“Zəngəzur dəhlizi”nin açılmasında 6 kilometrlik əngəl - İLGİNC DETALLAR

1 İyul 2022 18:10 Problem 2 650
“Zəngəzur dəhlizi”nin açılmasında 6 kilometrlik əngəl - İLGİNC DETALLAR

“Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizi üzrə avtomobil yolu ilə bağlı razılaşdırılmalı olan 6 kilometrlik kiçik bir hissə qalıb”.

Bu sözləri “İzvestiya” qəzetinə yüksək rütbəli məlumatlı mənbə deyib.

“Azərbaycan və Ermənistan hələ ötən ilin payızında Naxçıvana dəmir yolu dəhlizi barədə razılığa gəliblər. Baş nazir müavinlərinin iyunun 3-də keçirilən son iclasında 6 km-lik çatışmayan hissə istisna olmaqla, gələcək marşrutun istiqamətlərini razılaşdıra bildilər.

Orada dağlar var və Rusiyanın ”Avtodor" şirkəti ora mütəxəssislər göndərir ki, məsələnin mühəndis həllini tapsınlar", - mənbə bildirib.

Nəşrə danışan mənbənin sözlərinə görə, marşrut Ermənistan tərəfdən Araz çayının paraleli ilə keçəcək. Qalan hissədə 1992-ci ilə qədər Naxçıvanı Ermənistan ərazisindən keçərək Azərbaycanın Zəngilan rayonu ilə birləşdirən köhnə sovet yollarından istifadə olunacaq. Mənbə izah edib ki, onlar gələcək dəhlizin demək olar ki, bütün xətti boyunca qorunub saxlanılıb, ancaq Naxçıvan və Ermənistanla sərhəddə bir hissə qalıb. O aydınlaşdırıb ki, Bakı bu ilin martında Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonundan İran ərazisindən Naxçıvana yolun çəkilməsi niyyəti ilə bağlı Tehranla memorandum imzaladıqdan sonra Ermənistan tərəfi danışıqlar prosesini sürətləndirib. “İzvestiya”nın mənbəsi əlavə edib ki, “bu variantın Ermənistan üzərindən avtomobillə əlaqə yaratmaqdan daha baha başa gəlməsinə baxmayaraq, Nikol Paşinyan prosesi uzatmaqda davam edərsə, İlham Əliyev buna hazır idi”. Rusiya nəşri yazır ki, Bakı ilə İrəvan arasında Moskvanın vasitəçiliyi ilə nəqliyyat dəhlizi üzrə konstruktiv dialoq qurulub.

“Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin regional kommunikasiyaların açılması üzrə işçi qrupu xüsusən də sərhəd və gömrük nəzarəti məsələlərində İrəvan və Bakının mövqelərini yaxınlaşdıra bilib”. Bunu isə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib. “Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupun fəaliyyətini konstruktiv hesab edirəm. Bu, şübhəsiz ki, çətin işdir, lakin qeyd etməliyəm ki, tərəflər bir çox sərhəd və gömrük nəzarəti, eləcə də Ermənistan və Azərbaycan ərazilərindən avtomobil və dəmir yolları ilə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsiz keçidi ilə bağlı mövqelərini yaxınlaşdıra biliblər”, - Qriqoryan bildirib. Onun sözlərinə görə, hazırda ekspert alt qrupları avtomobil və dəmir yolu infrastrukturunun bərpası və istifadəsi ilə bağlı məsələlərin işlənməsini davam etdirirlər. Bu açıqlama Rusiya nəşrinin xəbərini təsdiqləyir. Rusiya indilikdə ABŞ və Avropa Birliyinə rest çəkmək üçün Azərbaycanla Ermənistan arasında razılaşmanın olmasında maraqlıdır. İlkin olaraq bu, kommunikasiyaların açılması ola bilər. Rusiya bu razılaşmanı icra edə bilsə, regionda əsas skripka rolu oynadığını sübut etmiş olacaq.

Bu arada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan brifinqdə bildirib ki, yaxın zamanlarda Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü mümkündür. “Belə bir görüşün yaxın vaxtlarda keçirilməsinin mümkünlüyünə dair məlumat var”- Qriqoryan iddia edib. Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib ki, hazırda Azərbaycanla 4 əsas məsələnin, o cümlədən kommunikasiyaların açılması, delimitasiya və demarkasiya işləri, humanitar məsələlər müzakirə edilir.

