Pul inkişaf etmək üçün ən böyük vasitədir. İnfrastrukturun qurulması, kadrların yetişdirilməsi üçün pulun olması olduqca vacibdir.
Amma pul, həm də bəladır. Özü də böyük bəla.
Vay o gündən ki, bu pul inkişafı yox, öz mənafeyini düşünən bir qrupun əlinə keçsin. Eynən Azərbaycan futbolunda olduğu kimi.
Azərbaycanda pulun olmadığı dönəmlərdə futbol da vardı, futbolçular da. Ölkə çempionatında ən azı 16 komanda iştirak edirdi, yeni-yeni futbolçular yetişirdi, hətta Rusiya, Ukrayna, İsrail, İran və Türkiyədə legioner həyatı yaşayanlar da vardı.
Özü də bu futbolçular infrastrukturun olmadığı bir şəraitdə yetişirdi. Və Azərbaycan futbolu pul gördü. Neftdən gələn gəlirlərdən – yəni xalqın vəsaitindən futbolun inkişafı üçün də ayrıldı.
Elə o gündən də Azərbaycanda futbolun qara günləri başladı. Pulsuz dönəmə qədər yetişən 5-10 futbolçunun üstündə varlı klubların “dava”sına start verildi.
Qiymət günü-gündən artırdı. Futbolçuya ildə 700-800 min dolar təklif olunurdu. Hansısa sponsorun dədəsinin pulu deyildi bu vəsait. Xalqın idi. O vəsait infrastrukturun qurulmasına yönəldilməli, uşaq futbolunun inkişafına sərf edilməli idi.
Amma bir qrup istedadlı dələduz pul iyini hiss edib futbol təsərrüfatını monopoliyaya götürtdü. Beləcə, istedadlı dələduzların sayəsində istedad üzünə həsrət qaldı futbolumuz. Beləcə, zəncirvari bir şəbəkə quruldu.
Zəncirin ilk həlqəsində valideyn dururdu. Azərbaycanlı valideyn üçün fərqi yoxdur, övladının istedadı var, ya yox. Əgər həmin sahədə pul varsa, mütləq övladını ora yönləndirməlidir.
Savadsız uşaqlarını Tibbi Universitetinə salmaq üçün pul təklif edən valideynlərimiz nə qədər olub? Sovetlərin vaxtında sayı-hesabı yox idi onların. Bir futbolçunun ildə 600-700 min dollar qazandığını görən valideyn, övladının əlindən tutaraq məşq meydançasına apardı onu.
Orda isə valideyni zəncirin ikinci həlqəsi – uşaq məşqçiləri gözləyirdi. Futbolçuya ağlasığmaz məvacib verən klub rəhbərləri uşaq futboluna tam biganə idilər.
Uşaq məşqçilərinin aylıq məvacibi isə 300-500 manatdan yuxarı deyildi. Belədə, onlar istedadsız uşaqlarını futbolçu etmək istəyən valideynlərin əlinə baxmalı oldular.
Pulu aldılar, istedadı olan, amma pulu olmayan kasıbları gözümçıxdıya saldılar, istedadsızlara şərait yaratdılar. Daha sonra o istedadsızların klublara yerləşdirilməsi məqamında zəncirin 3-cü həlqəsi – dələduz agentlər işə qoşuldu.
5-10 agent 10-15 futbolçunu bütün klublar arasında karusel formasında fırlamağa başladılar. Təbii, bu işdə onların yardımçısı zəncirin 4 və 5-ci həlqələri – klublarda və AFFA-da oturmuş olduqca istedadlı dələduzlar idi.
Bax, beləcə, Azərbaycan futboluna pul neft kimi axdı, amma futbolçu yetişmədi ki, yetişmədi. Futbolu futbolumuzdan geri olan, pulu pulumuzdan az olan ölkələr bu müddətdə sürətlə inkişaf etdilər, bizi üstələdilər.
Amma Azərbaycan futbolunda düşüncə tərzi, idarəetmə metodu dəyişmədi ki, dəyişmədi. Heç dəyişməyəcək də. Nöşün ki, Azərbaycanda futbola pul axını olan vaxt bu sahə kimlərin monopoliyasında idisə, yenə də həmin şəxslərdir idarəetmə sistemindədir.
Pul Azərbaycan futbolunun inkişafını şərtləndirmədi, başına bəla oldu. Azərbaycan futbolunu xilas etmək üçün bu sahəyə pul axınını dayandırmaq lazımdır. Başqa yol yoxdur, istedadlı dələduzların futboldan əl çəkməsi üçün.
P.S. Təbii, həm uşaq məşqçiləri, həm agentlər, həm də idarəçilər arasında vicdanlıların olması istisna deyil. Amma onlar azdırlar, o qədər azdırlar ki, bu situasiyanı dəyişmək gücündə deyillər.
Natiq Muxtarlı