"Atletiko"nu gözləyən təhlükə - "Qarabağ" lənəti"

27 Noyabr 2019 14:02 Çempionlar Liqası 941
"Atletiko"nu gözləyən təhlükə -

"Atletiko"nun Çempionlar Liqasının qrup mərhələsinin V turunda səfərdə "Yuventus"a minimal hesabla məğlubiyyəti Madrid klubunun turnirdən kənarda qalması ilə nəticələnə bilər.

Sportinfo.az xəbər verir ki, İspaniya mətbuatında "Qarabağ" lənəti" başlığı ilə çıxan xəbərdə La Liqa klubunun 2017-2018 mövsümündə Ağdam təmsilçisi ilə hər iki matçda heç-heçə edərək, ÇL-lə vidalaşması qeyd olunub. Dieqo Simeonenin komandasının bu dəfə də eyni aqibətlə üzləşə biləcəyi istisna edilmir:

"Atletiko"nun Turindəki məğlubiyyəti komandanın Çempionlar Liqasındakı gələcəyini sual altına saldı. Artıq "Qarabağ" lənəti üfiqdə görünməyə başlayıb".

Qitənin bir nömrəli klub turnirində ardıcıl final və yarımfinal oynamış madridlilər 2017-2018 mövsümündə qrup mərhələsində mübarizəni dayandırdı. Simeonenin kollektivi "Roma" və "Çelsi"dən sonra qrupda 3-cü yeri tutdu və yollandığı Avropa Liqasının qalibi oldu.

Həmin "Atletiko" onu Avroliqaya göndərən "Qarabağ"la heç-heçələrə görə tənqid olundu. Turnirin qalibi olmasına baxmayaraq, ÇL-lə vida paytaxt təmsilçisi üçün sarsıdıcı zərbə oldu.

"Yuventus"a məğlubiyyətdən sonra "Atletiko" növbəti dəfə eyni halla üzləşə bilər. Düzdür, hər şey komandanın öz əlindədir. Onlar dekabrın 11-də evdə "Lokomotiv"lə "ölüm-dirim" oyununa çıxacaqlar. Hamı Moskva təmsilçisinin yeni "Qarabağ" faciəsinə yol aça biləcəyindən narahatdır.

İstənilən xal itkisi və "Bayer"in "Yuventus" üzərində mümkün qələbəsi "Atletiko"nu ÇL-dən kənarda qoya bilər. Düzdür, hələ oyuna qədər iki həftə vaxt var. Amma yaxın keçmişdə yaşanan olay indidən komandanı narahat etməyə başlayıb".

Digər Xəbərlər
Xəbər Lenti