Ermənistanla sülh sazişi bu iki paytaxtdan birində imzalanacaq

20 May 2023 03:20 Araşdırma 6 732
Ermənistanla sülh sazişi bu iki paytaxtdan birində imzalanacaq

Azərbaycan-Ermənistan danışıqları ilə bağlı vasitəçi ölkələrin və Avropa Birliyinin səyləri son vaxtlar xeyli intensivləşib.

Doğrudur, sülh müqaviləsindən danışmaq hələ tezdir.

Çünki Ermənistan danışıqlarda daha çox imitasiya ilə məşğuldur. Prosesi irəli aparmağı ləngidən başqa ciddi səbəb ABŞ və Rusiyanın bir-birinin vasitəçiliyinə qısqanc yanaşmasıdır.

Xəbər verildiyi kimi, liderlərin 14 may Brüssel görüşündən sonra, mayın 19-da Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin bir araya gələcəyi gözlənilir. Moskva görüşü Brüssel və ondan öncəki Vaşinqton prosesinin davamı olacaqmı, yoxsa Rusiya ənənəvi taktikasını işə salaraq, yenə özünün iştirakçısı olmadığı danışıqları və ilkin anlaşmaları sıfırlamağa çalışacaq? Bir məqam şübhə doğurmur: Rusiya və ABŞ-ın “sülh yarışı” hələlik işin xeyrinə görünmür. Bir yandan da İrəvanın davam edən ikibaşlı oyunu və müxtəlif bəhanələrlə vaxtı uzatmağa səy göstərməsi...

*****

“Son Vaşinqton görüşü onu göstərdi ki, ermənilər ərazi bütövlüyümüzü tanımaq istəmir”.

Tofiq Zülfüqarov — Vikipediya

Tofiq Zülfüqarov

“Yeni Müsavat”ın məlumatına görə, bunu keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-a müsahibəsində deyib.

Onun fikrincə, Ermənistan tərəfindən ərazi bütövlüyü ilə bağlı açıqlanan bəyanatlara bu xüsusda diqqət etmək vacibdir. “Nikol Paşinyan ikitərəfli məsələlərdə ərazi bütövlüyünün tanınması ifadəsinin istifadəsindən boyun qaçırır. O, ən çox çoxtərəfli sənədlərə istinad edir. Növbəti dəfə o, 1991-ci ilin Alma-Ata sənədlərinə istinaddan bəhs edib. Çünki bilir ki, onların orada hansısa düzəlişi var. Bu düzəlişi onlar hələ də qüvvədə saxlayır. Ona görə də bu məsələdə açıq aşkar manipulyasiya edilir. Son Vaşinqton görüşü də göstərdi ki, ermənilər ərazi bütövlüyümüzü tanımaq istəmirlər”, - deyə o qeyd edib.

T.Zülfüqarova görə, Brüsseldə dövlətlərin əraziləri ilə bağlı konkret rəqəmlərin vurğulanmasına da növbəti erməni oyunu kimi baxmaq lazımdır: “Əgər Ermənistan belə ərazi bütövlüyü tanıyan dövlət idisə, bu yanaşmanı Vaşinqtonda da ortaya qoya bilərdi. Sadəcə, burada Ermənistan rəhbərliyi çoxtərəfli sənədlərə istinad edərək belə bir açıqlama verir. Yəni İrəvanın BMT Nizamnaməsi və Almatı sənədlərinə istinad etməsi hədəfi yayındırmaqdan başqa bir şey deyil. Burada erməni hiyləgərliyi açıq-aşkar görünür”.

Politoloq Ermənistandakı yeni anti-Paşinyan təbliğatının da Paşinyan administrasıyasından idarə olunduğu qənaətindədir: “Görüntü yaratmaq istəyirlər ki, ictimaiyyət narazıdır. Bu, onların köhnə oyunudur”.

Bununla belə, sabiq nazir hesab edir ki, bölgədə kommunikasiyaların açılması, nəqliyyat əlaqələri Avropa İttifaqının xətti ilə təmin olunacaq. Humanitar məsələlər də Avropa İttifaqının xətti ilə həll edilə bilər. “Amma digər məsələlər xüsusən də siyasi proseslər başqa məkanlarda çözüləcək. Sülh sazişi ilə bağlı Vaşinqton və Moskva özünün iddialı mövqeyini ortaya qoyur”, - deyə o əlavə edib.

*****

Belə çıxır, Bakı və İrəvan arasında sülh anlaşması ya Vaşinqton, ya da Moskvada imzalana bilər. Əgər təbii ki, Ermənistan rəhbərliyi sülh imitasiyasına son qoysa və ya buna onu ABŞ və ya Rusiya məcbur eləsə. Çünki real olaraq, məhz bu iki dövlət kapitulyant ölkəyə dinc təzyiq resurslarına malikdir. Ancaq Moskva və ya Vaşinqton buna gedərmi?

Aydındır ki, Rusiya və Amerikanın Güney Qafqazla bağlı diametral zidd maraqları var. Xüsusən də Ukrayna konflikti fonunda onlardan biri - ABŞ digərini - Rusiyanı bölgədən çıxarmağı hədəfləyib, Rusiya isə ABŞ-ı regiona buraxmamağa çalışır.

