Millinin kapitanı ilə açıq söhbət: "Çox ağır günlərdir, eşidəndə inanmadım”

14:00 Müsahibə 351
Millinin kapitanı ilə açıq söhbət: "Çox ağır günlərdir, eşidəndə inanmadım”

Azərbaycanın 21 yaşa qədər futbolçulardan ibarət millisi AÇ-2027-nin seçmər mərhələsinə yenilgi ilə başladı.

Sentyabrın 5-də Barseluşda Portuqaliya millisinin qonağı olan Ayxan Abbasovun yetirmələri darmadağından xilas ola bilmədi – 0:5.

Yığmanın kapitanı Ayxan Süleymanlı Gimaraynşdan Bakıya qayıdarkən, İstanbuldakı hava limanında Sportinfo.az-a müsahibə verib.

- Böyük hesablı məğlubiyyətlə bağlı fikirlərini eşitmək maraqlıdır.

- Portuqaliyaya böyük ümidlərlə yollanmışdıq. Həm məşqçilər heyəti rəqibi təhlil edib bizə lazım olan tapşırıqları vermişdi, həm də özümüzdə motivasiya yüksək idi. Ancaq ulduz futbolçuların cəmləndiyi rəqib komanda çox güclü idi. Buna baxmayaraq, mübarizə apardıq, ilk hissədə qapımızı toxunulmaz saxladıq. Fasilədən sonra səviyyə fərqi özünü göstərdi.

- İkinci hissədə nə dəyişdi ki, 5 qol buraxdınız?

- Bunu birbaşa təcrübəsizliklə və bəzi futbolçuların oyun təcrübəsinin azlığı ilə əlaqələndirmək olar. Buraxdığımız erkən qol psixoloji planda pis təsir etdi. Ardınca iki qolu qapımızda gördük və rəqib əvəzetmələrlə sürəti daha da artırıb növbəti qolları vurdu. Qırılma nöqtəsi kimi ikinci qolu göstərə bilərəm.

- Portəgiz həmkarlarınızdan konkret nədə geri qaldığınızı hiss etdin?

- Bu suala məşqçilər və mütəxəssislər daha düzgün cavab verə bilər. Oyunun iştirakçısı olan biri kimi deyə bilərəm ki, keyfiyyətdə çox geridəyik. Məsələn, Portuqaliya millisi qurduğu hər hücumun sonunda müsbət mənada nəsə edirdi. Ya qapımıza təhlükəli zərbə olurdu, ya da qolla tamamlanırdı. Biz bu baxımdan “axsayırıq”. Hücuma atılırıq, nəsə etmək istəyirik, lakin sonluq olmur. Məsələn, ilk hissədə əks-hücumlar zamanı iki dəfə əla imkan yaratdıq, Ağadadaş tamamlaya bilmədi. Bizdə bitiricilik mənasında keyfiyyət çatmır.

- İlk hissədən sonra bizdə rəqibdən xal alacağınıza inam yaranmışdı. Paltardəyişmə otağında ab-hava necəydi?

- Biz də hədsiz inanırdıq, kollektivdə əla atmosfer var idi. Çünki çox yaxşı mübarizə aparmışdıq. Sizə deyim ki, birinci qolu buraxandan sonra belə, nəsə edəcəyimizə inanırdıq. Əks-hücumların birini qolla tamamlayacağımıza ümid edirdim və bu barədə uşaqlara deyirdim. Hətta həmin anda hücumda təhlükə da yaratdıq. İkinci qol planlarımızı pozdu.

- Ağır 90 dəqiqə, üstəlik, Portuqaliyaya gedib-qayıdanda yolda təxminən 30 saat vaxt keçirmək. Yorğunluq var?

- Əlbəttə, var. Lakin bunu ağlımızdan atmağa çalışırıq. Çünki sentyabrın 9-da bizi Bolqarıstanla çətin oyun gözləyir. Portuqaliya yenilgisini az da olsa unutdurmaq üçün qələbə qazanmaq istəyirik. Bərpa olunmaq və hazırlaşmaq üçün vaxtımız az olsa da, meydana yalnız və yalnız 3 xal üçün çıxacağıq.

