
Samir Abasovun mayda istefa verməsindən sonra Nazim Süleymanov «Sumqayıt»ın sükanı arxasına keçdi və bu, ciddi rezoqnans doğurmadı.
Çünki gözlənilirdi.
Hər halda o, Sumqayıt futboluna yad isim deyil, futbolda ilk addımlarını məhz bu şəhərdə atıb. Onun qarşısına qoyulan vəzifə qeyri-adi deyildi – avrokuboklara vəiqə verən yerlərdən birini tutmaq.
Əvvəl-əvvəl məqsədə doğru bir neçə addım atıldı, ekspertlərin çoxu «Sumqayıt»ın oyunu ilə ölkəmizi qitə arenasında təmsil etməyə laymq olduğunu açıqladı.
Çərxi-fələk 7-cu turdan etibarən «Sumqayıt»dan üz döndərdi. Ardıcıl 5 oyunda qalib gələ bllməyən Süleymanov səssiz-səmirsiz istefa vermədi.
Postundan getməsi açıqlanandan saatlar sonra medianı ona «torba» tikilməsi barədə xəbərlər bürüdü. Həqiqətdimi? Bu barədə Sportinfo.az-a komandanın lideri Rail Məlikov danışır.
- Komanda qara zolaqdadı. Bizə 1 qələbə lazımdı ki, bu durumdan çıxaq. Son beş turda qalib gəlməmişik. Halbuki «Qəbələ»ni udmağa çox yaxın idik, bu şansı əldən verdik. Futboldu, hər şey ola bilər. Vaxt var idi, AZAL-da 5 tur dalbadal uduzmuşduq. Heç qol da vura bilməmişdik. Özünü futbol adamı sayan bəziləri hətta çıxıb efirdə iddia edirdi ki, əgər AZAL çempionatda 1 xal qazansa, mən çıxıb ölkədən gedərəm. Həmin mövsüm AZAL az qala sonda avrokuboklara vəsiqə qazanacaqdı. İndi «Sumqayıt» bu vəziyyətdən yalnız öz gücünə çıxa bilər. Bir olub, bir ailə olub, çətin perioddan keçməyə qadirik. Prezidentdən tutmuş xadiməçiyədək hamımız bir olmalıyıq. Buna görə heç kim ruhdan düşməməlidi. Neçə ildi futboldayam, belə şeyləri çox görmüşəm. Uğur və uğursuzluq futbolda olan şeydi. Komananın gücünə, birliyinə, potensialına inanıram. Biz qara zolaqdan çıxacağıq.
«Sumqayıt» sonuncu qələbəsini 6-cı turda «Zirə» üzərində qazanıb. Həmin vaxt artıq hamı «Sumqayıt»ı avorokuboklara əsas iddialılardan biri kimi göstərməyə başlamışdı ki… Komnda çöküşə keçdi. Birdən-birə nə dəyişdi?
- Onda arxayınlaşmağa səbəb yox idi. Komandamızın heyəti çox güclüdü. Avropaya getmək şansını hələ itirməmişik. Komandanın üstünə çox getmək lazım deyil. bir çıxış yolu var: bir qələbə qazansaq, ardı mütləq gələcək. Yumruğu bir yerə vursaq, yolumuz açıq olacaq. Son beş turun heç birində qələbə qazanmasaq da, içində elələri var ki, yaxşı oyun nümayiş etdirmişik. Bəzisində isə öz gücümüzdən aşağı çıxış eləmişik. Bu da olan şeydi. Ancaq indi onu aradan qaldırmağın vaxtıdı.
Son günlərin əsas müzakirə mövzusu Nazim Süleymanovun qırmızı vərəqə alan və yaşlı futbolçularla bağlı söylədikləridi. İddia olunur ki, ona qarşı «torba» tikilib.
