Bu məşqçinin adını eşitdi, “insan olmaq lazımdır” dedi - Özünə maraqlı biznes qurub

10 Dekabr 2021 19:20 Müsahibə 1 316
Bu məşqçinin adını eşitdi, “insan olmaq lazımdır” dedi - Özünə maraqlı biznes qurub

Azərbaycanda top qovmuş legionerlərin heç də hamısı uzun müddət ölkəmizdə duruş gətirə bilməyib.

Təbii, 5-10 il oynayanlar da olub.

Amma hər il komandanın aparıcı siması adını daşımaq, qazanılan uğurlarda pay sahibi olmaq heç də hamının payına düşməyib.

Petar Zlatinov məhz belələrindən idi. “İnter”dəki ilk günlərdən sərgilədiyi futbolla səviyyəsini ortaya qoyan bolqar yarımmüdafiəçi komandasının “düşünən beyin”i sayılırdı.

Elə əldə olunan uğurlarda da payı az olmamışdı. Karyerasının təxminən 6 ilini Azərbaycanda keçirən “14 nömrə” Kaxaber Tsxadadzenin qara siyahısına düşməsəydi, daha bir neçə il çempionatımızda top dalınca qaçacaqdı.

Qısası, bu dəfəki həmsöhbətim stajlı futbolsevərlərin yaxından tanıdığı, 2013-cü ildə Azərbaycanı tərk etmiş Petar Zlatinovdur.

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/128724.html)

- Görəndə özündən də soruşacam. Amma indi səndən eşitmək istəyirəm.

- Mənə elə gəlir ki, oyunuma görə hörmət edirdi.

- Şəxsi münasibətləriniz var idi?

- Görəndən-görənə danışırdıq, hal-əhval tuturduq. Məni görən kimi qucaqlayır, əhvalımı soruşurdu. Düzü, Musayevdən hər zaman özümə qarşı hörmət görmüşəm. Peşəkar Futbol Liqasının rəhbərinin sevimli futbolçularından olmaq mənim üçün xoş idi. Müsahibə vasitəsi ilə Ramin müəllimə salamlarımı göndərirəm. Özüm də zəng edəcəm.

- Ramin Musayevi başa düşdük, Kaxaber Tsxadadze də səni çox istəyirdi?

- (uca səslə gülür) O məni zədəm olmayanda, formamın zirvəsində olan dönəmdə çox istəyirdi. Sonradan... Bilirsiz, həyatda ən vacib amil insan olmaqdır. Mən bunu həmişə özüm üçün prioritet saymışam və bu gün də belədir. Övladlarıma da bunu aşılayıram. Həyatda, yaxud işdə tutduğun mövqedən asılı olmayaraq, insan olmağı bacarmalısan. İstər müdir ol, istərsə də fəhlə - fərq etmir.

- Kaxada insanlıq keyfiyyətləri aşağı idi?

- Onun mənə hansısa sözü var idisə, ən yaxşısı yaxınlaşıb sözünü demək idi. Yoxsa üzümə bir söz deyib, arxamca başqa söz danışmaq. O da komandaya yeni gələndə xətrimi çox istədiyini, futbolçu keyfiyyətlərimi bəyəndiyini demişdi. Sonda nə oldu?

- Nə oldu?

- Başqa nə olmalıydı? Günlərin birində məlum oldu ki, Petar “İnter”ə lazım deyil. Amma bunu xəbər göndərmək əvəzinə üzbəüz söhbətdə mənə deyə bilərdi. Halbuki, daha bir neçə il komandaya kömək edə bilərdim.

- Hələ də inciksən?

- Yox-yox, inciklikdən getmir söhbət. Sadəcə, sual verirsiz, söhbət açılıb, mən də szə fikirlərimi deyirəm.

- Futbolçuarla müsahibələrdə Kaxaber Tsxadadzedən çox narazılıqlar eşitmişəm. Həqiqətənmi dözülməz xarakterə sahib idi?

