
“Qarabağ”ın 2025-26 mövsümündə Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü zamanı yer alacağı səbət müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, yarışa II raunddan başlayacaq Ağdam klubu ilk püşk zamanı səpələnmişlərdə qərarlaşacaq.
Qurban Qurbanovun yetirmələri mərhələ adlasa, III təsnifat mərhələsində də güclülərin sırasında olacaq.
III raundun iştirakçıları ilk iki mərhələni keçən komandalar olacaq. “Qarabağ” isə ən pis halda həmin raundun ən reytinqli 6-cı klubu olacaq. Bu da səpələnmişlərdə yer almaq üçün kifayət edəcək.
“Qarabağ”ın püşk zamanı potensial rəqibləri “Lüdoqorets” (Bolqarıstan), “Dinamo” (Kiyev, Ukrayna), FCSB (Rumıniya), “Lex” (Polşa), “Olimpiya” (Sloveniya) və “Malmö”nün (İsveç) yer alacağı cütün qalibi olacaq.
Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü iyulun 21-də atılacaq.