
“Qarabağ”ın “Ferenetsvaroş”a məğlubiyyətə baxmayaraq (2:3), səfər matçındakı 3:1 hesablı qələbənin hesabına Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsi düşərgədə inanılmaz ab-hava yaratmışdı.
Futbolçular sevincdən “göyün yeddinci qatında uçur”, təbrikləri qəbul edir, müsahibəyə həvəslə yanaşırdılar.
Həmin an yanımdan keçən Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Kris Kuaku Sportinfo.az-ın suallarını həvəslə cavablandırdı.
- Oyundan əvvəl keçirdiyin hislərlə indikini sözlə təsvir edə bilərsən?
- Çempionlar Liqası dünyanın ən böyük klub turniridir. Burada Avropanın ən yaxşı komandaların final mərhələsində yer almaq hər futbolçuya nəsib olmur. Oyundan əvvəl müəyyən qədər stres var idi, fikrimcə, bu, normaldır. Çünki iki eyni səviyyəli komandalar üz-üzə gəlirdi, hər şey ola bilərdi. İndi isə bəlkə də dünyanın ən xoşbəxtiyəm. Bu, futbol həyatımın ən vacib hadisəsidir.
- Mərhələni adlamaq üçün nə etdiniz?
- İşləyirik və intizama önəm veririk. İşdə, həyatda, münasibətdə - hər yerdə, hər sahədə nizam-intizam çox vacibdir. Söhbət təkcə davranışdan yox, həm də oyun intizamından gedir. Bunun sayəsində istəyimizə çatdığımızı düşünürəm.
- Əvəzetmədən meydana daxil olanda Qurban Qurbanov sənə hansı tapşırıqlar verdiyini xatırlayırsan?
- Əlbəttə. Əslində, mənim üçün doğma mövqe yarımmüdafiənin mərkəzidir. Lakin bu gün elə bir vəziyyət yaranmışdı ki, topun hərəkət etdiyi hər yerdə olmalıydım - hücumda, orta xətdə, müdafiədə. Dayanmamalı, var gücümlə işləməli, komanda yoldaşlarıma kömək etməliydim. Rəqib futbolçular son dəqiqələrdə qapımız qarşısına hava ötürmələri edirdi. Tapşırıqlardan biri ötürmələrin qarşısını kəsmək idi.
- Kevin Medina penaltiyə səbəbkar olanda ehtiyat oyunçular skamyasında idin. Ordakılar hansı hisləri keçirirdi?
- Şəxsən mənim üçün sürpriz oldu. Medina kimi təcrübəli oyunçunun penaltiyə səbəbkar olması... Ancaq onu çox yaxşı başa düşürdüm. Bəzən o qədər istəkli olursan ki, özün də bilmədən səhvə yol verirsən. Hesabın 2:2 olması müəyyən təhlükə yaratsa da, sonluq bizim üçün yaxşı oldu.
- Son dəqiqələrdə hesab 2:3 idi və “Ferentsvaroş” yorulmaq bilmədən hücum edirdi. O anlarda əlavə 30 dəqiqə ağlından keçirdi?
- Yox-yox, qətiyyən! O barədə düşünsəydik, bəlkə də sonda sevionə bilməzdik. Qorxu olsaydı, baş məşqçi meydana Musanı, Kaşuku, məni yox, müdafiəçiləri buraxıb arxa xətdə sayı çoxaldardı. Məqsədimiz işi 90 dəqiqədə həll etmək idi.
- Bu, bir çox komanda yoldaşların kimi, sənin üçün də ilk uğurdur – Çempionlar Liqasının Liqa mərhələsi. Realdır, yoxsa hələ də yuxu kimi görünür?
- İnanın, uşaqlıqdan bu yana ən böyük arzum idi. Televizorun qarşısında oturub Çempionlar Liqasının himninə qulaq asanda içimdə xəyallar qururdum. Düşünürdüm ki, görəsən, mən də nə vaxtsa o himnin sədaları altında meydana daxil ola bilərəm? Görəsən, mən də Çempionlar Liqasında oynayaram? Buna görə Allahıma sonsuz minnətdaram. Bu, məhz onun istəyidir.
- Liqa mərhələsində hansı rəqiblərə qarşı oynamaq istəyirsən?
- Ən böyük arzum pley-offu keçmək idi. Bundan sonra rəqibin adından asılı olmayaraq, meydana çıxıb mübarizə aparacağıq. Ona görə də xüsusi bir istəyim yoxdur.
HƏBİB