Bakı-İrəvan sazişi masaya gətirilir - Moskva isə...

18 May 2023 20:30 Gündəm 1 108
Bakı-İrəvan sazişi masaya gətirilir - Moskva isə...

Ermənistanın baş naziri Nikol Paşinyan bütün dünyaya növbəti sülh “performansı” göstərdi.

Siyasi təlxəkliyindən qalmadı.

Bir daha qənaət hasil oldu ki, bu adamın Azərbaycanla sülh müqaviləsi haqda təsəvvürü radikal-revanşistlərdən ciddi fərqlənmir və “dəmir yumruq”dan sonra da rəsmi İrəvanın ölkəmizə qarşı ərazi iddiası qalır.

Bölgədə böyük sülhə ən böyük təhlükə də məhz budur - Ermənistanın öz qonşularına qarşı bitməyən ərazi iddiası, “barıt qoxulu” köhnə, destruktiv ritorika. Keçək konkretliyə.

*****

“Sülh sazişinin mətnində Ermənistanın 29,8 min kv.km-lik ərazisinin Azərbaycan tərəfdən tanınmasının dəqiqliklə əks olunmasını razılaşdırmaq hələ mümkün olmayıb”.

Bu absurd fikri N.Paşinyan bir neçə gün öncə Praqa səfəri çərçivəsində söyləyib. Guya Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımaq istəmir. Beləcə, Paşinyan Avropanın mərkəzində oturub utanmazcasına bunu sülh sənədinin imzalanmasında əsas maneələrdən biri adlandırır. Blef edir, ağ yalan danışır. Halbuki Bakının sülh anlaşması üçün İrəvana təklif elədiyi 5 məlum baza prinsipinin birincisi məhz elə iki ölkənin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanıması barədədir. Prinsip 1: “Dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması”.

Başqa nə cür ifadə olunmalı, nə deyilməli idi görəsən?

Amma görün Paşinyan ardınca nə deyir: “Digər problem Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi mexanizmlərinin, Xankəndi ilə Bakı arasında (? - red.) dialoqun formatının qeyri-müəyyənliyidir. Erməni tərəfinin fikrincə, dialoq beynəlxalq mexanizmlər çərçivəsində baş tutmalıdır”.

Başqa sözlə, Ermənistan rəhbəri hiyləgərcəsinə sülh sazişini aparıb həm də bizim daxili işimiz sayılan Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsini bağlayır və üstəlik, tələb edir ki, Bakı Xankəndi separatçıları ilə beynəlxalq vasitəçinin iştirakı ilə, beynəlxalq mexanizm çərçivəsində (!) danışıq aparsın. Sanki Qarabağdakı oyuncaq rejim beynəlxalq hüququn subyekti imiş.

Ərazi iddiasının buynuzu-zadı olmur ki...

*****

Problem də ondadır ki, məhz erməni tərəfinin ölkəmizə qarşı davam edən ənənəvi torpaq iddiası keçən həftə Vaşinqtondakı 4 günlük danışıqların real nəticəyə gətirməsinə imkan verməyib. Müzakirələrin yekunu kimi, heç olmasa, ortaq bəyanat da qəbul edilmədi. Hərçənd 44 günlük müharibədən sonra Putinin iştirakı ilə Moskvada bir, Soçidə iki ortaq bəyanat imzalanıb. Amma heç bir xeyri olmayıb. Çünki əsas problem İrəvanı beynəlxalq hüququ sayğılı olmağa məcbur eləməkdir.

Təəssüf ki, Ermənistana ciddi təsir rıçaqları olan böyük güclər nə 30 illik işğal dönəmində bunu etdilər, nə də 2-ci Qarabağ savaşından sonra buna hələ ki həvəs göstərmirlər. O səbəbə kapitulyant ermənilərin ayağı yenə yer alır, ipə-sapa yatmır, “göylə” gedilərlər.

Ya da ki, Ermənistanı sülhə Azərbaycan vadar etməli olacaq. Lakin Qərbin və Rusiyanın ayrı yolu qalmayıb, əks halda, bölgə yeni müharibəyə tuş gələ bilər...

*****

Paşinyanın Moskva səfəri: Putinlə sənədlər paketi imzalanacaq - 19.04.2022,  Sputnik Azərbaycan

Qeyd edək ki, dünən Nikol Paşinyanın Moskvaya səfəri gözlənilirdi. Rəsmi məlumata görə, o, hətta 9 May Qələbə günü də Rusiyada olacaq.

