
“Qəbələ” hesabı açdığı növbəti oyunu da məğlub başa vurdu.
İlk turda “Karvan-Yevlax”ın qapısına yol tapıb yekunda 1 xalla kifayətlənən bölgə təmsilçisi bir həftə əvvəl “Zirə”ni məyus edib, sonradan qapısında 2 top görmüşdü.
Bu dəfə eyni ssenari “Araz-Naxçıvan”la dueldə təkrarlandı. Adriel Ba Louanın fərqlənməsinə doyunca sevinə bilməyən qəbələliləri Simakala ilə Felipe Santos məyus etdi.
Sportinfo.az-a müsahibə verən almaniyalı müdafiəçi Eduardo Kunde “Qəbələ” ilə bağlı sualları cavablandırıb.
- Güclü rəqiblə oyunda 1:2 hesablı məğlubiyyəti anlayışla qarşılamaq olar?
- Əslində, niyyətimiz qələbə qazanmaq idi ki, ilk dəqiqələrdən bunu göstərirdik. Rəqib güclü kollektiv olmasına baxmayaraq, böyük qüvvə ilə müdafiə olunmadan oyunumuzu göstərməyə çalışırdıq. Kiçik detallardakı səviyyə fərqi bu dəfə də özünü göstərdi. Çatışmazlıqları aradan qaldırıb xoş gələcəyə ümid edəcəyik.
- Ardıcıl üçüncü oyunda hesabı açan tərəf olsanız da, yekunda qələbəyə sevinə bilmirsiniz. Bunu nə ilə əlaqələndirmək olar?
- Bunun bir nömrəli səbəbi təcrübəsizlik və anlaşılmazlıqdır. Məşqlərdə bunun üzərində daha çox vaxt itirməliyik.
- Digər komandalar əsasən legionerlərə güvəndiyi halda, “Qəbələ” meydana start heyətində 6 futbolçu ilə çıxmışdı. Bu faktın da hansısa rolu var?
- Futbolçunun milliyəti rol oynamır. Bizim əsas problemimiz fərdi səhvlər və anlaşma səviyyəsinin yüksək olmamasıdır. Bəzən legioner futbolçular da səhv edə bilir. Önəmli olan komanda şəklindəki çatışmazlıqları aradan qaldırmaqdır.
- Çatışmazlıqları aradan qaldırıb, azarkeşlərin üzünü güldürən komanda olmaq üçün nə qədər vaxt lazımdır?
- Bu komandanın böyük potensialı var. Bunu sizə əminliklə deyirəm. Zaman nisbi anlayışdır. Çünki belə məsələlərdə konkret vaxt demək olmur. Önəmli olan odur ki, məşqlərdə daha çox çalışaq və məşqçilər heyətinin bizdən tələb etdiklərini yerinə yetirək. Daha çox məşq etdikcə və rəsmi oyuna çıxdıqca düzələcək.
- Azərbaycan çempionatının səviyyəsi əvvəldən təsəvvür etdiyin kimidir?
- Son iki matçda üzləşdiyimiz komandaların səviyyəsi həqiqətən yüksəkdir. Anlaşma səviyyəsi, ustalıq, keyfiyyət – hər şey var. Bildiyimə görə, bu cür komandaların sayı çoxdur və növbə ilə hər birinə qarşı oynayacağıq. Açığı, daha çox öz çıxışıma önəm verirəm. Rəqiblərə qarşı necə mübarizə aparıram, hansı epizodda səhvə yol verirəm və sair. Çempionatın keyfiyyəti həqiqətən yüksəkdir. Şəxsən bəyənirəm.
HƏBİB