Arzu Nağıyev: Prezidentin apardığı siyasət hər bir Azərbaycan vətəndaşının  rifahına hesablanıb - AZƏRTAC

Arzu Nağıyev

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik, korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında məsələyə həssas yanaşmanın zəruri olduğunu vurğuladı: “Zənnimcə, Zəngəzur dəhlizi ilə bağlı belə bir açıqlamanın məhz Rusiya KİV-də getməsi özü çox mətləblərdən xəbər verir. Eyni zamanda mənbəni gizli saxlasalar da, çox məlumatlı bir mənbənin olduğu da sezilir. Hətta deyərdim ki, birmənalı şəkildə problemdən xəbəri olan bir qurumun nümayəndəsidir. Məhz erməni tərəfinin də bunu təsdiq etməsi göstərir ki, verilən material xüsusi hazırlanıb. Qeyd etmək lazımdır ki, Azərbaycan və Ermənistan hələ ötən ilin payızında Naxçıvana dəmir yolu dəhlizi barədə razılığa gəliblər, İrəvan əsasən magistral avtomobil yolu ilə bağlı uzun fasilə verdi. Lakin iyunun 3-də baş nazir müavinlərinin son iclasında 6 km-lik çatışmayan hissə istisna olmaqla, gələcək marşrutla bağlı razılıq əldə olunub. Təbii ki, Rusiya və Qərb arasında regionda nüfuzla bağlı siyasi rəqabət hökm sürməkdədir. Zəngəzur dəhlizinin açılması həm Avropa, həm Rusiya üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan və İran arasında yeni dəhlizlə bağlı sazişdən sonra həm Qərbin, həm Rusiyanın, əsasən də Ermənistanın dəhlizin tezliklə açılması məsələsinə maraqları artıb. Çünki bütün tərəflər gördü ki, Azərbaycan alternativ yollara da malikdir və İrandan keçəcək dəhlizdə artıq digərləri üçün müəyyən qadağalar yarana bilər. Yəni iqtisadi maraqlarla yanaşı, siyasi maraqlar da qüvvədədir”. A.Nağıyevin sözlərinə görə, Rusiyanın son vaxtlar regionda apardığı siyasət bir daha göstərir ki, Azərbaycan bütün tərəflər üçün ən ləyaqətli və dürüst tərəfdaşdır: “Buna görə də bütün üçtərəfli görüşlərin məntiqi sonluğu olmalıdır. Bundan başqa, ”Avtodor" şirkətinin adının çəkilməsi və mütəxəssislərin ora göndərilməsi faktı da xüsusi vurğulanır ki, yəni onlar da bu proseslərin tezləşdirilməsində daha maraqlıdırlar. Təbii ki, Zəngəzur dəhlizinin açılması həm Rusiya, həm də İran üçün mühümdür. Çünki hər iki dövlətə qarşı sanksiyalar tətbiq edilir və çıxış yolu da məhz bir sıra dövlətlərin ərazisindən istifadə etməkdir".

Deputat əlavə etdi ki, Prezident İlham Əliyevin Aşqabad sammitində, məhz əsas maraqları olan regional oyunçuların da iştirak etdiyi sammitdə Zəngəzur dəhlizi artıq “böyük miqyaslı işləri nəzərə alsaq, reallığa çevrilir” deməsi hamı üçün bir mesajdır.