Səfərdən öncə “Past” erməni nəşrinin yazdığı diqqət çəkir. Sitat: “Bundan əvvəl İrəvanda olarkən Fransanın xarici işlər naziri Ketrin Kolonna Paşinyanla Əliyev arasında Kişinyov görüşünün mümkünlüyünü açıqlamışdı. XİN-dəki mənbəmizin məlumatına görə, Nikol Paşinyan iyunun 1-də Moldovanın paytaxtı Kişinyovda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində İlham Əliyevlə görüşəcək. Üstəlik, həmin mənbə bildirir ki, Moskvada gözlənilən görüş Kişinyovda mümkün razılığın əldə olunması məqsədilə keçirilir ki, həmin sənəd müəyyən mənada Rusiya tərəfi üçün də məqbul olsun. Xüsusilə mümkün risklərdən və tələlərdən qaçmaq üçün Paşinyan Vaşinqtonda müzakirə olunan bütün paketi Moskvaya təqdim etməyə hazırlaşır. Əldə etdiyimiz məlumata görə, Putinlə müzakirə olunan əsas mövzu ilk növbədə Rusiya sülhməramlılarının "artsax"da bundan sonrakı mövcudluğu ilə bağlı olacaq”.

*****

Nüfuzlu Qərb nəşrlərindən olan “Financiel Times” isə dünən özünün məlumatlı mənbələrinə istinadən yazıb ki, həftəsonu - mayın 14-də Azərbaycan və Ermənistan liderləri Brüsseldə sülh danışıqlarını bərpa edəcəklər. Qəzet bunu Qərb müttəfiqlərinin tərəflər arasında son hərbi toqquşmalardan sonra “münaqişəli qonşular arasında vasitəçilik səylərini gücləndirmək zərurəti” ilə izah edir.

Şarl Mişel, İlham Əliyev və Nikol Paşinyanın Brüsseldəki üçtərəfli görüşü  necə yekunlaşdı

“Bu məqsədlə Avropa Şurasının Prezidenti Şarl Mişel bazar günü Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirəcək. Bu, fevralda Münhendəki danışıqlardan sonra və iki ölkənin xarici işlər nazirlərinin keçən həftə Vaşinqtonda geniş müzakirələr aparmasından sonra iki lider arasında ilk təkbətək görüş olacaq”, - deyə nəşr qeyd edir.

Qəzetə danışan iki informasiyalı məmurun bildirdiyinə görə, iyunun 1-də üç lider (Əliyev, Mişel və Paşinyan), həmçinin Moldovada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Almaniya kansleri Olaf Şolz və Fransa Prezidenti Emmanuel Makronla daha bir görüş keçirməyi planlaşdırır (3+2 formatı).

Qəzetin ehtimalına görə, danışıqlarda çox güman ki, Azərbaycanın Ermənistandan Qarabağa gedən yeganə yolda sərhəd-keçid məntəqəsi yaratmaq qərarına diqqət yetiriləcək. “Onlar həmçinin sərhədlərin demarkasiyası, məhbus mübadiləsi və minlərlə minanın təmizlənməsi səylərinə diqqət yönəldəcəklər”, - deyə “Financiel Times” vurğulayıb və əlavə edib ki, Şarl Mişel və İlham Əliyevin nümayəndələri məsələyə şərh verməkdən imtina ediblər, Nikol Paşinyanın mətbuat katibi isə nəşrin sorğusuna, ümumiyyətlə, cavab verməyib.

Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev bildirib ki, Bakı Mişelin missiyası ilə özünü kifayət qədər rahat hiss edir, “çünki Avropa İttifaqının gizli gündəliyi yoxdur”. Onun sözlərinə görə, AB-nin vasitəçiliyi ilə keçirilən proses danışıqların “əsas konsepsiyalarını” və onların strukturunu hazırlayıb. Hacıyev eyni zamanda qeyd edib ki, Bakı istər Moskvada olsun, istərsə də Vaşinqtonda və ya Brüsseldə, görüşlərlə bağlı çeviklik nümayiş etdirir. Onun qənaətincə, nəticə əldə etmək üçün proses daha “inklüziv” olmalıdır. “Rusiya regionda sülhün bərqərar olunması prosesinə effektiv töhfə verə bilər. Amma o da həqiqətdir ki, Rusiyanın başı Ukraynadakı müharibəyə qarışıb”, - Hacıyev qəzetə bildirib.

*****

Beləliklə, görünən budur ki, daha çox Vaşinqton-Brüssel tandemi sayəsində Bakı-İrəvan çərçivə sənədi tezliklə masaya qoyula bilər. Ancaq buna rəsmi Moskvanın verəcəyi reaksiya az önəm kəsb eləmir. Müşahidə edilən həmçinin Ermənistanın tədricən küncə sıxışdırılmasıdır. Paşinyanın tələsik Moskva səfəri bunun bariz sübutu sayıla bilər.

Bakının isə ciddi narahatlığına əsas yoxdur, çünki güclü və qalib tərəfdir, sülh gündəliyi əsasən onun irəli sürdüyü 5 baza prinsipi əsasında irəliləyir...

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"