- Portuqaliya, Şotlandiya, Çexiya, Bolqarıstan, Cəbəllütariq... Qrupu neçə xalla başa vuracağınızı təxmin edirsən?

- U-21-lərin son illərdə topladığı xal rekordunu yeniləmək istəyirik. Fikrimcə, bunu edəcək potensiala sahibik. Bitiricilik problemini həll etsək, həm məshuldarlıq olacaq, həm də müdafiəçilər bundan motivasiya alacaq.

- Gənc futbolçularla işləmək bacarığı ilə seçilən Ayxan Abbasova böyük ümidlər bəslənir. Baş məşqçinizi necə xarakterizə edə bilərsən?

- Ayxan müəllimlə işləmək çox rahatdır. Bizdən nə istədiyini rahat şəkildə izah edir, nəticədə aramızda qarşılıqlı anlaşma yaranır. Birlikdə çox vaxt keçirməsək də, onun bizdən nə tələb etdiyini çox yaxşı bilirik. Portuqaliya ilə oyunun ilk hissəsində intizamlı müdafiə olunmağımız birbaşa baş məşqçinin tapşırıqlarının və qarşılıqlı anlaşmanın nəticəsiydi. Sağ olsun, hamı kimi mənə də etimad göstərir, inanır. Mən də onun etimadını doğrultmaq üçün bacardığımın ən yaxşısını edirəm.

- Dünən (söhbət sentyabrın 6-da olub – H.) Azərbaycanın əsas millisi də eyni hesabla uduzdu. İslandiyada qeydə alınan 0:5 sizin üçün təsəlli idi, yoxsa, əksinə, əsəbləşdiniz?

- Düzünü desəm, 0:5-i eşidəndə inanmadım. Orada mənim qardaşlarım, dostlarım oynayır. Nə vaxtsa mən də onların yerində oynaya bilərəm. Ona görə də hansısa təsəllidən söhbət gedə bilməz. Əksinə, hər iki yığmanın böyük hesabla uduzmasına görə ikiqat məyus oldum. Çox ağır günılərdir. İnşallah ki, bu vəziyyətdən çıxarıq.

- Azərbaycanın uşaq futbolunda yetişənlərdən birisən. Bu gün qlobal problemin uşaq futbolu ilə bağlı olduğunu nəzərə alsaq, hansı cəhətlərdə səhvə yol verildiyini hiss etmisən? Ya da detalları deyə bilərsən?

- Düzünü desəm, əvvəl bunu o qədər də hiss etmirdim. Lakin yaş artıqca, peşəkar səviyyədə daha çox oynadıqca nə qədər geri qaldığımızı görürəm. Avropa futbolunu və futbolçularını analiz etməkdə maraqlıyam. Daha çox İngiltərədə yetişən futbolçulara, akademiyalara diqqət yetirmişəm - necə qidalanırlar, necə hazırlaşırlar, necə bərpa olunurlar. Arada müqayisəyə gəlməyəcək qədər fərq var. Və bütün fərqlər oyunlar zamanı özünü hər mənada göstərir. Məsələn, Portuqaliya ilə oyunumuzu götürək. Bir hissə müdafiə olunduq, qol buraxmadıq, ümid yaratdıq. Ancaq ikinci hissədə elə detallarda fərq yaratdılar ki, 45 dəqiqəyə 5 qol vurdular. Adi bir epizodda sürətdə çatdırmamağımız qapımıza qollar nəticələnir və bununla da oyun əldən gedir. Neçə illərdir bu və digər cəhətlərdə geri qalmağın əziyyətini çəkirik.

- İngilis dilini mükəmməl bilirsən. Başqa hansı dillərdə danışırsan?

- Rus bölməsində təhsil aldığım üçün rus dilini bilirəm. Əlavə olaraq yalnız ingilis dilidir. Və təbii ki, ana dilimiz. Bir müddət öncə ispancanı öyrənməyə cəhd etmişdim, vaxt azlığı ucbatından sona qədər davam etdirə bilmədim.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti