
Avrokuboklardakı ümid mənbəyimiz “Qarabağ” mübarizəyə start verir.
Qurban Qurbanovun yetirmələrinin bu axşamkı rəqibi 2020-nin yayında “köhlən atlar”ı Çempionlar Liqasından uzaqlaşdıran “Molde”dir.
Məhz bu faktın özü “Qarabağ”lılarda qisas hiss yaratmalıdır. Koronavirus pandemiyasının qaynar vaxtında, cütün taleyi bir oyundan asılı hala düşən dönəmdə Azərbaycan və Norveç təmsilçiləri Kiprdə üz-üzə gəlmişdi.
“Köhlən atlar”da həmin vaxt nəsildəyişmə prosesi yaşanırdı və heyətə yeni adlar cəlb olunmuşdu. Əsas vaxtda qapılara qol vurulmadığından cütün taleyi penalti zərbələrində həll olunmuşdu.
Gərgin keçən duelin yekununda Skandinaviyadan olan rəqib 6:5 hesabı ilə Çempionlar Liqasının pley-offuna yüksəlmişdi.
Həmin vaxt bu cür məğlubiyyət heç kimin ağlından keçmirdi deyə, ÇL-in qapısından qayıtmaq ölkə futbolsevərləri kimi, “Qarabağ”lılara ciddi zərbə vurmuşdu.
O dönəm həm də Qarabağ müharibəsi ərəfəsiydi. Cəbhədə atəşkəs pozulmuşdu və müharibənin başlamasına sayılı günlər qalmışdı.
İndi də həssas dönəmdir. Qarabağda mərmi və güllə səsləri eşidilir. Bir neçə gün öncə şəhidlər vermişik, qazilərimiz var.
Erməni terrorçularının başlarından yuxarı tullanmaq həvəsinə görə atəşkəs pozulub, hər iki tərəf itkilər verib.
Ağdamlılar bu axşam tək “Qarabağ” yox, həm də Qarabağ adı üçün mübarizə aparacaq. “Molde”dən qisas almaq, şəhidlərimizin ruhunu qismən şad etmək üçün ələ yaxşı fürsət düşüb.
Qurbanovun yetirmələri bu axşam qazanacağı parlaq qələbə ilə həm qisas alacaq, həm qrup mərhələsinə xoş əhval-ruhiyyədə başlayacaq, həm də əhvalı yerində olmayan xalqı sevindirəcək.
Haydi, igidlər, qələbə zamanıdır!
HƏBİB / SPORTİNFO.AZ