- Hərənin bir xasiyyəti var. Birinə yaxşı, digərinə pis deyə bilmərik. Çünki pis dediyimiz kimin üçünsə yaxşı, yaxşı dediyimiz kimin üçünsə pisdir. Bir növ zövq məsələsidir. Kaxa məğlubiyyəti sevməyən, qəbul etməyən adım idi. Buna görə də bəzən aqressiv olurdu.

- Kobudluğu, özündənrazılığı – bunlar da var idi axı.

- Bilirəm, başa düşürəm. Dediklərinizi biz özümüz də görürdük. Bəlkə də düşünürdü ki, bu cür davranmaqla istəkləri həyata keçirmək mümkündür. Açığı, mən onun dediyiniz xüsusiyyətlərinə elə də önəm vermirdim. Çünki insanı dəyişmək mümkün deyil. Bir də ki, ətrafdakılarla müqayisədə futbolçulara qarşı nisbətən mülayim davranırdı.

- “14” nömrənin xüsusi anlamı nə idi sənin üçün?

- Atamın ləqəbi Kroyff idi deyə, atam bu rəqəmi bəyənirdi. Ola bilsin, ondan keçib mənə. Əslində mən “İnter”ə gələndə “7”ni təklif etmişdilər. Biləndə ki, bu nömrə altında litvalı futbolçu oynayır, imtina etdim . İnzibatçıdan xahiş etdim ki, “14”ü versin. Nömrə həvəskarı olmamışam. Bir də ki, futbolda nömrə əhəmiyyət daşımır. Düşər-düşməzə də inanmıram.

- Komandada ən çox kiminlə dostluq edirdin?

- Legionerlərin hamısı ilə: Semyonov, Genov, Karlson, Rubins, Arnaut, Çervenko, Zaqorats, Tsetsimitsanu... Məşqdə, yaxud oyundan sonra yığışar, hardasa xoş vaxt keçirər, mehribanlıq edərdik. Bir çoxu ilə indiyə qədər əlaqəm var.

- Çempionatda hansı komandaya qarşı oynamaq çətin idi?

- Ən prinsipial oyunlarımız “Qarabağ”a qarşı olurdu. Çünki oyunumuz heç də həmişə istədiyimiz kimi alınmırdı. Bərk komanda idi, üstəlik, matçın gedişində daim gedişlər edirdi. “Qarabağ”a qarşı hansısa matçımzın asan keçdiyini xatırlamıram.

- Səhv etmirəmsə, Bakıda bir neçə il tək yaşadın, ailəni sonradan gətirdin yanına.

- Bakıya yanvarda getmişdim, təxminən 2 ay tək yaşadım, bəli, sonra ailəm gəldi.

- Deməli, gecə həyatı yaşamaq, gecə klublarını gəzmək kimi şansın olmayıb.

- Yox, niyə ki? Ailəm ilin 12 ayı yanımda olmurdu. Bəzən tək qalırdım və belə vəziyyətlərdə istirahət etməyə zaman tapırdım. Bilirsiz, biri var istirahət etmək, biri də var ağını çıxartmaq. Mən normal istirahəti sevirdim və lazım olanı qədərində edirdim. Ayda 1-2 dəfə yorğunluğu canımızdan atmaq üçün dostlarla kluba gedər, rəqs edər, əylənərdik.

- Futbolçu karyeranda pis qazanmırdın. Maraqlıdır, özünə, övladlarına gələcək qura bilmisən?

- Şükürlər olsun, hər şey qaydasındadır. Doğulub-böyüdüyüm Sandanski rayonu Bolqarıstanın kurort bölgəsi hesab olunur. Eynilə Azərbaycanın Qəbələsi kimi. Havası yaxşıdır, asma xəstəliyini müalicə edir, mineral sular var, təbiət, yaşıllıq. Burda otelim var. Düzdür, lap böyük deyil, amma buna da şükür.

- Hər halda, Messi olmamısan. Hər futbolçunun biznesi oynadığı futbola görədir.

- (gülür) Düz deyirsən, razıyam.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti