Vaxtilə “Kəpəz”in formasını geyinən və komandanın aparıcı simalarından sayılan Yeqor Xvalko legioner həyatını Qazaxıstanda davam etdirir.
28 yaşlı belaruslu mərkəz müdafiəçi Azərbaycanı tərk edəndən sonra “Tobol”la anlaşdı ki, burada ölkə kubokunun qalibi, Premyer Liqanın bürünc medal mükafatçısı oldu.
Lakin bu ilin fevralından vaxtilə həmyerlimiz Ramiz Məmmədovun çalışdırdığı “Atırau”nun uğurları üçün tər tökür.
Xvalko ölkəmizdə oynadığı dönəmdə gəncəli azarkeşlərlə və jurnalistlərlə səmimi münasibəti ilə seçilib. Buranı tərk edəndən sonra dəyişməyib, həminki adamdır.
Yeqora zəng edib, Sportinfo.az-a müsahibə verməsini xahiş edəndə Azərbaycan futbolunu bu qədər yaxından izlədiyini təsəvvür etmirdim.
Məqsədim əsasən Azərbaycan və Qazaxıstan futbolu arasındakı fərqləri müəyyən etmək, futbolumuzun kənardan necə göründüyünü öyrənmək idi.
Etiraf edim ki, müsahibə gözlədiyimdən daha səmimi və keyfiyyətli alındı.
- Qazaxıstanda işlərin necə gedir?
- Hər şey yaxşı idi. Zədə aldığıma görə son 2 oyunda meydana çıxa bilmədim. Növbəti matçda da iştirak edə bilməyəcəyəm. Son oyunlarda məğlub olmağımız əhvalımızı korlayıb. Ümumilikdə pis deyil.
- Statistikaya baxdım, əsas heyət üzvüsən.
- Zədəyə qədər bütün görüşlərdə meydanda olmuşam.
- Uzun illər yaşadığın Azərbaycandan sonra Qazaxıstanda özünü necə hiss edirsən?
- Hazırda Qazaxıstanda yox, Türkistanda məskunlaşmışıq. Şəhər çox xoşuma gəlir. Rahatlıq və inkişaf var. Əslində bura “Atırau”nun yox, “Turan”ın bazasıdır, burada məskunlaşmışıq. Böyük bazadır, çox sayda süni və təbii meydanlar var. İlk dönəmlərdə bazada qalırdım, indi kirayə ev götürmüşəm, orada qalıram.
- Atırauda yaşamağınıza nə mane olur?
- Federasiya stadiona lisenziya vermədi. Təfərrüatı tam bilmirəm, eşitdiyimə görə, süni örtüklü meydanı dəyişirlər. Müvəqqəti burada məskunlaşmışıq. O vaxt Gəncədə necəydi, təmirə görə Tovuzda oynayırdıq.
- Komandanın qarşısına hansı hədəf qoyulub?
- Konkret hədəf yoxdur. Əlbəttə, biz futbolçular ən yüksək yerləri arzulayırıq. Lakin rəhbərlik olaraq bizə konkret olaraq “bunu etməlisiniz” deyilməyib. Bacardığımızı edəcəyik ki, finişdə ən azından ortababların arasında yer alaq.
- “Kəpəz”dən ayrılandan sonra “Tobol”la anlaşmışdın. Əsas heyətdə yer alırdın, hətta 2 qol vurmuşdun. Ötən mövsüm ölkə kubokunu qazanıb, mövsümü 3-cü pillədə başa vurdunuz. Lakin yeni mövsümdə “Atırau”ya keçdin. (Qazaxıstan çempionatı yaz-payız sistemində keçirilir – H.). Nə baş verdi?
- “Tobol”la çempionatın gedişində anlaşmışdım və 3 aylıq, yəni mövsümün sonuna qədər müqavilə bağlamışdım. O dönəmdə “Tobol”un mərkəz müdafiəçiləri zədələndiyi üçün məni təcili dəvət etmişdilər. Çünki “transfer pəncərəsi”nin bağlanmasına saatlar qalmışdı. Oynadım, komandaya fayda verməyə çalışdım, yekunda dediyiniz kimi, kubokun sahibi olduq. Müqaviləm başa çatandan sonra yollarımız ayrıldı.
- Özün istədin, yoxsa..?
- Agentimin mənə dediyinə görə, rəhbərlik qalmağımda maraqlı imiş. Bəlkə də baş məşqçi xidmətimdə maraqlı olmayıb. Müqaviləm başa çatandan sonra klubdan mənimlə əlaqə saxlayan olmadı. Həmin vaxt “Atırau”dan zəng gəldi. Baş məşqçi belaruslu Vitali Jukovski idi. Danışdıq, razılaşdıq və 1 illik anlaşmaya imza atdım.
