halbuki belə vəziyyətdə ikinci “sarı”nı da göstərmək olardı.
O anda Rəvan Həmzəzadə “Sabah”ın hansısa oyunçusuna davamlı etiraza görə ikinci “sarı”nı versəydi, sizi inandırım,
Yankoviçlə bağlı dəhlizdə gördüklərimiz meydanın ortasında, minlərlə insanın qarşısında yaşanacaqdı.
Futbol şahman deyil, tətbiqi riyaziyyat, yaxud fizika deyil ki, qaydaları 5 nəfər bilsin, 10 nəfər yox. Futbol sahəsində çalışan hər kəs qaydalardan xəbərdardır. Hətta futbolla az maraqlanan insanlar belə, müəyyən məlumatlara sahibdir.
Turun oyunlarındakı qərarların icmalını təqdim edəndə artıq fiziki qanunlardan danışmağa başlayıblar. Hərəkətinm intensivliyi, hərəkətin dərəcəsi, bucaq, künc – futbolu riyaziyyata, cəbr-həndəsəyə döndəriblər.
Bəlkə də riyaziyyatçılar zərbənin intensivliyini saatlarla ölçə bilməz. VAR-da əyləşənlər bir neçə saniyənin ərzində ölçür.
Heç kim icazə vermir ki, qaydaları hər kəs istədiyi şəkildə yozsun. İnsanlar da ağzını açanda desinlər ki, qaydaları bilmirsiniz, boş-boş danışmayın.
Deyir, top yaxın məsafədən ələ dəydiyi üçün epizod penalti kimi dəyərləndirilməyib. O zamn söyləsinlər görək, yaxın məsafə neçə metr, neçə santimetr hesab olunur.
Kobudluq zamanı qırmızı vərəqə verir, sonra da deyir ki, düşünülməmiş hərəkət idi. Nə bilirsən futbolçu onu düşünüb etmişdi, yoxsa düşünməmişdi?
Onun başının içinə girmisən? Söz oynatmaqla, qərarları müxtəlif cür təqdim etməklə özünü ağıllı təqdim etmək çıxış yolu deyil.
Qayıdaq Yankoviç məsələsinə. Təkrar edirəm, futbolçunun tərəfini tutmuram.
Ancaq İntizam Komitəsi qərar verəndə hadisəni tam araşdırmalı, düzgün qiymət verməlidir. Təqdim olunan videoda görünənlər hadisənin tam sübutu deyil, bir hissəsidir.
Rəvan Həmzəzadə otağından kənarda futbolçu ilə əlbəyaxa olmağa çalışır və sonra onu otağına dəvət edir. İnsident haradan başlayıb, niyə başlayıb, ümumi mənzərə necədir – bunları aydınlaşdırmaq lazımdır.
Ən yaxşı hakim bu cür oyunları qalmaqalsız başa vurmağı bacarandır. Rəvan Həmzəzadə bunu bacarmadı. Çünki meydanda qaydalar çərçivəsində işini görməkdən çox gücünü göstərməyə çalışırdı. Belə hakimlik olmur.
Çox xahiş edirəm, siz jurnalistlər də bu cür məsələləri diqqətdə saxlayın, baş verən hadisələri araşdırın, qiymətləndirin.
Cari mövsümdə Hakimlər Komitəsi “Qarabağ”ın etdiyi etirazların heç birini haqlı qəbul etməyib. “
Turan Tovuz”a qarşı hakim səhvləri etiraf olunub, “Sabah”a qarşı həmçinin, “Neftçi”yə qarşı da o cür. Lakin söz “Qarabağ”dan düşəndə...
Belə olduğu halda futbolçularda hakimlərə qarşı mənfi fikirlər formalaşır. Futbolçu meydana çıxanda rəqibdən yox, hakimdən ehtiyatlanır və hansısa qərar bu cür problemlərlə nəticələnir”.
HƏBİB / SPORTİNFO.AZ

