Ermənistan üçün tarix bəlli oldu: uzağı iyulda...

25 May 2023 03:10 Problem 558
Ermənistan üçün tarix bəlli oldu: uzağı iyulda...

Ermənistanın baş naziri Nikol Paşinyan srağagün yenə çox sevdiyi “Morze dili”ndə sülhdən danışdı, “mus-mus” dedi.

Hətta dodaqaltı “Mustafa” da söylədi. Amma gəl ki, əməldə, yəni Bakının 5 məlum prinsipi əsasında sülh müqaviləsinin imzalanması məsələsində bu dəfə də yetərincə səmimi ola bilmədi. Yenə də bəhanələri sıralandı.

Misal üçün, Paşinyan bir yandan deyir ki, iyunun 1-də Kişinyovda sülh sənədinin imzalanması mümkündür, o biri yandan isə Bakı-Xankəndi dialoqu üçün “beynəlxalq zəmanət”dən dəm vurur. Sitat: “Azərbaycanla sülh sazişi və münasibətlərin qurulması ətrafında intensiv danışıqlar aparılır və biz mətnlə bağlı ən qısa zamanda razılığa gəlib imzalamağa ümid edirik. Beynəlxalq ictimaiyyətin istəyi Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanınması yönündədir. Biz bu məntiqlə razıyıq və bu məntiqlə danışıqlar aparırıq, Bakı-Xankəndi dialoquna zəmanət verən beynəlxalq mexanizmlərin də son dərəcə vacib olduğunu vurğulayırıq”.

Beləcə, təzədən köhnə havaya qayıtdı. Axı hansı beynəlxalq mexanizmlər? Ondansa yaxşı olardı ki, erməni baş nazir Qarabağdakı 10 minlik qanunsuz silahlı dəstələrin ərazimizdən tam çıxarılma tarixini deyəydi. Çünki 10 noyabr sənədinin tələbi olan tərk-silah reallaşmayınca, nə Ermənistanla ədalətli sülh, nə də erməni icması ilə konstruktiv dialoq mümkün olacaq.

İlham Əliyev və Nikol Paşinyan ABŞ-da nazirlərin görüşü, sülh danışıqları  barədə nə deyib? - BBC News Azərbaycanca

Sülh sənədinin imzalanmasına ayrılan zaman isə çox az qalır. Bu minvalla Ermənistan və onun xalqı üçün sonuncu və unikal şans pəncərəsi bağlana bilər. Həm də həmişəlik. Bu xüsusda siyasi müşahidəçilər hesab edir ki, əgər iyulda (Brüsseldə) də mətni razılaşdırmaq mümkün olmazsa, onda yeni müharibə və ya genişmiqyaslı hərbi toqquşma ehtimalı kəskin artacaq.

Bunu isə Rusiya da ciddiyə almalıdır. O Rusiya ki, hələ də Qarabağdakı erməni silahlı quldurlarının əsas himayəçisi olaraq qalır. Halbuki Putunin də imzası duran 10 noyabr üçtərəfli sənədinin 4-cü bəndi Moskvadan bunun əksini tələb edir. Ötə yandan, Azərbaycanın əlini gücləndirən, ona antiterror əməliyyatı üçün əsas verən bənd də elə budur. Həmçinin də Zəngəzur dəhlizi ilə bağlı həyata keçməmiş qalan 9-cu bənd...

*****

Paradoksa bax, Rusiya rəsmiləri az qala, hər həftə bəyan edirlər ki, sülh üçün 10 noyabr üçtərəfli razılaşmasının alternativi yoxdur? Amma elə Moskvanın özü həmin sənədi saymır (4 və 9-cu bəndlər). O halda Rusiya Bakının qanunsuz dəstələrə qarşı sərt addımlarına hansı əsasla etiraz edəcək?

Yeri gəlmişkən, buna zəmin günbəgün artmaqdadır. O sırada Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya “sülhməramlı” qüvvələri separatçı-quldurların qanunsuz əməllərinə göz yummağa davam edir. Bu da “isti faktlar”.

Sülhməramlıların müşayiəti ilə silah daşınır - Video

İki gün öncə separatçı kriminal elementlər Xocalıda növbəti dəfə atış təlimləri keçiblər. Bu haqda Caliber.az görüntü paylaşıb. Videoda separatçıların qanunsuz silahlı dəstələrinin Xocalıdakı poliqonda rus “sülhməramlıların” gözü qarşısında atış hazırlığı və digər döyüş təlimləri keçdiyi görünür.