Müşahidə edilən həmçinin hər iki dövlətin Qarabağda “erməni varlığı”nın (“kartının” ) hansısa şəkildə qalmasında maraqlı olmasıdır. Buna üst-üstə düşən maraq da demək olar. Qarabağdan 10 min qanunsuz erməni silahlısının çıxarılmasına nə Birləşmiş Ştatların, nə də Rusiyanın heç bir səy göstərməməsi qənaətimizi gücləndirir.

Doğrudur, erməni icması məsələsində Qərb, ABŞ daha obyektiv görünür. Belə ki, Brüssel və Vaşinqton “status” söhbətini ortaya atmır və erməni əhali üçün yalnızca zəmanətdən bəhs edir ki, yekun etibarilə erməni tərəfi razı qalsın, ardınca da Rusiya hərbçilərinə Qarabağda və ələlxüsus Ermənistanda ehtiyac olmasın.

Rusiyada təbii ki, bunu bilirlər. O səbəbə Kreml kontrgediş kimi ermənilərə daha şirnikləndirici vədlər verir. Misal üçün, “status məsələsi”nin gələcək nəsillərə saxlanması. Əlbəttə ki, Moskva bunu nankor haylara canı yandığı üçün yox, Qarabağda “sülhməramlı” adı ilə öz hərbi mövcudluğunu qeyri-müəyyənliyədək saxlamağa Bakıdan legitimlik almaq üçün təklif edir. Bakı isə təbii ki, buna qarşıdır. Ona görə ki, bizim üçün daha “Dağlıq Qarabağ”, “status” problemləri mövcud deyil. Qarabağ iqtisadi zonası var.

*****

Qarabağda 30 ildə məhv edilən işğalçıların SAYI...

Tanınmış alman politoloq Aleksandr Rar hesab edir ki, Qarabağ münaqişəsi son 30 ildə hadisələrin gedişinə təsir etməyə çalışan və regionda öz nüfuzu uğrunda mübarizə aparan xarici aktyorlarla birbaşa əlaqəli olub.

Bu barədə o, erməni mediasına müsahibəsində deyib.

“Söhbət ABŞ, Türkiyə, Rusiya, Çin, Avropa İttifaqından gedir. Əgər həmin xarici oyunçular Ermənistan-Azərbaycan münaqişəsindən öz geosiyasi məqsədləri üçün istifadə edərək bir-biri ilə rəqabətə başlamasalar, o halda müsbət dönüşdən danışmaq olar. Yox, münaqişədən öz məqsədləri üçün istifadə edib bir-birini sıxışdırsalar, vəziyyət sakitləşməyəcək”, - deyə ekspert qeyd edib.

Onun fikrincə, hazırda ABŞ və Avropa İttifaqı Rusiyaya qətiyyən əhəmiyyət vermədən hərəkət edir: “Moskva isə Cənubi Qafqaz regionuna öz təsir zonası kimi baxır. Amma yaxşı olardı ki, ABŞ, Aİ, Türkiyə, Rusiyanın iştirakı ilə beynəlxalq təşəbbüs olsun. Bu halda münaqişənin sona çatmasında uğur şansı yüksək olacaq. Əks halda, konfliktin yenidən alovlanma riski var”.

*****

Şübhəsiz, ideal variant o olardı ki, Azərbaycan və Ermənistan ikitərəfli formatda, vasitəçi müdaxiləsi olmadan sülh sənədi ilə bağlı razılığa gələrdi. Azərbaycan buna çoxdan hazırıdır. Bakının sülh üçün irəli sürdüyü 5 məlum baza prinsipi buna əyani sübutdur. Qalır, İrəvanın siyasi iradə nümayiş etdirməsi.

“Sülh layihəsi nə Brüsselə, nə də Moskvaya aiddir, onu hər iki tərəf hazırlayıb”.

Belə bir iddialı açıqlamanı Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan verib.

Onun sözlərinə görə, Ermənistanın yalnız Qərb platformalarında danışıqlar aparması ilə bağlı şərhlər yanlışdır. “Danışıqlar bir neçə yerdə, o cümlədən Rusiyada aparılır. Yaxın vaxtlarda, mayın 19-da Rusiyada xarici işlər nazirlərinin görüşü planlaşdırılır”, - deyə Ermənistan XİN rəhbərinin müavini bildirib.

Ancaq problem də ondadır ki, erməni tərəfi vasitəçi bolluğundan böyük sülhü yaxınlaşdırmaq üçün deyil, uzaqlaşdırmaq üçün istifadə eləməyə daha çox meylli görünür. Öz xalqını sülhə hazırlamaq istəmir. Nikol və komandası birmənalı şəkildə “Qarabağ Azərbaycandır” söyləmir. İrəvanın vaxtaşırı bu və ya başqa şəkildə, hiyləgərcəsinə Qarabağ şərtini ortaya atmaqla daxili işlərimizə qarışmağa çalışması bunun ən bariz sübutudur...

Digər Xəbərlər
Xəbər Lenti