Zubirin adını çəkdi, Emeqaranı yada saldı, “Qarabağ” barədə elə sözlər işlətdi ki...

13 Avqust 23:00 Müsahibə 328
Zubirin adını çəkdi, Emeqaranı yada saldı, “Qarabağ” barədə elə sözlər işlətdi ki...

Şamaxı”nın yeni transferi Karim Rossi gələcək adına ümid verir.

Müxtəlif ölkələrdə legioner həyatı yaşamış 31 yaşlı isveçrəli hücumçu bölgə təmsilçisinin keçirdiyi yoxlama göörüşlərində qolları sıralamaqla diqqət çəkməyi bacardı.

Fiziki formasını tam qaydasına salsa, Premyer Liqada adından söz etdirən forvardlardan olacaq.

Rossi Spiortinfo.az-a verdiyi müsahibədə sualları cavablandırıb.

- Yeni ölkədə, yeni komandada özünü necə hiss edirsən?

- Əlhəmdülillah, hər şey yaxşıdır. Bu cür kollektivlə birlikdə olmaqdan məmnunam. Mövsüm başlamamışdan əvvəl məşqlərdə səylə çalışırıq ki, nəticəsini çempionatda görək. Allahın izni ilə baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirib, uğurlu nəticələr əldə edəcəyik.

- Fiziki durumun necədir? Sanki bir az “axsayırsan”.

- Əla deyə bilmərəm. Hər halda yaxşıdır. Əla olması üçün də məşqlərdə səylə çalışmalıyıq. Mövsümün əvvəlindəki hazırlıq fiziki və taktiki çalışmaları yerinə yetirmək üçün yaxşı fürsətdir.

- Karyeran ərzində müxtəlif ölkələrdə legioner həyatı yaşamısan. Azərbaycan sıralamada neçəncidir?

- İngiltərə, İsveçrə, İtaliya, Belçika, İsveç, Lüksemburq, Niderland, Kipr, İndoneziya, Bolqarıstan... İndi də Azərbaycan. Deyəsən, 11-ci ölkədəyəm (gülür).

- Bildiyimə görə, Azərbaycana ötən yayda gəlmək imkanın olsa da, İndoneziya klubunu seçmişdin.

- (gülür) Futbolda belə hallar olur. Əsas odur ki, hazırda Azərbaycandayam.

- Futboldankənar mövzularda Azərbaycanla bağlı təəssüratların necədir?

- Müsəlman olduğumu nəzərə alsaq, İslam ölkəsinə gəlmək mənim üçün xoşdur. Dinimiz eyni olduğu üçün mədəniyyət və mentalitet baxımından fərqliliklər çox deyil. Müxtəlif ölkələrdə oynadığım üçün yeni mühitə alışmaq məni qorxutmur.

- İslam ölkəsində oynamağın xüsusi özəlliyi var sənin üçün?

- Belə deyim də, hansı ölkədə yaşamağımın ciddi önəmi yoxdur, lakin İslam ölkəsi olması mənim üçün xoşdur. Bizim işimiz məşq etmək, futbol oynamaqdır. Bunun isə dinə aidyyəti yoxdur. Hansı dinə mənsub olmasına baxmayaraq, meydanda hamımız eyni işi görürük. Sizə bir nümunə deyim.

- Buyur.

- Müsəlman olsam da, uşaq yaşlarımdan İsveçrə kimi Avropa ölkəsində böyümüşəm. Hə, bəzən bəlkə də nələrsə xoşuma gəlməyib, ancaq bunu dəyişə bilməmişəm. Çünki hər ölkənin özünəməxsus qaydaları, tələbləri var. İslam ölkəsinin üstünlüyü odur ki, hər gün Azan səsi eşidirəm, məscidə gedə bilirəm.

- İnternet qaynaqlarında əslən Mərakeşdən olduğun yazılıb. Valideynlərinin ikisi də bu ölkədəndir?

- Xeyr-xeyr, yalnız atam. Atam gənc yaşlarında Mərakeşdən İsveçrəyə köçərək anamla tanış olub, ailə qurub və Sürixdə yaşayıblar. Anam isveçrəlidir. Mən də İsveçrədə böyüdüyüm üçün bütün dostlarım, qohumlarım oradadır.

- Anas səninlə bu barədə danışana qədər Azərbaycan haqda nə bilirdin?

- Əsasən “Qarabağ”ı tanıyırdım. Bu komandanın avrokuboklardakı mütəmadi çıxışını izlədikcə məndə “Qarabağ”ın hansı ölkəni təmsil etməsinə dair sual yaranmışdı. “Bazel” və “Yanq Boyz”la matçlarını yaxşı xatırlayıram. Bir neçə il əvvəl “Bayer Leverkuzen” kimi rəqibə çətin anlar yaşatması da yaxşı yadımdadır. Yəni o vaxtdan bilirdim ki, Azərbaycanda futbol inkişaf edir, yaxşı komandalar var. “Şamaxı”dakı gəncləri görəndən sonra buna şübhəm qalmadı. Edqar, Rüfət və adlarını çəkmədiyim digər gənclər xoş gələcək vəd edir.

- Daniel Subotiç ad-soyadı tanış gəlir?

- (gülür) Şəxsi tanışlığımız olmadığı üçün bayaq adını çəkmədim. Ancaq indi yadıma düşdü ki, o da isveçrəli futbolçu kimi Azərbaycanda oynayıb. Emeqaranın da adını çəkə bilərəm.

- Bəli, “Qarabağ”da oynayırdı – İnnosent Emeqara.

- O da “Qarabağ”da vacib qollar vururdu və bu barədə İsveçrə mətbuatında yazılırdı. Səhv etmirəmsə, mənə qədər Azərbaycanda top qovmuş sonuncu isveçrəli futbolçudur.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 18:10 Çək və bizə göndər!
13 Avqust 09:00 "Sumqayıt"dan ilk satış
13 Avqust 08:00 Xəzərdə zəlzələ oldu
13 Avqust 05:00 Yeni müqavilə - 3 İLLİK