
Azərbaycanın U-21 millisi sentyabrın 5-də AÇ-2027-nin seçmə mərhələsi çərçivəsində ilk matçına çıxacaq.
Gənclər yığmamız Bruseluşda Portuqaliya seçməsinin qonağı olacaq.
Oyundan əvvəl Sportinfo.az-a müsahibə verən yığmamızın baş məşqçisi komandası ilə bağlı sualları cavablandırıb.
- Portuqaliya və Bolqarıstan oyunlarına hazırlıq necə gedir?
- Premyer Liqadanın sonuncu turundan sonra toplanışımız oldu. Düzdür, tam istədiyimiz kimi alınmadı. Çünki avqustun 31-də bir məşq keçdik. Çempionatda iştirak edən komandaların bəzi oyunçuları kollektivə sentyabrın 1-də qoşuldu. Buna baxmayaraq, avqustun 29-da oyuna çıxan futbolçularla bərpa məşqini keçdik. İki məşqimizi Bakıda etdik, daha iki məşqimiz Portuqaliyada planlaşdırılıb. Ümumən bu tip vəziyyətə hazır olmalıyıq. Qısa müddətdə iki oyun oynamaq, məşqləri keçməyi nəzərdə tuturam. İnanıram ki, bunun öhdəsindən gələcəyik.
- Arzuladığınız heyəti yığa bilmisiniz?
- Namizədlər sırasında zədəli futbolçumuz yoxdur. Bu gün 50 futbolçunun arasından seçim edirik. Əsas odur ki, formada və göz önündə olanlar bizimlədir.
- Bir-iki məşqdə gördüyünüz futbolçuların durumu sizi nə dərəcədə razı salır?
- Moldovaya ilk yoxlama matçında qalib gəlmişdik. Sınaq görüşü olsa belə, çoxdandır qalib gələ bilmirdik. Son matçda isə Monteneqro ilə bərabərə qalmışdıq. İlk və son oyunu müqayisə etsək, yaxşıya doğru fərq var. Futbolçular nə etməli olduğumuzu bilir. Belarusa uduzduğumuz matçda da ilk hissəni yaxşı keçirmişdik. Sadəcə psixoloji durum, beynəlxalq təcrübə, rəqib meydançada azarkeş təzyiqi - bunlar hamısı amillərdir. Məşqlərdə də görürəm ki, yaxşılığa doğru fərq var.
- Demək olar ki, bu gün size daha çox narahat edən və məsələ Portuqaliyanın adı yox, yığmadakı futbolçuların əksəriyyətinin Premyer Liqada daimi oynamamasıdır?
- Bəlkə biz fikirləşirik ki, Portuqaliya güclü rəqibdir, onlara görüşdə nəticə qazanmaq çətin ola bilər. Bizi hər şey gözləyir. Amma inanın ki, futbolçularımızın böyüməsi üçün belə oyunlar lazımdır. Biz elə çəkinə-çəkinə bir yerə sığınacağıqsa, elə orada da qalacağıq. Hardansa başlamalıyıq. Futbolçularıma da deyirəm ki, Premyer Liqada da oynamaq üçün rəqabət aparmalısınız. Bu gün bəhanələr olmamalıdır. Günahı özümüzdə axtarmalıyıq. O dərəcədə hazır olmaq lazımdır ki, baş məşqçinin 5-10 dəqiqəlik şansından səmərəli istifadə edəsən.
- Razılaşaq ki, əsas heyətdə oynamaq vacib məqamdır.
- Bu gün "Qarabağ"ın əsas heyətində 2007-ci il təvəllüdlü futbolçu oynayırsa, şans verilirsə, demək ki, mümkündür. Millinin matçlarında oyun praktikası üzə çıxacaq. Oyun yüklənməsi olan futbolçular isə daha üstün olacaqlar. Çünki temp tam başqa olacaq. Bu gün Portuqaliyanın U-21 yığması bəlkə də son illərdə ən yaxşı heyətini yığıb. İki aya yaxındır rəqibi izləyirik, analiz edirik. Avropa çempionatında iştirak edirdilər deyə, işimiz asan idi. Orada həm böyük yaşlılar var idi, həm də U-20 yığmaları elit-raundda iştirak edirdi. Daha çox U-20 yığmasını diqqətdə saxlayırdıq. Çünki oradan daha çox futbolçu bizə qarşı oynaya bilər.
