
Bir neçə ay əvvəl CBC Sport telekanalında klublarda idman direktorları və baş menecerlərinin iştirakı ilə keçirilən veriliş AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun ürəyincə olmayıb.
O, bununla bpağlı fikrini futbol veteranlarıyla görüşündə dilə gətirib.
Federasiya rəhbəri deyib ki, klubların idarəçiliyində jurnalistlər iştirak etməməlidir. E.Məmmədov fikrini əsaslandıra bilməsə də, deyib ki, keçmiş futbol adamlarının komandalarda çalışmasını istəyir.
Son günlər yayılan bəzi iddialara görə, Emin Abbasovun iş yerini tərk etməsi E.Məmmədovun fikri əsasında baş verib. Lakin o, Sportinfo.az-a açıqlamasında söylənilənlərin hamısını təkzib edib.
Çalışdığı hər yerdə uğurlu fəaliyyəti ilə yadda qalan Abbasov AFFA-nın icraçı vitse-prezidentinin bu məsələ ilə heç bir əlaqəsinin olmadığını bildirib:
"İlk növbədə onu deyim ki, mən "Sabah"dan özüm ayrılmışam. Klub prezidenti Maqsud Adıgözəlovla yalnız işçi-müdir yox, həm də yaxşı insani münasibətlərimiz olub.
Maqsud müəllim elə adamdır ki, tək məni yox, heç bir işçisini kiminsə ayağına verməz. Çünki xarakteri belədir. Tam səmimi sözümdür, Maqsud müəllim çox yaxşı insandır, bunu kollektivdə kimdən soruşsaz, əminəm ki, hamı təsdiqləyər.
Yəni, Elxan Məmmədovun "Sabah"a zəng eləməsi, "filankəsi işdən çıxarın" və ya "filankəsi işə götürün" kimi göstərişlər verməsi şəxsən mənə inandırıcı gəlmir.
Elxan Məmmədov və onun yaxın ətrafının məndən xoşu gəlmədiyini bilirəm. Yəni, hamı kimi mənim də xətrimi istəyənlər, hörmət eləyənlərlə yanaşı, istəməyənlər də var.
Normal haldır, kimsə məni istəmək və dəstək olmaq məcburiyyətində deyil. Mən həmişə çalışıram, ətrafımdakılara qarşı mədəni olum, davranışlarıma fikir verim, mənfi cəhətlərimi aradan qaldırım və s.
O ki qaldı Elxan Məmmədovun həmin verilişdən sonra futbol veteranlarına klub idarə etməsində jurnalistlərin yox, onların çalışmalı olduqlarını deməsinə, bəlkə də deyib. Amma mən burada mənfi heç nə görmürəm.
Ortada Ceyhun Sultanov nümunəsi var. Onu tənqid eləyənlər də var, amma mənə görə Sultanov çox yaxşı klub funksioneridir.
Dəfələrlə olub ki, ona zəng eləyib məsləhət də almışam bəzi məsələlərlə bağlı. Yəni, hansısa veteran futbolçunun ofis işində çalışmasına yaxşı baxıram. Əgər intellektual imkanları, idarəçilik qabiliyyəti varsa, niyə də olmasın.
Mənə gəlincə, hələ ilin əvvəlində Niderlanda gedib bir neçə klubun düşərgəsinə baş çəkib, kiçik təcrübə keçməyi planlaşdırmışdım. Artıq müəyyən müzakirələr də aparmışdım bu yöndə.
Məlum səbəblərdən ən azı bu il planım baş tutmayacaq. Yenə deyirəm, nə vaxtsa mənə maraqlı gələn bir layihə olsa, futbolda çalışaram. Olmasa da, problem yoxdur, xeyirlisi".