“Qarabağ”ın futbolçuları üçün əla imkan – Əcnəbi skautlar onu izləməyə gələcək

8 Dekabr 2021 20:40 Qarabağ 2 439
“Qarabağ”ın futbolçuları üçün əla imkan – Əcnəbi skautlar onu izləməyə gələcək

Sabah “Qarabağ”la qarşılaşacaq “Bazel” püşkatmadan sonra qrupun aşkar favoriti hesab edilirdi.

Bu da təsadüfi deyil.

128 yaşlı klub istər İsveçrədə, istərsə də Avropa futbolunda müəyyən uğurlara imza atıb ki, “Qarabağ”la müqayisədə daha təcrübəli və ünlüdür.
İsveçrə təmsilçisinin cari avrokubok mövsümündəki nəticələrə baxanda əlavə şərh verməyə gərək qalmır.

FCB yeni yaranmış Avropa Konfrans Liqasında 6-sı təsnifat, 5-i qrup mərhələsində olmaqla 11 oyun keçirib ki, bu matçların yalnız 1-də uduzub. 8 dəfə qələbəyə sevinib, 2 halda meydanı heç-heçə ilə tərk edib.

Son illər “Bazel” deyəndə, komandanın sadiq azarkeşlərinin ağlında Artur Kabral canlanır. Çünki bu komandanı bu futbolçusuz təsəvvür etmək, sadəcə, mümkün deyil.

2020-21 mövsümündə bütün yarışlarda şans qazandığı 36 oyunda rəqib qapılarına 20 qol vuran braziliyalı forvard bu il daha təhlükəli görünməkdədir. 27 matç və 25 qol!

Rəqib müdafiəçi və qapıçılar üçün sözün əsl mənasında başağrısına çevrilən ucaboy forvard İsveçrə çempionatında 15 qarşılaşmada 14 dəfə fərqlənib.

Ölkə kubokunda meydanda olduğu 22 dəqiqə ərzində qol istəyinə çata bilməsə də, Avropa Konfrans Liqasındakı göstəricisi möhtəşəmdir: 11 oyunda 11 top.

Kabral komandasının bu yarışın təsnifat mərhələsində üzləşdiyi bütün rəqiblərin qapıçılarını məyus etməyi bacarıb.

“Partizani”, “Uypeşt” və “Hammarbü”yə həm İsveçrədə, həm də səfər görüşlərində qol vuran 23 yaşlı hücumçu qrupdakı rəqiblərdən “Kayrat”la hər iki qarşılaşmada adını tabloya yazıdıb. “Omoniya” ilə Bazeldəki görüşdə də fərqlənib.

Bu yarışda qol vurmadığı iki oyun var – “Qarabağ” və “Omoniya” ilə səfər duelləri.

Qurban Qurbanovun Arturu saxlamaq yönündə müdafiəçilərə lazımi tapşırıqlar verəcəyi dəqiqdir.

Biz də öz növbəmizdə onu bildirək ki, İngiltərə, Almaniya və İtaliya klublarının diqqət mərkəzində saxladığı 15 milyon avro dəyərindəki hücumçunu təmsilçimizlə oyunda skautlar izləyəcək. Bu, həm də “Qarabağ”lılar üçün diqqət çəkmək baxımından əla imkandır.

Qısası, 90 dəqiqə ərzində Kabralı diqqətdən qaçırmamaqla əcnəvi skautların diqqətini çəkmək olar.

Uğur olsun!

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti