Bütün ümidlər demək olar bu oyuna idi.
«Qarabağ» 2025-ci ilin son ev matçında qalibiyyət əldə etsəydi, Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanmaq şansının üzərinə yağ-bal çəkmiş olacaqdı.
Ondan sonra gəl «Qarabağ»ı tut da, görüm necə tutursan! 10 xal «Qarabağ»ı ümumi turnir cədvəlində «diri» saxlayacaqdı və axır iki turda əldə ediləcək 1 heç-heçə belə, bu hədəfə çatmağa maneə yaratmayacaqdı.
«Ayaks» liqa mərhələsinin ilk beş turunda qalibiyyətlə tanış ola bilməyən yeganə iştirakçı idi.
Müvəqqəti baş məşqçiləri Fred Qrim matçdan öncə «nifrət etdiyim 9 xaldan canımızı qurtarmaq üçün bura gəlmişik» demişdi və dediyi tabloda öz əksini tapdı.
10-15 dəqiqənin içində oyunun axarı tamamən dəyişdi: hadisələr elə sürətli baş verdi ki, «Qarabağ»ın futbolçuları final fitinədək şokdan ayıla bilmədi.
Bu, çempionumuz üçün ən qorxunc ssenari idi. Dərin yuxuya dalmış kəsin röyasına anidən əcaib-qəraib şeylərin girməsi kimi.
İlan vuran yatar, Qurban Qurbanov yatmaz. Dərin üzüntü və kədər içində gözlədi hakimin son fitini.
Özünü yenə tox tutmağa, içindəki narahatlığını gizlətməyə çalışdı. Həmişəki kimi.
Tövrünü pozmadı, ən azından buna cəhd etdi. Amma bu, yalnız publika üçün idi: istəmədi ki, stadionu dolduran, ekran başında əyləşən azarkeş, ictimai fərd onun pərişan halını görsün.
Dözdü, hesab elədi ki, olan artıq olmuşdu, zamanı 90 dəqiqə əvvələ qaytarmaq qeyri-mümkündür.
MUSA