- Bu, gülünc iddiadı. Kimlər ki bunu deyir, dediyini sübut etməlidi. Faktı ortaya qoymalıdı ki, həqiqətən belə bir hadisə olub, ya olmayıb. Sübut olunmasa… Mən bu gün də inanmıram ki, Nazim müəllim bizim haqqımızda belə sözlər söyləyə bilər. Onunla bir ailə kimi idik. Komandanın baş məşqçisi kimi böyüyümüz o idi. Biz ona, o da bizə şəxsiyyət kimi kimi baxıb. Şəxsiyyət olan kəs heç vaxt elə sözlər deməz. İnanmıram, bu Nazim müəllimin sözləri deyil. Bu, ara vuranların, pişik bəzəyənlərin işidi. Haqqımızda «torba tikən» yazanların, görünür, Allahdan qorxusu yoxdu. Allahı tanıyan o cür şər-böhtan atmaz. Qəsdən belə edirlər, sındırmaq istəyirlər ki, komanda qalxmasın. Həmin adamlar «Sumqayıt»ın irəli getməsindən qorxanlardı. Bir ağsaqqal və komandanın lideri olaraq, yayılan söz-söhbətlərin uşaqlara necə pis təsir etməsini görürəm. Çalışacağıq ki, belə şeyləri boş verək, tez unudaq. Birləşək, öz gücümüzü göstərək ki, bizim komanda nədi, nə deyil. Üç ildi burdayam, indiyədək belə hadisə baş verməyib. Bizə də yaraşmaz ki, kimsə durub haqqımızda belə şeylər yazsın və fikirləşsin. O iddiaları yayılanlar gəlsin, kişi kimi, kişi balası kimi bizə sübut eləsin. Yalandan «torba» söhbətini çıxaranların özləri, əslində bu yoluen yolçusudu. İnsanlıqları yoxdu ki, camaatın boynuna bu boyda şər atır. Heç birimiz haqqımızı onlara halal etməyəcəyik.
Belə xəbərlər də yayırlar ki, Nahzim Süleymanov qışda yaşlı futbolçuları yola salmaq istəyib. Guya, ona görə də adları həmin «qara siyahı»da olanlar qəsdən zəif oynamağa başlayıb.
- Mən öz adımdan deyirəm ki, yaşlı-yaşsız məsələsi yersizdi. Birinci dəfədi eşidirəm bunları. Qışda ayrılmaq söhbəti olmayıb. Olsa belə, mən bu rəyə isti baxıram. Hansı futbolçuları göndərib, hansıları saxlamaq məşqçinin səlahiyyətindədi. Yaxşı futbolçu heç vaxt klubsuz qalmaz. Ruzunu verən Allahdı. Mən nə vaxt məşqçi olsam, sözümü futbolçunun üzünə deyərəm. Mən bunu Samir Abasovda da görmüşəm. Abasov qabaqdacadan futbolçulara xəbərdarlıq edirdi ki, hansı biriniz artırmasaz, qış fasiləsində yollarımızı ayıracağıq. Yəni ki, mərdi-mərdanə demək lazımdı sözü. Saf və təmiz iş görmək lazımdı. Nazim müəllimin qış fasiləsi gəlməmiş adımızı rəhbərliyin yanında çəkib, göndərmək istəməsinə də inanmıram. Üstünə çox getmək lazım deyil.
Süleymanovun istefa xəbərini eşidəndə, futbolçuların buna reaksiyası necə oldu?
- Hərə özünə cavabdehdi. Mənim üçün gözlənilməz oldu. Çünki Nazim müəllimlə bu işə başlamışdıqsa, ən azından qış fasiləsinədək bir yerdə olmalı, bu çıxırdan bir yerdə çıxmalıydıq.
Süleymanovun futbolçularla münasibətlərinin gərgin olması haqda mətbuata çox xəbərlər sızıb. Həqiqətnmi bu, belə idi?
