COP29

Əliyev Ermənistanın gələcək taleyini planlaşdırır: İrəvan üçün son şans

20 Mart 2023 18:50 Hadisə 242
Əliyev Ermənistanın gələcək taleyini planlaşdırır: İrəvan üçün son şans

Azərbaycan dövləti konkret plan və strategiya üzrə hərəkət edir.

Müasir dünyada normal dövlətlərin gələcək perspektivləri və hədəfləri planlaşdırması geniş yayılmış praktikadır.

Və bu, avanqard dünya dövlətlərinin öz hədəflərinə çatmasında həlledici rol oynayan önəmli modelə çevrilib.

Rəsmi Bakı da Azərbaycan dövlətinin gələcək perspektivləri və hədəfləri istiqamətində indidən planlı addımlar atmağa üstünlük verir. Azərbaycan dövləti öz strateji hədəflərinə doğru irəliləyərkən, kənar dəstəyə ümid bəsləməyə də ehtiyac duymur. Ölkənin siyasi-iqtisadi potensialı və daxili resursları sərbəst davranmaq imkanlarını təmin edir.

Bu baxımdan, rəsmi Bakının Azərbaycan ərazisində erməni separatizminin və terrorizminin sıradan çıxarılması hədəfi üçün 2025-ci ili son müddət olaraq, müəyyən etməsi tamamilə məntiqlidir. Çünki 10 noyabr üçtərəfli anlaşmasına görə, 2025-ci ildə Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanın Qarabağ regionunda fəaliyyət müddəti sona çatacaq. Və rəsmi Bakı rus sülhməramlıların səlahiyyət müddətini artırmaq niyyətində olmadığından onlar ölkə ərazisindən çıxarılacaqlar.

7f3826d1c31ef80bab3adb698e73b7c4.jpg (120 KB)

Hələlik isə rəsmi Bakı bu prosesə indidən bütün istiqamətlər üzrə hazırlaşmağa başlayıb. Belə ki, Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqələrinin qurulması istiqamətində ciddi və prinsipial addımlar atılmaqdadır. Xankəndi və ətraf bölgədə yaşayan ermənilər region üzərində Azərbaycanın öz suveren hüquqlarını bərpa etmək üzrə olduğunu daha yaxşı hiss edirlər. İndi erməni separatçı-terrorçuların Azərbaycanın siyasi-hüquqi iradəsi ilə barışmaqdan başqa çıxış yolu qalmayıb.

Digər tərəfdən, Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan erməni separatçı-terrorçulara Ermənistanın dəstək verə bilməyəcəyi də dəqiqləşməyə başlayıb. Ermənistan bu məsələdə Azərbaycanla rəqabətə və ya qarşıdurmaya girə biləcək daxili resurslara malik deyil, heç yaxın onilliklərdə də olmayacaq. İndi rəsmi İrəvan erməni separatçı-terrorçuların gələcək taleyini məhz Rusiyanın üzərinə yükləməyə çalışır. Halbuki, 2025-ci ildə rus sülhməramlıların səlahiyyət müddəti bitəcəyindən bu cəhdlər olduqca absurd və məntiqsiz görünür.

Ancaq rəsmi İrəvanın bundan sonra edə biləcəyi nəsə bir şey də artıq yoxdur. Hər halda, Paşinyan hakimiyyəti erməni separatçı-terrorçulardan daha çox Ermənistanın gələcək taleyini düşünmək məcburiyyətində qalıb. Rəsmi İrəvan xarici himayədarlarının sifarişi ilə Azərbaycanla sülh sazişinin imzalanması prosesini uzatmağa çalışsa da, Ermənistan sürətlə yaxınlaşan təhlükəni nəzərə almalı olacaq. Çünki xarici himayədarların nə qədər dəstək vəd etsələr də, hərbi əməliyyatlar bərpa olunacağı təqdirdə, bir neçə "növbətçi bəyanatdan uzağa gedə bilməyəcəklərini böyük ehtimalla Paşinyan hakimiyyəti də anlamağa başlayıb.

Əslində, Paşinyan hakimiyyəti üçün hazırda Ermənistanın xarici himayədarlarını deyil, məhz Azərbaycanın siyasi rəhbərliyinin xəbərdarlıq mesajlarını dinləməsi daha vacibdir. Xüsusilə də, Azərbaycan Prezidenti İlham Əliyevin açıqlamaları Paşinyan hakimiyyətinə Ermənistanın gələcək taleyini planlaşdırmaq imkanları açır. Çünki Azərbaycan lideri Ermənistanı gözləyən təhlükələri açıq şəkildə dilə gətirir və rəsmi İrəvanın bundan necə yayına biləcəyini vurğulayır.