Azərbaycan-Türkiyə əlaqələri strateji müttəfiqlik sahəsində ən güclü  nümunədir

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov bildirdi ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya məsələsi çoxdan həll edilməli idi: “Azərbaycan müharibə bitəndən bu yana öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib və daim bununla bağlı çağırışlar edib. Həm Rusiya, həm də Avropa İttifaqı Şurasının da iki ölkə arasındakı münasibətlərin normallaşmasında delimitasiyanın vacibliyini etiraf etdiyini də nəzərdən qaçırmamalıyıq. Sərhədlərin delimitasiyası ilə bağlı Rusiya prezidenti Putinin ötənilki açıqlamasında delimitasiya ilə bağlı işlərin maksimum bu ilin əvvəlində sürətlənəcəyini vurğulaması da yaddan çıxmamalıdır. 2022-ci ilin yarısı geridə qalıb və Ermənistan Rusiyanın siyasi qərarlarını da sabotaj edərək prosesi gecikdirməyə cəhd edir. Dəfələrlə Brüssel görüşlərində Şarl Mişel Paşinyana bununla bağlı çağırışlar etsə də, işlərə başlanılmayıb. Lakin sonuncu Brüssel bəyanatından sonra sərhəddə işçi qrupların ilk görüşü keçirildi”. T.İsmayılov qeyd etdi ki, Avropa İttifaqı Şurasının praktiki irəliləyişə səbəb olan moderatorluğundan sonra Rusiya delimitasiya prosesində təşəbbüsü daha çox ələ almağa başladı: “İkincisi, Rusiya anladı ki, anti-Azərbaycan ritorikası və Ermənistandan prosesi ləngitmək üçün istifadə cəhdləri Azərbaycana zorla nələrisə qəbul etdirməyə çalışmaq siyasətində heç nəyə yaramır. Azərbaycan müstəqil siyasi gücdür və heç vaxt hansısa üçüncü tərəfin diktəsi ilə siyasi kurs həyata keçirməyib. Üçüncüsü, Brüssel görüşlərinin nəticə etibarlı təsirlərindən sonra Rusiyanın prosesdə yararlığı məsələsi şübhə altına düşürdü. Bu baxımdan, Rusiya proseslə daha təsiredici fonda məşğul olmağa başladı. Bütün bunlar həm də Rusiya və Aİ-nin maraqlarını da ehtiva edir. Çünki yeni yollar, sərhədlərin müəyynləşdirilməsi və Zəngəzur dəhlizi həm Moskva, həm də Brüssel üçün də lazımdır. Çünki əvvəla, yeni yollar həm Aİ, həm də Rusiya üçün yeni yollar açılmağı deməkdir. Bu da postpandemiya dövründə iqtisadi rentabelli alternativ yollar axtarışında mühüm vasitədir. Digər tərəfdən, nəqliyyatda, yük daşımalarında daha ucuz və sərfəli xətlər formalaşır ki, bu da ən çox Rusiyaya sərf edir. Üçüncü bir məsələ də var: Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi böyük yeniliklər yaradacaq ki, geostrateji güclər bunun yaxşı fərqindədir. Rusiya hazırda həm baş nazir müavinlərinin görüşlərində, həm delimitasiya, həm də 3+2 formatındakı görüşlərdə mühüm vasitəçilərdən biridir. Son zamanlar Azərbaycanı narazı salan məqamlarda Rusiyanın ehtiyatlı mövqeyi də bölgədəki proseslərdə əsas siyasi vasitəçi olmağı ilə bağlı narazılıqları aradan qaldırmağa hesablanıb. Hesab edirəm ki, Cənubi Qafqazda əsas vasitəçi olmaq uğrunda Moskva və Avropa İttifaqı arasındakı yumşaq rəqabət prosesin xeyrimizə doğru irəliləməsinə səbəb olacaq".

Qeyd edək ki, paralel olaraq İrəvanla Ankara arasında da təmaslar ləng də olsa, davam edir. Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyanla Serdar Kılıç arasında növbəti görüş iyulun 1-i Vyanada keçiriləcək. Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə danışıqlarda xüsusi nümayəndə Ruben Rubinyan deyib ki, Ermənistan-Türkiyə sərhədinin delimitasiya məsələsi danışıqların gündəliyində yoxdur. Erməni diplomat tərəflər arasında sərhədlə bağlı konkret sənədin müzakirə olunmadığını qeyd edib.

Ermənistanda hələ də anlamaq istəmirlər ki, Türkiyə ilə ərazi iddiaları ilə danışmaq ağılsızlıqdır və saxta iddiaları tarixin zibilliyinə göndərmək əlaqələrin bərpası üçün çıxış yoludur. Ermənistanın son günlərdə yenə də ziddiyyətli mövqelər sərgiləməsi, Qarabağ separatçılarına gizli və açıq dəstək nümayişi, sərhəd təxribatları və rəsmi səviyyədə avantürist mövqe sərgiləməsi proseslərin dinc məcrada yoluna qoyulmasına təhdid yarada bilər.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"