“Xəzər Lənkəran”ın revanşından “Qarabağ”ın tapıntısınadək - Essyenin həmyerliləri

27 May 2020 20:00 Premyerliqa 808
“Xəzər Lənkəran”ın revanşından “Qarabağ”ın tapıntısınadək - Essyenin həmyerliləri

Sportinfo.az xəbər verir ki, Azərbaycan futbol tarixinin coğrafiyasına səyahət edən “apasport” Süveyş kanalını keçərək Asiyadan Afrikaya üz tutub.

Dünya futbol bazarında minlərlə oyunçu çıxaran Afrika yığmaları böyük nailiyyət qazanmasa da, Avropa nəhənglərinin heyətində “Qara qitə” təmsilçiləri həmişə özündən söz etdirib.

Əslində, legionerlərin vətəndaşlığından danışarkən, afrikalılar ciddi çətinliklər yaradır. Bu da onunla bağlıdır ki, qitənin əksər təmsilçiləri Avropa ölkələrindən hər hansının pasportunu da alır.

Əfsanə
Afrika gəzintisini Qana ilə başlamaq qərarına gəldik. Dünya futboluna Abedi Pela kimi əfsanə bəxş edən ölkəni seçməyimiz təsadüf deyil. Azərbaycana gəlib-getmiş ən məşhur legionerlərdən biri, bəlkə də birincisi məhz bu ölkədəndir. Özü də təkcə Afrika deyil, ümumiyyətlə ən tanınmış əcnəbinin Maykl Essyen olduğunu söyləsək, yanılmarıq. “Lion”, “Çelsi”, “Real” və “Milan” kimi 4 nəhəng klubda oynamış birinin nə vaxtsa Premyer Liqamıza gəlməsini düşünmək fantastikaya bərabər olardı. Amma “Səbail” bunu gerçəkləşdirib Essyeni ölkəmizə gətirdi. Təbii ki, artıq tanıdığımız Mayklın özü deyil, sadəcə “cismi” Bakı klubunda çıxış edir. Karyerasını bitirib məşqçiliyə başlayan veteran cəlbedici təklif qarşılığında ölkəmizə gəlib. Meydanda faydalılığı “sıfıra” düşən yarımmüdafiəçinin keçidindən məqsəd klubun reklamı və futbolun populyarlığına töhfəsidir. İkinci mövsümdür “Səbail”də oynayan Essyen ötən çempionatın bürünc medalını qazanıb.

Kolleksiyasında Çempionlar Liqasının qalibi və finalçısının medalı olan qanalı iki dəfə Fransa, iki dəfə İngiltərə çempionu olan, İngiltərədə 4 kubok, 1 liqa kuboku, 1 Superkubok qazanan ulduz Qana yığması ilə Afrika Millətlər Kubokunda gümüş və bürüncə, U-20-lərin dünya çempionatında ikinci yer sahibliyinə qovuşub. Qana futbolunun əfsanəsi Azərbaycanda oynayan həmyerliləri üçün kumir, avtoqraf almaq üçün hədəf də sayıla bilər.

Rekordçu və son tapıntı
Essyenin həmyerlilərindən söz düşmüşkən, koronavirus pandemiyası üzündən dayanan cari mövsümdə daha iki qanalı Premyer Liqa həyəcanı yaşayır. Onlardan biri “Qarabağ”ın son tapıntılarından olan Ovusu Kvabenadır. Qışda Ağdam klubuna qoşulan futbolçu ciddi nə ilə isə yadda qalmağa vaxt da tapmayıb. Digər qanalı isə Riçard Qadzedir. Fasilə ilə üç mövsüm Azərbaycanda oynayan “Zirə”li bu göstəricidə də, oyun və qol sayında da qanalılar arasında rekordçudur. 45 çempionat matçına çıxan afrikalının aktivində 13 qol var.

İnadına ilk və davamçısı
İndiyədək Azərbaycan Premyer Liqasında 8 qanalı futbolçu oynayıb. Onlardan birincisi Kinqsli Atakora olub. Qanalının ölkəmizə gəlişinin öz tarixi var. 2005/06 mövsümündə avrokuboklarda debüt edən “Xəzər Lənkəran” kiçik kənd komandası olan Moldova “Nistru” ilə hər iki qarşılaşmada uduzaraq biabırçı debütlə yadda qaldı. Moldovalılar iddiasına əsasən cənublular hətta oyunu 250 min dollara almağa da cəhd edib. Bu, reallaşmayınca, “Xəzər Lənkəran” rəqibin bir çox oyunçusuna təklif göndərib. Sanki Ataki təmsilçisinin heyətini zəiflətməkdəki inadla meydandakı məğlubiyyətin revanşını almaq istəyib. Amma cənublular yalnız Atakoranı transfer edib. Pis təsir bağışlamayan afrikalı mövsümün startından az sonra ağır zədə alaraq Azərbaycan karyerasını başa vurub. Növbəti mövsüm daha bir qanalı gətirən “Xəzər Lənkəran”ın bu dəfəki transferi pis alınmayıb. Edmond Ntiamoa hücumda Zaur Ramazanovun kölgəsində qalsa da, vurduğu qollarla çempionluqda pay sahibi kimi yadda qalıb. O, həm də kubok qazanana komandanın üzvü olmaqla “Qızıl dubl” müəllifin olub. Fransa vətəndaşlığı da daşıyan forvard 2006/07 mövsümündə olduğu kimi 2007/08-in də yarısını çempionatımızda keçirib. O, iki mövsüm (hər ikisi yarımçıq) oynayan ilk qanalı olub. Sonradan bunu yalnız Qadze və Essyen bacarıb.

Təsadüfi qonaqlar
Digər üç qanalı futbolçu isə təsadüfi qonaq qismində olub. Düzdür, “Neftçi”nin ümidlərlə gətirdiyi Kvame Karikari komandası ilə avrokubok həyəcanı da yaşayıb. Amma onun da ölkəmizdəki karyerası qısamüddətli olub. Bosman və Salidu soyadlı qanalılar isə uzaq keçmişdə olmasalar belə, çoxlarının yadında da qalmayıb. Çünki buna uyğun oyun sərgiləməyib.

1

Riçard Qadze

45

13

2

Edmond Ntiamoa

21

9

3-4

Frensis Bosman

14

0

Maykl Essyen

14

0

5

Kvame Karikari

8

2

6

Ovusu Kvabena

5

0

7

Kinqsli Atakora

4

0

8

Seidu Salifu

2

0

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu