"Bu suala nə cavab verim? Hərənin öz fikri var" - ŞƏHRİYAR

21 Noyabr 2019 15:59 Azərbaycan Futbolu 1 057
"Bu suala nə cavab verim? Hərənin öz fikri var" - ŞƏHRİYAR

Milli komandamızın müdafiəçisi Şəhriyar Rəhimov Sportinfo.az-a müsahibə verib:

- Slovakiya ilə görüşdə millimizin çıxışını necə dəyərləndirirsən?
- Uduzmuşuqsa, demək ki, lazımı səviyyədə oynamadıq. Amma bacardığımız qədər mübarizə aparmaq istəyirdik. Bu ilk hissədə alınmasa da, məncə, fasilədən sonra daha yaxşı çıxış etdik.

- Bakıda Slovakiyaya 1:5 hesabı ilə uduzmuşduq. Bratislavada yenidən bu cür uğursuzluqla üzləşəcəyimizdən qorxmurduz?

- Həyəcan yox, məsuliyyət hissi var idi. Ancaq açığı, meydana minimalhesablı məğlubiyyət üçün yox, yaxşı nəticəyə görə çıxmışdıq. Bilirdik ki, son oyunumuzdur və yaxşı nəticə istəyirdik.

- İkinci hissədə Slovakiyanın Uelsdəki hesaba görə motivasiyasız oynadığı hiss olunurdu. Buna baxmayaraq, yenə də bu şansdan istifadə edə bilmədiniz...
- Deməzdim ki, motivasiyasız oynadılar. Sadəcə daha ehtiyatlı oynamağa başladılar. Bizim itirəcəyimiz bir şey olmadığı üçün irəli atıldıq.

- Qrupu cəmi bir xalla başa vurdunuz. Çoxları bu nəticəni biabırçı adlandırır...
- Əlbəttə, bir xal azdır, özü də çox az. Amma qrupumuz çox güclü idi. Bəlkə də yeganə qrup idi ki, son tura kimi ikinci yerin sahibi bilinmirdi. Xorvatiya yalnız Slovakiyanı evdə məğlub edəndən sonra vəsiqəni təmin etdi. Həm də bizim qrupa altı komanda düşmədi. Bunlar bəhanə deyil. Amma yenə də təsirsiz ötüşmədi.

- Daima əsas heyətdə oynamağın birmənalı qarşılanmır. Mətbuatda və azarkeşlər arasında “Şəhriyar nəyə görə əsas heyətdə oynayır?” sualları yaranıb...
- Bu suala nə cavab verim? Hərənin öz fikri var. Hamı bilir ki, mənim mövqeyim sol cinah müdafiəçisidir. Məni yarımmüdafiəçi mövqeyində də hücum üstünlüyümə görə yox, sırf müdafiə funksiyalarını yerinə yetirmək üçün qoyurlar. Ona görə də ola bilər ki, bu birmənalı qarşılanmır. Məşqçi belə tapşırıq verir, futbolçular da onu yerinə yetirməlidir.

- Nikola Yurçeviçin millinin baş məşqçi postunda qalmasından yanasan, yoxsa yeni baş məşqçi gəlməlidir?
- Bu barədə danışmağım heç düz çıxmaz. Millimiz üçün xeyirlisi nədirsə, o da olsun.

Mirbağır CƏFƏRLİ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti