
“Sabah” Şamaxı səfərində tilsimi qırmağı bacardı.
2022-ci ilin payızından bu yana bölgədə qələbə qazana bilməyən “tələbələr” bu dəfə istəyinə çatdı.
Coy-Lens Mikels vurduğu 2 qolla komandasına vacib qələbə qazandırdı – 2:1.
Matçdan sonra Sportinfo.az-a açıqlama verən almaniyalı “20 nömrə” maraqlı məqamlara aydınlıq gətirib.
- Oyunun qəhrəmanı adlandırmaq olar?
- Bəli, mən də belə düşünürəm (gülür).
- Çətin səfərdə qalib gəlmək üçün nə etdiniz?
- Yaxşı yadımdadır, 2022-ci ildə komanda “Şamaxı” adlanandan sonra bu stadionda onlara qarşı ilk oyunumuz idi. Abdulaye Banın son dəqiqələrdə vurduğu qolla 1:0 hesablı qələbə qazanmışdıq. O vaxtdan bu yana, düz 3 ildir “Şamaxı”nı səfərdə uda bilmirdik. Bu barədə komanda yoldaşlarıma məlumat verərək demişdim ki, tilsimi qırmağın əsl vaxtıdır. Fikrimcə, bu fakt qələbədə mühüm rol oynadı.
- Səfər uğursuzluğunun səbəbi nə idi?
- Burada iki məqamın olduğunu düşünürəm. İlk olaraq “Şamaxı”nın süni örtüyə öyrəşməsini qeyd edə bilərəm. Onlar bu meydanda məşq edir deyə, alışıblar. Lakin bizim kimi komandalar üçün “sintetika”da oynamaq çox çətindir. Üstəlik, isti havada. Digər səbəb “Şamaxı”nın “Sabah”la görüşlərə hədsiz dərəcədə motivasiya olmasıdır. Ən çox ehtiyat etdiyimiz “Şamaxı”dan ilk qolu buraxmaqdır. Hesabı açandan sonra böyük qüvvə ilə geri çəkilib, əks-hücumlar qururlar. Yaxşı ki, hesabı açan tərəf olduq. Əks halda çətinlik çəkəcəkdik.
-Avrokuboklarda vurduğun 6 qolun ardınca Premyer Liqaya da dublla başladın. Bombardirlik hədəfin var?
-Topla oynamağı, qapıya zərbələr vurmağı sevirəm. Komanda yoldaşlarım da sağ olsunlar, hücumlar zamanı məni tapırlar. Mövsümə yaxşı başladığımı deyə bilərəm. Davamını bu cür gətirməyə çalıışacağam. Amma nəzərə alaq ki, hücumçu yox, vingerəm. Belə olduğu halda bombardirlik nə dərəcədə mümkün olar, bilmirəm. İstənilən halda hər zaman yüksək hədəflər üçün mübarizə aparıram.
- Bu qədər qol vurmağın hücumçunuz Pavol Şafrankonu qəzəbləndirmir ki?
- Pavol qol vurduğum zaman məni ilk təbrik edən futbolçudur. Çünki özü də vacib qollar vurur. Və ən önəmlisi, bəzi anlarda özü mənə ötürmə verir.
- Dünən “Karvan-Yevlax”dakı qardaşın Coy-Slayd qol vurdu, bu gün sən fərqləndin. Sabah Leroyun növbəsidir? (kiçik qardaşı Leroy Mikels “Zirə”nin şərəfini qoruyur – H.)
- İnşallah.
- Digər qardaşlarının da Azərbaycanda oynaması sənə əlavə rahatlıq verir?
- Əlbəttə, 100 faiz. Üç qardaş eyni liqada oynamaqda tarix yazırıq. Gənc yaşlarımızdan bunu xəyal etsək də, heç cür alınmırdı. Düzdür, eyni ölkədə, fərqli çempionatlarda oynamışıq, ancaq eyni liqada heç vaxt. Yeri gəlmişkən, peşəkar səviyyədə ilk dəfə hər iki qardaşıma qarşı oynayacağam.
HƏBİB