- Nə kimi məlumatlar əldə etmək mümkün oldu?
- Görün, nə qədər futbolçuları var ki, ötən il elit-raundda oynayan yığmadan cəmi 2 futbolçu ora düşdü. Biz onların 4 oyunlarına baxmışıq. İki matç Almaniyaya, bir görüş Çexiya, digəri isə Rumıniyaya qarşı idi. 40-50 futbolçunu eksperimentdən keçiriblər və cəmi 2 futbolçu hazırda Portuqaliyanın U-21 yığmasındadır. Bu gün gənclər millisinə dəvət edilənlərin 99 faizi yüksək liqalarda oynayırlar. Aralarında "Çelsi", "Brügge", "Portu" kimi klublarda forma geyinənlər var. Bu da normaldır. Futbolçularımız üçün motivasiya bilirsiniz nədir? Bu gün qarşılaşdıqları futbolçular 2 ildən sonra ulduz ola bilərlər. Biz hardansa başlamalıyıq. Bu komandalara qarşı mübarizə aparmalıyıq. Təbii ki, gələcəkdə nəsə etmək istəyiriksə, bu mütləqdir.
- Portuqaliya ilə görüşdə xal və ya xallar almaq üçün mübarizlik bizə kömək ola bilər, yoxsa tək məsələ o deyil?
- Mübarizə olmasa, heç nə olmayacaq. Hər şeydən əvvəl mübarizə olmalıdır. Bu gün müasir futbol göstərir ki, rəqib nə qədər də güclü olsa, sensasiya baş verir. Bu, gerçəkdir. Premyer Liqamızda da bunlar baş verir. Amma taktiki cəhətdən də rəqibə qarşı düzgün oynamaq önəmlidir. Meydana yalnız istəklə çıxaq, bud a çıxış yolu deyil. Futbolçu ən azından müdafiə olunanda bunu necə etmək lazım gəldiyini bilməlidir.
- Sensasiya dediniz. Sanki içinizdə müsbət nəticə qazanmaqla bağlı hiss var.
- Əlbəttə, inam var. İnam olmasaydı, bu posta gəlməzdim. Hər şey ola bilər.
- Açılış matçının Portuqaliyada olması sizi nə dərəcədə narahat edir? Nəzərə alaq ki, bu görüşdən 4 gündən sonra Bakıda Bolqarıstan yığması ilə qarşılaşacaqsınız.
- Bu qrafikə öyrəşməliyik. Coğrafi olaraq elə yerdə yerləşirik ki, hansı səfər olsa, bizə uzaq olacaq. Ən yaxın ölkə Türkiyədir, ora da 3 saat uçuruq. Əlbəttə, yol yorğunluğu olur. Amma futbolçularıma da dedim ki, biz bunu ikinci plana atmalıyıq. Bu gün düşünsək ki, uzaq yol gəldik, yorulduq - bunlar bizə mane olacaq. Bunun öhdəsindən gəlməliyik. İlk oyunun Portuqaliyaya qarşı olması daha da məsuliyyətlidir. Yoxlama görüşlərində qarşılaşdığımız 4 rəqibin hamısının səviyyəsi Portuqaliyadan qat-qat aşağı idi. Rəhbərliyim altında lk dəfədir böyük komandaya qarşı oynayırıq. Bakıda oynasaydıq, bəlkə də üstünlük olardı. Bu tsikldə, bu rəqiblərlə maksimum xal toplamalıyıq. Futbolçulara da demişəm ki, hər şey bu oyunla bitmir. Ən yaxşısını etmək üçün çox çalışmalıyıq.
- Deyəsən, qarşıya qoyulacaq yüksək hədəflər növbəti tseçmə mərhələ ilə bağlı olacaq?
