Xocalı faciəsi günü 2 yaşı tamam olan şəhid Tural - VİDEO+FOTOLAR

26 Fevral 10:30 Bizimkilər 169
Xocalı faciəsi günü 2 yaşı tamam olan şəhid Tural - VİDEO+FOTOLAR

“Hər kəs bilir ki, ermənilər Xocalıda başımıza nə müsibətlər gətiriblər, 613 şəhidimiz olub.

Amma mən bundan sonra “Xocalı” abidəsi önünə qürurla, fəxarət hissi ilə gedəcəyəm ki, sizin qisasınızı aldılar.

Daha məyus olmayacağam, onları gülə-gülə, sevinə-sevinə yad edəcəyəm. Çünki artıq bizim bütün sərhədlərimizə Ordumuz nəzarət edir...”

Sportinfo.az xəbər verir ki, bunu “qafqazinfo”ya Xocalı sakini, Vətən müharibəsi şəhidimizin atası Şakir Abdullayev soyqırımın 29-cu ildönümü ərəfəsində bildirib.

Abdullayevlər ailəsi bəlkə də təsəvvür etməzdi ki, illər keçəcək, 1990-cı ilin fevralın 26-da dünyaya gələn övladları Tural böyüyüb Xocalıda günahsız insanlara qarşı törədilən qətliamın qisasını alacaq. Həmin faciə günü cəmi 2 yaşı tamam olan qəhrəman torpaqlarımızı öz qanı bahasına azad edərək adını zəfər tariximizə yazdıran igid oğullardan biri olacaq...

Abdullayevlər ailəsi bizə göstərmək üçün Xocalıda qətliama qədər yaşadıqları xoş günlərini xatırladacaq nə bir foto, nə başqa bir nişanə tapır. Çünki həmin soyuq qış günündə ayaqyalın, başıaçıq qaçıb canlarını qurtarıblar.

Əvəzində fəxrlə hamıya göstərdikləri, Vətən müharibəsində canından keçən yeganə oğulları - Daxili Qoşunların xüsusi təyinatlısı Tural Abdullayevin çoxlu fotosu var. Ailənin evi həmin şəkillərlə, sözün həqiqi mənasında, bəzədilib. Özündən sonra həm də oxuduğu kitablar, aldığı təltiflər, təşəkkürnamələr ata-anasına xatirədir. Rütbəcə baş çavuş olan Tural illərdir özünü bu günə hazırlamışdı, sanki.

Şəhidin atası deyir ki, Xocalıda günahsız soydaşlarımızın qətliamı Turalda qarşısıalınmaz bir hiss yaratmışdı:

“Biz xocalılılar hər il 26 fevralda “Xocalı abidəsi”nin qarşısına toplaşıb dərdimizi bölüşərdik. Tural körpə olanda onu da özümlə abidənin qarşısına aparırdım. Onda mənə suallar verirdi, hər şeyi soruşurdu. Həmişə deyirdi ki, Xocalının, Qarabağın qisasını almaq lazımdır. Vətənpərvər oğul idi, həmişə arzulayırdı ki, müharibə başlasın, döyüşə getsin. Bəlkə də onda qisas hissi olmasaydı, belə qəhrəman olmazdı”.

Ş. Abdullayev danışır ki, Tural döyüşə də sevinə-sevinə gedib. O qədər sevinib və tələsib ki, heç ailə üzvləriylə görüşməyə belə macal tapmayıb. Onunla sonuncu dəfə sentyabrın 26-da danışa biliblər. Müharibə başlanan gündən isə telefonuna zəng çatmayıb. Sentyabrın 30-da şəhid xəbəri gələn Tural Abdullayev Binə qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub.

Tural ailədə necə fəxr ediləsi övlad olubsa, hərbçi yoldaşları arasında da igidliyi ilə seçilib. Atasının sözlərinə görə, onunla birgə döyüşən yoldaşları Turalın Vətən sevgisinin onda bütün qorxu hisslərini məhv etdiyini deyirlər: “Hərbçi yoldaşları danışır, komandir əmr verirdi ki, ehtiyatlı olun. Amma Tural və onun yoldaşları döyüşə əyilmədən, dik, başı uca girirdilər. Sevinirmişlər ki, şəhid olacaqlar, ölümdən heç qorxmurdular. Erməni postundan keçib yüksəkliyə bayrağımızı taxıb, sonra qayıdıb postu məhv edirdilər. Ermənilər baxıb dəhşətə gəlirdilər ki, arxalarında Azərbaycan bayrağı dalğalanır...

