"Qarabağ"ın yolunun üstünə çıxanlar… MARAQLI FAKT

7 May 2021 17:20 Avropa Liqası 1 588
"Qarabağ"ın yolunun üstünə çıxanlar… MARAQLI FAKT

"Qarabağ"ın avrokubokların qrup mərhələsindəki rəqibləri son 7 mövsümdən 5-də turnirlərin finallarına vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, ardıcıl 4 mövsümdür Ağdam təmsilçisi ilə eyni qrupda yer almış klublar belə bir nailiyyətə imza atırlar.

Son olaraq ölkə çempionunun Avropa Liqasının I qrupundakı rəqibi İspaniyanın "Vilyarreal" komandası finala adlayıb. Unay Emerinin baş məşqçi olduğu kollektiv yarımfinalda İngiltərə "Arsenal"ını mübarizədən kənarlaşdırıb - 2:1; 0:0.

"Qarabağ" "sarı sualtı qayıqlar"la qrupdakı ilk matçında 1:3 hesabı ilə uduzub. İspaniyadakı görüş isə Azərbaycan təmsilçisində koronavirusa kütləvi yoluxma və zədələr səbəbindən ləğv edilib və komandaya texniki məğlubiyyət verilib.

2019/2020 mövsümündə "köhlən atlar"ın Avropa Liqasının A qrupundakı rəqibi İspaniya "Sevilya"sı həlledici görüşdə iştirak hüququna yiyələnib. Xulen Lopeteginin baş məşqçi olduğu kollektiv yarımfinalda İngiltərə "Mançester Yunayted"ini mübarizədən kənarlaşdırıb - 2:1. Azərbaycan çempionu qrupdakı hər iki matçda rəqibinə məğlub olmuşdu - 0:2, 0:3.

2018/2019 mövsümündə də "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İngiltərə "Arsenal"ı finalda oynayıb. London klubu Bakı Olimpiya Stadionundakı qarşılaşmada şəhərin digər təmsilçisi "Çelsi"yə 1:4 hesabı ilə uduzub. Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda rəqibinə 0:3, Londonda isə 0:1 hesabı ilə yenillmişdu.

2017/2018 mövsümündə isə "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində oynayıb. İngiltərənin "Çelsi", İtaliyanın "Roma" və İspaniyanın "Atletiko" klubları ilə birgə mübarizə aparmış ölkə çempionu qrup mərhələsini 2 xalla sonuncu pillədə başa vurub. Bakıda "Atletiko" ilə qolsuz heç-heçə edən Ağdam təmsilçisi Madriddə 1:1-lik bərabərliyə nail olub. Bu nəticələrdən sonra İspaniya klubu mübarizəyə Avropa Liqasında davam edib və finala yüksəlib. Baş məşqçi Dieqo Simeonenin komandası finalda Fransa "Marsel"ini 3:0 hesabı ilə üstələyib.

5 il əvvəl - 2014/2015 mövsümündə də "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Ukrayna "Dnepr"i turnirin finalına yüksəlib. Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub etmiş Ağdam komandası Bakıda eyni uğuru təkrarlaya bilməyib və meydanı məğlub tərk edib - 1:2. "Dnepr" isə finalda "Sevilya" ilə bacarmayıb - 2:3.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı