
Qurban Qurbanovun yığmanın baş məşqçisi vəzifəsinə təyinatı futbol ictimaiyyətinin və azarkeşlərin ürəyincədi.
oxluq belə düşünür ki, yığmanı uğurlara yalnız bu mütəxəssis daşıya bilər. Həm də böyük əksəriyyət Qurbanovun “Qarabağ”da qurduğu sistemi millidə də yaradacağına və əsas komandanın baxımlı futbol sərgiləyəcəyinə inanır.
Hərçənd Qurban bəyin böyük məsuliyyətin altına girdiyini etiraf etmək lazımdı. Çünki onsuz da klubda bir baş məşqçidən daha artıq iş görən, bütün yaş qruplarına nəzarət edən, hər bir detalı diqqətdə saxlamağa çalışan mütəxəssis bundan sonra paralel olaraq yığmada da eyni işi icra etməlidi.
Necə ki AFFA-nın baş katibi Elxan Məmmədov mətbuat konfransında onu məşqçi-menecer kimi gördüklərini söyləyib. Bütün bu işlər isə böyük enerji və vaxt tələb edir. Kəmiyyət artdıqca keyfiyyətin azaldığını bilirsiz.
Bu qədər iş Qurbanovda da fiziki və zehni cəhətdən yorğunluq yarada bilər. Bu boyda yükün altından alnıaçıq çıxa biləcəkmi? Bu suala mütəxəssislərdən cavab almağa çalışdıq (Futbol+).
Vaqif Sadıqov, Məşqçilər Komitəsinin sədri: “Niyə də bu yükün altından çıxmasın?! İlk növbədə böyük istəyi var. İclasda da bildirdi ki, nə qədər ağır olsa da, çox şərəfli işdi. Bu yükün altına girəndə də çox fikirləşib qərar verib. Özünə və ətrafına inandığına görə bu işi öz üzərinə götürüb. Mən, İsgəndər Cavadov və Kazbek Tuayev İcraiyyə Komitəsinin toplantısındakı çıxışımızda dedik ki, ilk gündən asan olmayacaq. Qurban müəllimə və onun komandasına hərtərəfli dəstək olmaq lazımdı. Bütün sağlam qüvvələr onun ətrafında birləşməlidi. Ən vacibi odu ki, Qurbanovun biliyi və istəyi var. Yığmaya sağlam rəqabət qaytaracaq və hər futbolçuya şans veriləcək. Sözsüz, istər-istəməz çətin olacaq. “Qarabağ”la paralel yığmadakı fəaliyyətini gördükdən sonra bu haqda geniş danışmaq olar. Özü qərar verəcək ki, hər iki işin öhdəsindən gələ bilmək gücündədimi?”
Erkin İbrahimov, menecer: “Elxan Məmmədov yəqin ki, ingilis modelini nəzərə alaraq “menecer” sözünü işlədib. Bu sistem “Qarabağ”da uğurludu. Berti Foqts və Robert Prosineçkinin modeli yığmada alınmadı. Gözümüzün qabağında belə uğurlu nümunə varsa, ondan yararlanmağa borcluyuq. Son 25 ildə “Qarabağ” kimi uğurlu layihəmiz, Qurbanov kimi güclü məşqçimiz olmayıb. İndiki sistemin tətbiqini tam normal sayıram. Qurban bəy buna razılıq veribsə, deməli, hazır komandası var. Necə ki, “Qarabağ”da da o tək deyil. Məsələn, uşaq futboluna nəzarətdə Rəşad Sadıqov ona yardım edir. Komandanın fiziki durumuyla iki əcnəbi mütəxəssis məşğul olur. Bəzən ictimaiyyətdə belə fikir səslənir ki, Qurbanov özünü yığmada “yandıracaq”. Yəqin ki, hamımızdan daha çox o bilir. Hamımıza iş təklifi gəlsə, bunu götür-qoy edərik. Maaş, görüləcək iş və başqa məqamları fikirləşərik. Qurbanov da yəqin ki, bir neçə ay fikirləşdikdən sonra qərar verib. Razılıq veribsə, deməli, yardımçı komandası var. Ancaq o fikirlə razıyam ki, bizdə kadr çatışmazlığı var. Bəzən AFFA-nın özündə bir nəfər 3 vəzifəni yerinə yetirir. Eyni sözləri klublar haqda da deyə bilərik. “Bakı” və “Xəzər Lənkəran” kimi klublar dağılmalarının günahını AFFA və ya PFL-in üstünə atmasın. Məhz futbolu bilən kadrları olmadığından süqut etdilər. Jurnalistika, idarəçilik və hakimlik sahəsində də ciddi kadr sıxıntısı var. Qurban Qurbanovun kadrları hardan tapacağı və hansı meyarlara üstünlük verəcəyi mənə maraqlıdı. Gözləyək, görək necə olacaq”.