Murov yüksəkliyini də onlar azad ediblər. Günlərlə susuz qalıblar, amma gedib hədəflərinə çatıb, torpaqlarımızı düşməndən təmizləyiblər. Tural aramızda yoxdur, amma onun kimi minlərlə qəhrəmanlarımız bizim üçün baş ucalığıdır. Onlar xəritəmizi cızdılar, alnımızdakı qara ləkəni götürdülər. Onlar tarix boyu yaddan çıxmayacaqlar. Bu müharibə təkcə bizim ərazi bütövlüyümüzü bərpa eləmədi, həm də başımızı dünyada ucaltdı”.

Övlad itkisi ağır olsa da, Şakir Abdullayev şəhid oğlundan fəxarətlə, yorulmadan danışır. Məlum olur ki, Tural öz hərbçi yoldaşlarıyla bərabər Murovdağ istiqamətində döyüşdə 40-a yaxın ermənini, düşmənin iki hərbi maşınını məhv edib. Göstərdiyi qəhrəmanlığa görə “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medallarıyla təltif olunub.

Şəhidin anası İradə Sadıqova da oğlu ilə bağlı xatirələrini vərəqləyir, uşaqlığından, balaca olanda ona Xocalı ilə bağlı öyrətdiyi bayatılardan söz açır. Danışdıqca da kövrəlir, gözləri dolur:

“Tural mənim igid balam idi. Məni yoldaşlarına – Hilala, Orxana da tapşırmışdı. Demişdi, “mən şəhid olsam, anamı qucaqlayın”. Tək o yox, onunla bərabər şəhid olan bütün oğullar igid idi. 5 il əvvəl türk komandiri qoçaqlığına, qorxmazlığına görə ona “Bozqurd” ləqəbini vermişdi... Həmişə ona Xocalıya aid bayatılar öyrədirdim, Xocalıda məhv edilən körpələrlə bağlı televiziyada kadrları görəndə gözləri dolurdu. “Bir gün olacaq, o körpələrin qanını alacam” deyirdi. Aldı da. Mənim igid balalarım aldı, bir Turalım yox... Səsi üçün darıxıram. İstəyirəm bir dəfə də mənə “mama” desin. Çox darıxıram...”

İ. Sadıqova o torpaqlara, oğlunun azad etdiyi ərazilərə getmək istəyir: “Balamın Murovda qanı tökülüb, ora ayaq basa bilmərəm. Amma Xocalıya, Laçına, Şuşaya gedərəm...”

Söhbət əsnasında öyrənirik ki, 26 fevral Xocalı qətliamı günü ailə üçün bir tərəfdən faciəli tarix olsa da, digər tərəfdən həm də əzizdir. Çünki ailənin şəhid olan yeganə oğlu 1990-cı ilin məhz bu günündə doğulub. Ailəsi onun doğum gününü cəmi bir dəfə - 1 yaşında qeyd edib. Faciəli tarixə təsadüf etdiyindən bir də Turala doğum günü keçirilməyib. 30 illik bu ənənəni bircə dəfə dostları pozublar. Ötən ilin mart ayında iş yoldaşları Turala ad günü keçirib, özünə də sürpriz ediblər. Lakin Tural bundan heç də razı qalmayıb və “bu, mənim birinci və axırıncı ad günüm olacaq, bir də ad günü keçirməyəcəyəm” deyib. Bu gün həqiqətən də Turalın xatırladığı ilk və son doğum günü olub...

Valideynlərinin Turalla bağlı çoxlu arzuları var idi. İki ay əvvəl nişanlanmışdı, amma toy etmək qismət olmadı. Elə Turalın da arzuları çox idi. Amma o arzulardan yalnız birinə çatdı – o da şəhidlik zirvəsi idi.

İndi isə valideynlərinin bir istəyi var-oğlanlarının xatirəsi ermənilərdən qisas alan qəhrəman kimi Xocalının qətl günündə anılsın...

Gülnar Əliyeva

Foto-Video: Nuran Məmmədov






Bizi Telegramda izləyin


Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:40 Kərim Ronaldonu ötdü