- “Tobol”dan ayrılandan sonra “Kəpəz”dən zəng edən olmadı? Hər halda baş məşqçi səni yaxından tanıyan Azər Bağırov idi və klub qış fasiləsində mərkəz müdafiəçisi axtarırdı.
- Mənimlə heç kim əlaqə saxlamadı. Nəinki “Kəpəz”dən, ümumiyyətlə, Azərbaycandan maraq görmədim.
- Qazaxıstanda futbolçuların maaş durumu necədir? Azərbaycandakı ilə təxminən eynidir, yoxsa fərq böyükdür?
- Burada yaxşı pullar var, sadəcə sabitlik yoxdur. 3 il Azərbaycanda oynadım, bu baxımdan korluq çəkmədim. Hətta “Kəpəz”də gecikmə olanda belə, bu, 1-2 həftəni ötmürdü. Xüsusən ilk ilimdə - 2022/23 mövsümündə gecikmələr olurdu. Sonrakı illərdə sabitlik idi, maaşlar vaxtında köçürülürdü. Rəhbərliyə “məvaciblər nə vaxt olacaq?” sualını verdiyimi xatırlamıram. Həm də Qazaxıstanda vəziyyət fərqlidir.
- Azərbaycanlı və qazaxıstanlı futbolçuları müqayisə etsək, ortaya ciddi fərq çıxar?
- Aşağı-yuxarı eyni səviyyədir. Azərbaycandakı kimi, burada da yerli uşaqlar texniki bacarıqlarına görə fərqlənir. Azərbaycanda necədir? Üzdə olanlar, yəni milli üzvləri “Qarabağ”, “Sabah”, “Neftçi” kimi klublarda cəmlənib. Burada da “Kayrat”, “Tobol”, “Astana”da istedadlı yerlilərin sayı çoxdur. Arada böyük fərqin olduğunu deməzdim.
- Çempionatları müqayisə etsək necə?
- Hə, bu məsələdə müəyyən fərqlər var.
- Nə kimi?
- Azərbaycanda oynadığım müddətdə heç bir komanda “Qarabağ”ın qarşısını kəsə bilmirdi. Çempionatda dominantlıq edirdi. Bu da anlaşılandır, çünki “Qarabağ” başqa səviyyədir. Qazaxıstandakı durum fərqlidir. “Kayrat” son iki mövsümü çempion qismində başa vursa da, buna çətinliklə nail olub. Məsələn ötən mövsüm sona 5 tur qalmış şərəfinii qoruduğum “Tobol” turnir cədvəlinə başçılıq edirdi. Yekunda “Kayrat” çempion oldu, “Astana” 2-ci, biz isə 3-cü pillədə başa vurduq. 2024-cü ildə “Kayrat” sonuncu turda “Tobol”u məğlub edərək çempionluğu rəsmiləşdirmişdi. Deməyim odur ki, Qazaıxıstanda çempioluq uğrunda gərgin mübarizə gedir, 3-4 komanda son tura qədər “qızll” uğrunda mübarizə aparır.
- “Qarabağ” “Kayrat” kimi Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparanda, qazaxıstanlılar bunu təəccüblə qarşılayırdı? Azərbaycanda oynadığını nəzərə alıb səndən nəsə soruşurdular?
- Əlbəttə, soruşurdular, naraqlanırdılar. Necə ki, siz indi məndən iki ölkənin futbolunun oxşar və fərqli cəhətlərini soruşursunuz, onlar da suallar verirdilər. Düzünü desəm, “Qarabağ” heç nə ilə təəccübləndirmədi. Əksinə, bunu gözləyirdim. Çünki hər il qrup mərhələsinə yüksələn komanda bir gün bunu da bacarmalıydı. “Qarabağ” məni bir dəfə təəccübləndirdi.
- Nə vaxt?
- “Benfika” ilə səfər qarşılaşmasında hesabda 0:2 geridə olanda 3 qol vurub qələbə qazanarkən. Həmin oyunu televizorda canlı izləmişdim. Komandanın potensialını görəndən sonra anladım ki, əksər rəqiblər “Qarabağ”la hesablaşmaq məcburiyyətində qalacaq. Çünki söhbət təkcə nəticədən yox, həm də oyun keyfiyyətindən gedir. “Qarabağ” Avropa futboluna xas sürətli, kombinasiyalı futbol nümayiş etdirmişdi. Düşündütyüm kimi də oldu. “Kopenhagen”i uddu, “Çelsi” ilə heç-heçə, sonra yenə hansısa tanınmış komanda üzərində qələbə.
