
“Sumqayıt” Premyer Liqanın 2-ci turunda növbəti qələbəsini qazandı.
Ötən tur “Kəpəz”i darmadağın edən “kimyaçılar” (3:0) bu dəfə “Qarabağ”dan üstün oldu – 1:0. Həm də səfər qarşılaşmasında.
Sportinfo.az-a müsahibə verən Roy Kehat maraq doğuran sualları cavablandırıb.
- “Qarabağ” kimi güclü rəqibi məğlub etmək necə hislər yaradır?
- Bu komanda haqda geniş danışmağa gərək yoxdur. Nəyə qadir olduğunu hamımız bilirik. Onu deyə bilərəm ki, “Qarabağ”ın səviyyəsi Premyer Liqan aşır. Təbii ki, çox gözəl hislərdir. Lakin eyforiyaya qapılmaq fikrində deyilik. Buna sadəcə 3 xal kimi baxmalıyıq. Bu, başlanğıcdır. Qarşıda bizi uzun marafon gözləyir. Fürsətdən istifadə edib “Qarabağ”a qarşıdakı matçda uğurlar arzulayıram. Ümid edirəm ki, Çempionlar Liqasında yoluna davam edəcək.
- Rəqibiniz Macarıstan səfərindən qayıtmışdı, üstəlik, “Ferenetsvaroş”la cavab oyununa çıxacaq. Bunları göz önünə alanda qalib gələcəyinizi təxmin edirdin?
- Dediyiniz məqamı nəzərə almışdıq. Lakin diqqətimizi rəqibin yox, öz oyunumuza ayırmışdıq. “Sumqayıt”la oyunda qazandığımız qıələbə motivasiyanı yüksəltmişdi. Vurduğumuz qol hər nə qədər baxımlı alındısa, bir o qədər də bəxtimiz gətirdi. Futbol belədir, çox çalışanda, can qoyanda, bəzən bəxt özü səni tapır.
- “Qarabağ”ı hansı komponentlərdə üstələdiniz?
- Üstələdiyimizi deməzdim. Sadəcə, biz qol imkanını dəyərləndirdik, onlar bacarmadı. Bu yerdə qapıçımız Mehdiyə inamlı oyuna görə təşəkkür edirəm. Möhtəşəm seyvləri oldu. Müdafiə xəttindəki yoldaşlarım da əla performans göstərdilər. Bu qalibiyyətin səbəbi meydanda ailə şəklində birlik göstərməyimiz idi.
- “Sumqayıt”ın bu cür başlanğıcı çoxlarının təəccübünə səbəb olub. Sanki uzun illərdir birlikdə çıxış edirsiniz. Səbəbini nə ilə izah edə bilərsən?
- Yay toplanışında məşqlərə, xüsusən taktiki çalışmalara böyük önəm verilmişdi. Baş məşqçimiz kollektiv futbol göstərməyimiz üçün hər gün danışırdı, nələrisə izah edirdi. Ən vacibi hər bir futbolçu nə edəcəyini yaxşı bilir və işinə peşəkar şəkildə yanaşır. Ayyarım ərzində bu cür komandanın formalaşmasında baş məşqçinin böyük rolu var.
- Saşa İliç ötən mövsümlə müqayisədə nələri dəyişib?
- Baş məşqçi və köməkçiləri ən kiçik detalı belə müzakirə edir, nə etmək lazım gəldiyini başa salır. Ən vacib məqam kollektivdə döyüşçü ruhunun formalaşması və birliyin olmasıdır.
- Eşitdiyimə görə, İliç hədsiz dərəcədə sadə adamdır. Sizinlə kiçik qardaşı kimi davranır.
- (gülür) Bu keyfiyyət hər bir məşqçi üçün vacibdir. İliç bizimlə dost olmağı bacardığı kimi, sərhəd qoymağı da yaxşı bilir. Bəzən gülüb-danışır, bəzən susdurur. Şəxsən onun iş metodunu çox bəyənirəm.-
HƏBİB