- Ümumiyyətlə, bizim komandada ürəkbulandırıcı söhbətlər heç vaxt olmayıb. Bunu Nazim müəllimin özündən də soruşa bilərsiz. Kimsə belə şeylər eləsəydi, mə nonu vurardım ki, olmaz. Nazim müəllimi kim necə tanıyırsa, deyə bilmərəm, ancaq mən bir şəxsiyyət və korifey olaraq tanımışam. İmkan vermərəm ki, adını Azərbaycan futboluna qızıl hərflərlə yazdırmış bu şəxsə kimsə başqa cür münasibət göstərsin. Hamımız onun vaxtında işimizə canla-başla yanaşmışıq, nə deyib, nə tapşırıq verib, onu da yerinə yetirmişik. «Sumqayıt»da bir nəfər Nazim müəllimin üzünə qayıtmayıb, əleyhinə söz danışmayıb və danışa da bilməz. Çünki bir olmuşuq, bir yerdə olmuşuq. Bizə necə güvənibsə, biz də ona o cür güvənmişik. Mənim Nazim müəllimə münasibətim dəyişməyib və dəyişə də bilməz. Çünki bizlər gözümüzü açandan onu futbolçu kimi tanımışıq. Millidə və «Alaniya»da keçirdiyi oyunları izləmişik. Əfsanəvi futbolçularımızdan biridi. Hələ bura gələndə, söhbətimiz olmuşdu ki, biz ona şəxsiyyət kimi baxırıq. Şəxsiyyətli insanlar ömür boyu çörək yediyi qaba tüpürməz.
Artıq yeni baş məşqçiniz var. Səncə, Ayxan Abbasovun təyinatı komandaya nə verəcək?
- Gəlib, xoş gəlib. Əl-ələ verib, bir yerdə klubu qaldırmalıyıq. Çünki «Sumqayıt» kiçik klub deyil, böyük bir şəhəri təmsil edir. Allahın izni ilə bu vəzifənin öhdəsindən gələcəyik. Ayxan müəllimə güvənirik. Bundan qabaq «Zirə»dəki işlərini də görmüşük. Cavan da olsa, ambisiyalıdı. İnşallah, hər şey yaxşılığa doğru getməlidi.
İndi komandada əsasən nə dəyişməlidi?
- Psixoloji vəziyyət. Ardıcıl məğlubiyyətlərdən sonra Nazim müəllimin istefası və onun dilindən çıxmayan sözlərin bəzəyib mətbuata ötürülməsi uşaqları sarsıdıb. «Sumqayıt» udanda da bəzi insanların bizə necə paxıllıq hissi ilə yanaşdığını görürdük. Bəzi mətbuat orqanları da komanda haqda cürbəcür xəbərlər yayırdı. Bizi ən intizamsız komanda kimi təqdim edirdilər. Yan-yörədən çox təzyiq varıydı komandaya. Amma «Sumqayıt» həmişə bir ailə olub. Şəhər camaatı bizi nə qədər sevirsə, biz də onları elə sevmişik. İnşallah, öz meydançamız hazır olandan sonra hamı tam başqa «Sumqayıt» görəcək. Azarkeşlər həmişə bizə dəstək olub, «12-ci oyunçu»muzdular. Bizi heç vaxt boş buraxmayıblar. Çempionatın 11 turunun hamısını səfərdə keçirmişik. Rəqibləri Sumqayıtda qəbul etsəydik, çoxunda qalib gələrdik. Rəhbərlik bizim üçün gözəl şərait yaradıb. Biz də nəticələrlə onları sevindirməli, avrokuboklara vəsiqə qazanmalıyıq. Ümumiyyətlə, klub rəhbərliyi nə vaxt nə istəmişik, bizim üçün edib. İstər prezident Riad Rəfiyev, istər idman direktoru Zamiq Həsənov komandaya böyük dayaqdı. Əvvəl də belə olub, indi də belədi. Ayxan müəllim «Zirə»də kifayət qədər təcrübə toplayıb və yəqin ki, komandanı düşdüyü vəziyyətdən çıxarmağın yollarını bilir. Bizə nə yol göstərəcəksə, biz o yolla da gedəcəyik. Gələn oyunların hər biri «Sumqayıt» üçün finala bərabərdi. Avropaya Premyer Liqadan da vəsiqə qazana bilərik, kubok vasitəsilə də. İnşallah, məqsədimizə çatarıq!