“Sülhməramlı” kontingentlə separatçı ünsürlərin işbirliyini təsdiqləyən başqa bir analoji videofakt da üzə çıxıb.

“Rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında separatçılar öz "post"ları arasında yerdəyişmələri məqsədli şəkildə aparıblar, təhlükə realdır".

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Axar.az-a Qarabağda Rusiya hərbçilərinin müvəqqəti məsuliyyət bölgəsində separatçıların qanunsuz daşımalarını himayə etməsi haqda danışan hərbi ekspert Üzeyir Cəfərov deyib.

Paşinyan:

“Baxın, Rusiya MN az qala hər gün atəşkəs rejiminin pozulması ilə bağlı məlumat yayır. Ancaq biz bir dəfə də olsun Ermənistan və separatçıların törətdiyi təxribatlar haqqında Rusiya MN-in məlumat yaydığını görmədik. Özləri isə separatçıların "post"ları arasında silah və hərbi texnikanın daşınmasına göz yumur və onları “təhlükə”lərdən qoruyurlar. Çünki münaqişənin bitməsini istəmirlər", - deyə o qeyd edib.

Ekspertin əminliyinə görə, aparılan yerdəyişmələr bilərəkdən və məqsədli şəkildə edilir: “Yəni separatçılar hücuma keçmək, yaxud baş verə biləcək hücumların qarşısını almaq üçün onlar üçün önəmli olan mövqeləri möhkəmləndirirlər. Təhlükə realdır”.

Ü.Cəfərova görə, nə qədər ki, ərazimizdə Ermənistan ordusunun qalıqları və separatçı terror dəstələri var, bu təhlükə davam edəcək: “Doğrudur, müzakirələr davam edir, ancaq əsla arxayınlaşmaq olmaz. Qarabağda 10 minə yaxın başıpozuq silahlı dəstə, əllərində isə artilleriya qurğuları, minaatanlar, pulemyot və s. var. Hansısa separatçı postları arasında topların, eyni zamanda digər texnikanın yerdəyişməsinin əsas məqsədlərindən biri ordumuzun mövqelərini daim atəş nəzarətində saxlamaq və onlar üçün təhlükə yaratmaqdır”.

*****

Əlbəttə, bütün bunlara son verilməsinin və yeni müharibə ehtimalının sıfırlanmasının tək yolu sülh məsələsində N.Paşinyanın “nala-mıxa vurmaması” və erməni xalqının və ya onun əksəriyyətinin real barışıq istəyən iqtidarın yanında olmasıdır. Olacaqmı?

“Ermənistan sakinləri Qarabağın Azərbaycanın tərkib hissəsi olması qərarına fərqli münasibət bəsləyəcək, lakin əhalinin əksəriyyəti yenə də bunu dəstəkləyəcək”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikrin müəllifi erməni politoloq Ruben Mehrabyandır

Mehrabyan Paşinyanın müharibədən sonra, 2021-ci il seçkilərində yenidən qələbə qazanmasını buna misal olaraq gətirib. “Onun digər siyasətçilərlə müqayisədə liderliyini davam etdirdiyini görürük”, - deyə o, fikrini bu cümlə ilə ifadə edib.

Erməni ekspertə görə, müqavilə imzalandıqdan sonra Rusiya Ermənistanda təsir qalıqlarını itirəcək. “Əgər Azərbaycan və Ermənistan razılaşsa, Rusiyanın Ermənistandakı mövcudluğu sona çatacaq. Qarabağ müharibəsi zamanı Moskvanın etdiyi hər şey onun mənəvi və siyasi iflasına səbəb oldu. Başa düşmək lazımdır ki, müharibədən sonra danışıqlar prosesi Ermənistanla Rusiya arasında münasibətlərə yenidən baxılması məsələsi ilə paralel gedib. Bizim Rusiya ilə ortaq maraqlarımız və dəyərlərimiz yoxdur”, - deyə Mehrabyan vurğulayıb.

Əlavə edək: erməni xalqının rifahı və xoşbəxtliyi də həmsərhəd olmayan Rusiyaya yox, məhz qapı-qonşuları Azərbaycana və Türkiyəyə bağlıdır. Taledən qaçmaq olar, coğrafiyadan isə - yox!..

Digər Xəbərlər
Xəbər Lenti