- “Ayntraxt”...
- Hə-hə, “Ayntraxt”. “Qarabağ” a qarşı dəfələrlə oynadığım üçün bu komandanı Çempionlar Liqasında izləmək xoş gəlirdi. Deyirdim, vaxtilə mən də “Qarabağ”a qarşı mübarizə aparmışam. Bildiyimə görə, “Qarabağ”ın indiki vəziyyəti yaxşı deyil. “Sabah”la ardıcıl 3 oyununa baxdım. Tribunalarda möhtəşəm ab-hava var idi. Oyun keyfiyyəti də möhtəşəm görünürdü. Sanki iki Avropa komandası qarşılaşırdı. Gizlətməyəcəm, “Sabah” məni şoka saldı. Əvvəlki matçlarda düşünürdüm ki, “Qarabağ” yorğundur, Çempionlar Liqasının havasındadır. Ancaq son 3 matçda “Sabah”a qalib gələ bilməməsi... İnanmazdım ki, Azərbaycanda hansısa komanda “Qarabağ”ı yerindən tərpə bilər. “Sabah”ı çox bəyəndim. İnanılmaz dərəcədə mükəmməl oynayır.
- Layiqli çempionluqdur demək istəyirsən.
- Mütləq. “Qarabağ”la “Sabah”ın 3, ya 4 oyununa canlı baxdım. Və heç birində “Qarabağ” qələbə qazana bilmədi. Deməli, bu, “Sabah”ın haqlı çempionluğudur.
- 3 il şərəfini qoruduğun “Kəpəz” Qazaxıstandan necə görünür?
- Qış fasiləsindən sonra “Qarabağ”ı iki dəfə məğlub edəndə təəccüblənmişdim. 20 ilə yaxındır “Kəpəz” “Qarabağ”ı uda bilmirdi. Son çempionu iki dəfə udub, ardınca turnir cədvəlindəki əsas rəqiblərə ardıcıl dörd matçda uduzmaq... Mövsüm sona yaxınlaşır, komanda çətin vəziyyətə düşüb. Reqlament necədir? Sonuncu yer avtomatik I Liqaya yuvarlanır, 11-ci yer pley-off oynayır. Düzdür?
- Bəli, Premyer Liqanın 11-cisi I Liqanın 2-cisi ilə bir oyunda qarşılaşacaq.
- İnanıram ki, “Kəpəz” çempionatı yaxşı yerlərin birində başa vurub elitadakı yerini qoruyacaq. Dörd oyundakı məğlubiyyətlər yerinə düşmədi. Yoxsa “Kəpəz” Premyer Liqada qalmağı çoxdan rəsmiləşdirmişdi. Onsuz da hər il belə olur. Mövsümə pis başlayırdıq, sonra düzəldirdik, sona yaxın çətinliklər yaranırdı.
- Azərbaycan çempionatına baxanda, “kaş bu gün “Kəpəz”də olardım” fikri keçir ağlından?
- Klubun yeni rəhbərliyi mənə qarşı xoş olmayan tərzdə davrandı. Ötən mövsüm sonuncu turda “Turan Tovuz”a qarşı oynayırdıq. Matça bir gün qalmış yeni rəhbərlik futbolçuları bir-bir çağırıb yeni müqavilə ilə bağlı danışırdı. Deyildi ki, çempionat başa çatan kimi mənimıə uzunmüddətli müqavilə bağlayacaqlar. İstirahət vaxtı evdə oturub rəhbərlikdən zəng gözləyəndə, sosial şəbəkədə qarşıma mənimlə yolların ayrılmasına dair paylaşım çıxdı. Mənə heç nə bildirmədən ictimaiyyətə anons təqdim etmişdilər. Halbuki 3 il “Kəpəz”də oynadım, sərfəli təkliflər aldığım dönəmdə getmədim, Gəncədə qaldım. Mənə qarşı yaxşı davranmadılar.
- Bəlkə yeni baş məşqçi Adil Şükürov səni istəməmişdi. Ola bilər?
- Belə baxanda, Azər Bağırovun “Kəpəz”də qalmayacağı sonundu turdan əvvəl bilinirdi. Özü bu barədə demişdi. Və həmin vaxt rəhbərliklə uzunmüddətli müqavilə ilə bağlı söhbətimiz olmuşdu. Üstəlik, Adil Şükürov məni tanıyırdı, rəhbərliyi altında oynamışdım.
HƏBİB ASLANOV
Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XI
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