4eef602d915bd5538b664b63d8cdbed8.jpg (94 KB)

Bu baxımdan, Prezident İlham Əliyevin açıqlamaları əslində, Ermənistanın gələcək taleyinin xilas edilməsində Paşinyan hakimiyyəti üçün müəyyən mənada, hazır "yol xəritəsi" rolunu da oynaya bilər. Əgər, rəsmi İrəvan Azərbaycan liderinin gündəmə gətirdiyi "yol xəritəsi"ndən kənara çıxarsa, onda rəsmi Bakı Ermənistanın "gələcək taleyini" təkbaşına planlaşdıracaq. Halbuki Prezident İlham Əliyevin xəbərdarlıq mesajları çox açıq və konkret məzmun daşıyır.

Məsələ ondadır ki, Azərbaycan lideri Paşinyan hakimiyyətinə çirkin əməllərdən çəkinməyi məsləhət görüb. Ancaq Azərbaycan lideri Ermənistanın İkinci Qarabağ savaşından ibarət dərsi almadığını da vurğulayıb: "Çünki biz görürük ki, Ermənistanda revanşist qüvvələr baş qaldırıb. Ermənistanda yenə də Azərbaycana qarşı ərazi iddiaları qaldırılır. Bizə qarşı hər bir çirkin plana güclü iradəmiz, müzəffər ordumuz cavab verəcək. Heç kim bizim qabağımızda dura bilmədi, bu gün də dura bilmir, sabah da dura bilməyəcək".

Azərbaycan Prezidenti rəsmi İrəvana anlatmağa çalışır ki, Ermənistanın xarici himayədarlara ümid bəsləyib, fərqli niyyətlərə yönəlməsi müsbət nəticə verməyəcək. Əksinə, bundan yalnız Ermənistan ziyan çəkəcək. Ermənistan və onun arxasında duran ikiüzlü ölkələr yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin planlarını reallaşdırmağa nail olmayacaqlar. Və Azərbaycan lideri Ermənistanın arxasında olan ikiüzlü ölkələrdən danışarkən, ilk növbədə məhz Fransanı nəzərdə tutduğu qətiyyən şübhə doğurmur.

Prezident İlham Əliyev rəsmi İrəvana üzləşdiyi indiki qəliz situasiyadan ən real çıxış yolunu da göstərməyi qətiyyən unutmayıb. Azərbaycan lideri vurğulayıb ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü mütləq tanımalıdır. Əks halda, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq və sülh sazişinin imzalanması mümkün olmayacaq. Və haldasa, Rusiya imperiyası tərəfindən Ermənistana birləşdirilmiş tarixi Azərbaycan əraziləri ilə bağlı mövzular gündəmdə daha ön plana keçiriləcək.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)

Ona görə də, rəsmi İrəvan Azərbaycan liderinin Ermənistanın gələcək taleyi ilə bağlı gündəmə gətirdiyi "yol xəritəsi" barədə indi daha ciddi düşünməlidir. Çünki Prezident İlham Əliyev Ermənistanın 29 min kvadratkilometr ərazidə mövcud olmaq şansını qoruması üçün konkret şərt şərt irəli sürüb: "Ermənistan bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərimizə əsasən, delimitasiya işlərini aparmalıdır”.

Göründüyü kimi, Azərbaycan Prezidentinin şərtləri həm prinsipial, həm də beynəlxalq hüquq normalarına uyğundur. Qarabağ regionu beynəlxalq hüquqa görə, Azərbaycanın tərkib hissəsidir. Rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, sülh sazişi imzalamağa məcburdur. Cənubi Qafqazda yeni savaş təhlükəsindən yayınmağın yeganə yolu məhz rəsmi Bakının şərtlərinin icra edilməsindən keçir. Əks halda, rəsmi Bakı beynəlxalq hüquqa əsaslanan şərtlərini hərbi yolla reallaşdırmaq dan çəkinməyəcəyini qətiyyən gizlətmir. Və ən əsasısa, rəsmi İrəvan da əslində, anlayır ki, Azərbaycan ordusu hərəkətə gətirilsə, xarici himayədarları Ermənistana hər hansı dəstək verə bilməyəcəklər.

Bu baxımdan, baş naziri Nikol Paşinyanın da bir müddət əvvəl dediyi kimi, əgər, Ermənistan 29 min kvadratkilometrlik bir ərazidə mövcudluğunu qorumaq istəyirsə, Azərbaycan Prezidenti İlham Əliyevin tələb-şərtlərinin dərhal yerinə yetirilməsinə başlamalıdır. Bu məsələdə rəsmi İrəvanın vaxtı uzatmaq cəhdləri Ermənistanın geopolitik intihara sürüklənməsi anlamına gəlir. Hər halda, davamlı siyasi manipulyasiyalarla vəziyyəti gərginləşdirən rəsmi İrəvanın ümidlərinin əksinə olaraq, zaman Ermənistanın əleyhinə işləyir. Çünki rəsmi Bakı uzun müddət gözləmək niyyətindən görünür.Və Azərbaycan ordusu hər an Ermənistanın gələcək taleyini planlaşdırmaq üçün Prezident İlham Əliyevin "yol xəritəsi"nin reallaşdırılmasına başlaya bilər (musavat.com).

Digər Xəbərlər
Xəbər Lenti