“Qəbələ” qış fasiləsində heyətinə qatdığı futbolçulardan birini gözdən çıxarıb.
Bölgə təmsilçisi Turan Manafovun xidmətinə ehtiyac duymayıb.
Ondan 5 aylıq icarə müqaviləsini vaxtından tez, özü də qarşılıqlı razılıq əsasında pozması istənilib.
27 yaşlı müdafiəçi bu təkliflə razılaşmayıb. Aylıq maaşı 7000 dollar olan sol cinah oyunçusu pulunu son qəpiyinədək tələb edib.
Əslində, Manafovun rəhbərliklə heç bir problemi yoxdur. Onun davası baş məşqçiylədir.
Belə ki, Kaxaber Sxadadzenin məşq əsnasında təhqir etdiyi müdafiəçi ona həm cavab qaytarıb, həm də əl qaldırıb.
Hadisənin motivi budur ki, «qırmızı-qaralar»ın bu ilin yanvarında icarəyə götürdüyü Manafov çalışdırıcıya fiziki təzyiq göstərib.
Gürcü sükançı hazırlıq əsnasında verdiyi tapşırığı lazımı səviyyədə icra etməyən oyunçunün ünvanına ağır söyüş işlədib.
Bunu eşidən Manafov mütəxəssisin üzərinə yeriyib. Dava-dalaş komanda üzvlərinin sayəsində tez yatrılıb. Odur ki, rəhbərlik Sxadadzenin raportu əsasında sol cinah oyunçusunu düşərgədən kənarlaşdırıb.
Bu olayın üstündən o, böyük miqdarda cərimələnib. Baş məşqçidən komanda içində üzr istəməsi tələb olunub, razılaşmayıb.
Manafov müqavilə ilə “Stellenboş”a məxsusdur. 27 yaşlı müdafiəçi ötən ilin yayında Cənubi Afrika Respublikasının (CAR) klubu ilə 3 illik kontrakt bağlayıb.
Bu anlaşma 2028-ci ilin iyununa qədər qüvvədədir. U-21 yığmamızın sabiq üzvünun “Qəbələ“ ilə icarə sövdələşməsi iyunadək nəzərdə tutulub.
Bölgə təmsilçisinin heyətində 8-i Premyer Liqada, 2-si Azərbaycan kubokunda olmaqla ümumilikdə 10 oyunda şans qazanan Turan sonuncu dəfə martın 21-də meydana çıxıb.
O, həmin gün Premyer Liqanın 25-ci turu çərçivəsində “Turan Tovuz“la keçirilən səfər matçının 67-ci dəqiqədə Nuğay Rəşidovun əvəzinə yaşıl sahəyə ayaq basıb. Axır dörd turda isə onun adı iştirak ərizəsinə salınmayıb.
Belə olduğu halda gürcü çalışdırıcı klub rəhbərliyinə Turanla bağlı raport təqdim edib. Ki, komandanın gündəlik məşqlərinə qatılmasın, yola salın, getsin.
Məhz bu səbəbdən səbəbkarın adı “Qəbələ”nin son matçlarındakı iştirak ərizəsinə salınmayıb.
SPORTİNFO.AZ

