
“Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin açıqlamasını oxudum, ürəyim sızladı.
Allah kəssin elə baş məşqçiliyi də, futbol ulduzluğunu da.
Adam deyir: “Hər zaman düşünürəm ki, sabah “Atletiko”dan qovulacağam”. Demək, komandası uduzdusa, bu yazıq qara gününü qablayır ki, indicə klubun sahibləri Migel Anhel Hil Marin (bir adamdır), İdan Ofer və Enrikye Sereso onu yanlarına çağıracaq və deyəcəklər: “Əziz Dieqo, sən azadsan!”
İntəhası, hiss olunur ki, adları çəkilən şəxslər çox qanacaqlı, qabiliyyətli adamlardır, “Atletiko” uduzanda da Simeoneni qovmurlar. Xüsusilə də adı birinci çəkilən Migel Marin təmkinli adama oxşayır. Klubun səhmlərinin 51 faizi ona məxsisdur, istəsə Ofer və Seresoya gənəşmədən Simeoneyə “əziz Diyeqo” deyə bilər.
Əslində 2017-ci ildə bizim dogma, əziz “Qarabağ”ımız həm Bakıda, həm də Madriddə “Atletiko” ilə heç-heçə (Madriddə qollu heç-heçə) oynayayanda Simeoneni, daha yazmıram, necə qova bilərdilər. Amma qovmadılar və komanda önünə keçən bütün komandaları uddu, axırda Avroliqanın çempionu oldu.
Aşkara çıxdı ki, həmin il “Atletiko”nun öhdəsindən gələ bilmədiyi yeganə komanda məhz “Qarabağ” olub. Biz 3 il 3 aydır bununla qürur duyuruq, Simeone isə 3 il 3 aydır ki, bunun xəcalətini çəkir və indiyədk azı 10 dəfə “O vaxt biz “Qarabağ”la matçda…” deyə cümlə qurub.
Şübhəsiz ki, həmin heç-heçələrdən sonra Simeone istefa vermək istəyib, amma Migelgil qəbul etməyiblər. 3-4 gün əvvəl “Atletiko” İspaniya kubokunda 3-cü divizion klubu “Kornella”ya uduzaraq (0:1), mübarizəni dayandırıb və yenə də ortaya Simeonenin qovulacağı barədə xəbərlər çıxıb.
Belədir, əzizlər, futbol dünyası siyasət dünyasından da etibarsızdır. Siyasətdə II dünya müharibəsini udan Çörçillin 1946-cı ildə xalqdan səs almadığı faktı varsa, futbol aləmində də Mirça Luçeskunun “Qalatasaray”ı çempion edən il “Qalatasaray”dan, sonrakı il “Beşiktaş” çempion edəndən sonra “Beşiktaş”dan qovulduğu faktı var.
O vaxt yazıq Mirça bərk kövrəlmişdi, demişdi, bir baş məşqçi komandasına daha nə edə bilər axı, çempionluqdursa, qazanmışam, ta nə olsun.
Amma kimə deyirsən, çempion məşqçini qovur, yerinə “hər kəsin qəlbində olan könüllər fatehi”ni gətirir, pis günə qalır, 4-5 aydan sonra onu da qovurlar.
Bu məsələdə ən etibarsız klub “Real”dır. İndiyədək bu klubdan çoxlu əjdaha məşqçilər qovulub. Komanda bir oyun uduzan kimi baş məşqçini çağırırlar içəri. Artıq Zidanın da dalına işıq salıblar, yerinə Raul Qonsalesi gətirirlər. Zidanın “Real”a qazandırmadığı kubok yoxdur, amma nə olsun, axırıncı oyunlarda uduzub, heç-heçə edib, demək, getməlidir.
Yuxarıda dediyim kimi, siyasətdə də belədir. Uduzan getməlidir. Amma təsəvvür edin, futbolda bir oyunu uduzanı qovmaq olur, siyasətdə isə müharibəni, seçkini uduzanı qovmaq olmur. Odur, baxın, İrəvanda Paşinyan, Vaşinqtonda Tramp necə dirəşirdilər. Yenə axırda Tramp yola gəlib, amma Paşinyan deyir, qırxdı, bir əskik deyil, getmirəm.
A kişi, sən Fergüssonsan, Mourinyosan, kimsən? Onlar oyunu sənin müharibəni uduzduğun hesabla uduzsalar, heç klubun baş ofisinə gəlməzdilər, istefalarını Feysbukda canlı yayım açaraq verərdilər, amma sən… Nəysə, bunu ta ermənilər bilər, Paşinyan bilər. Getmir, getməsin, lap yaxşı, bizə sərf edir, mağıl, sentyabrdan bəri qarşılıqlı anlaşma içində məhsuldar işləyirik.
İndi gələk öz ölkəmizə. Deyirlər, AMEA-da bir neçə vəzifəli alim postlarından qovulub. Əslində “götürülüb” yazmaq daha korrekt olardı, amma məsələ ondadır ki, vəzifədən çıxarılanlarn arxasına elə bir vedrə bağlayıblar ki, danq-dunq səsindən qovulmaya daha çox oxşayır. Ramiz müəllim büdcə talaması, yeyinti-mənimsəmə, korrupsiya məsələsində çox həssasdır, belə şeyləri qətiyyən təqdir etmir və bacardığı qədər cəzalandırır. Sovet “təmizləmələri” görmüş adamdır, bilir ki, əliəyrilik olan yerdə xeyir-bərəkət ola bilməz.
Ona görə də Simoenenun durumu üzücüdür, daima qovulmaq təhlükəsi altında yaşamaq bir şey deyil. İndilikdə əndişəyə gərək yoxdur, bir məğlubiyyətə görə ona bir söz deməzlər. Hərgah “Atletiko”nun uğursuzluğu xroniki şəkil alarsa, Migel Marin Oferi və Seresonu yanına dəvət edərək, köməkçisinə deyəcək: “O uğursuzu çağırın gəlsin”.
Samir SARI