- İldən-ilə hədəf dəyişməlidir. Yaxşı nəticə qazanmaq istəyiriksə, qarşıya hədəf qoymalıyıq. Dediyiniz məqam çox önəmlidir. Bu gün heyətimiz gənclərdən ibarətdir. Çox istəyirik ki, U-20 yığmasını yaradaq. Bunu AFFA rəhbərliyi ilə müzakirələr edirik. İnanıram ki, bu məsələdə yaxşı nəticə əldə edəcəyik. 2006-cı il təvəllüdlülər beynəlxalq matçı son dəfə 2 il əvvəl oynayıblar. Bu gün həmin uşaqların 10-12 nəfəri bizimlədir. Bu da o deməkdir ki, yeni tsikldə millinin ab-havasını hiss edən uşaqlar çox olacaq. Bu da önəmli məqamdır. Püşkatmadan da çox şey asılıdır.
- Rəqiblərin adını demək istəyirsiniz…
- Təbii ki. Münasib rəqiblər düşə bilər. Niyə də olmasın? Dünən 2007-ci il təvəllüdlü uşaqlarımız U-19 yığmasının heyətində İslandiyaya qalib gəliblər. Bu da bizi sevindirir. 2007-lərdən komandamızda 3 nəfər var. Hikmət Cəbrayılzadə "Qarabağ"dan, Həsən Nəzərli "Ankaragücü"ndən, Nadir Orucov "Sumqayıt"dan gəlib. Bunlar təcrübədir. Özündən 4 yaş böyük futbolçulara qarşı oynamaq müsbət məqamdır. 2004-də böyük potensial yoxdursa, vaxt itirmək istəmirik. Belə yanaşırıq. 2004-cü il təvəllüdlü uşaqlar Premyer Liqada oynamırsa, böyük potensial görmürüksə, 2006-cı il təvəllüdlü uşaqlara şans veririk. Onlar yeni tsikldə daha rahat olacaqlar.
- Portuqaliyada ağır məğlubiyyətlərimiz olub. Bu barədə futbolçularınızla söhbətiniz olub ki, buradakı faciəvi yenilgilərimizi xilas etmək üçün yaxşı imkandır?
- Futbolçularla demək olar ki, məğlubiyyət haqda danışmıram. Daha çox başqa metoddan istifadə edərək psixoloji tərəfdən hazırlayırıq. Ən çox da istəyirəm ki, məsuliyyəti hiss etsinlər. Çünki ölkəmizi təmsil edirik, bu da böyük yükdür. Onlar milli formanın, bayrağımızın dəyərini bilməlidirlər. Biz də onları belə motivasiya edirik ki, sizin yerinizdə olmaq istəyən çox futbolçu var. Bunu başa düşməlidirlər. Məğlubiyyət qaçılmazdır, Almaniya kimi komanda Braziliyaya 1:8 uduzmuşdu, dünyanın sonu deyildi. Amma sonradan gəlib dünya çempionu oldular.
- Sentyabrın 5-də U-21 yığmamız Portuqaliyaya qarşı oynayır. Bu matçın start fitindən 15 dəqiqə sonra isə əsas millimiz İslandiya qarşısına çıxacaq. Mavi ekran qarşısında əyləşən izləyicilərə hansı matça baxmalarını məsləhət görərdiniz?
- Azərbaycan harada oynayırsa, ürəyimiz oradadır. Real danışmaq lazımdır, diqqət əsas komandaya olacaq. Amma U-21 yığmamızda oynayanların valideynləri, sevənləri, dostları, yaxınları bizi də izləyəcək. Yəqin ki, gözlərinin önündə televizor, yanlarında bilgisayar olacaq. Biz də çox vaxt elə baxmışıq. Azərbaycan adı varsa, fərqi yoxdur, U-15 yığmasıdır, ya U-16 - hamımızın fəxridiri. Bilirik ki, milli səviyyəsində daha inkişaf etməli, daha çox nəticə qazanmalıyıq. Nikbin baxıram. Sadəcə vaxt lazımdır. Ruhdan düşməməliyik. Birdən-birə heç nə olmur. İldən-ilə dəyişə bilərik. İlk növbədə fikrimizi, yanaşmamızı dəyişməliyik. Bunlar olduqdan sonra, yaxşı da olacaq.
HƏBİB, Gimaraynş